AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ətin qiyməti yenə qalxdı

Ətin qiyməti yenə qalxdı

İqtisadiyyat
12 Oktyabr 2012, 09:06 4954
Son günlər ölkənin bəzi yerlərində ətin qiymətinin artdığı müşahidə olunur. Əvvəllər bir kilosu 8 manata satılan mal əti indi 8 manat 50 qəpik, hətta 9 manata satılır. Satıcılar isə mal ətinin bahalaşmasını bəzi rayonlarda qiymətlərin qaldırılmasıyla əlaqələndirirlər. Bazardakı qiymətlərin bahalaşmasını hətta Dövlət Statistika Komitəsi də təsdiq edir.
Komitənin mətbuata açıqlamasında bildirilir ki, sentyabr ayında ərzaq məhsullarının qiyməti 1,1 faiz bahalaşıb. Qiyməti qalxan ərzaqlar sırasında ət məhsullarını – mal və qoyun ətini, toyuq ətini, təzə balığı və s. xüsusi qeyd etmək lazımdır. Ona görə ki, hər il qış qabağı ətin qiymətinin qalxması artıq adət halını alıb. Qurban bayramının yaxınlaşması da qiymətlərin qalxma prosesini sürətləndirən amillərdədir. Aqrar sahəni araşdıran mütəxəssislər hesab edirlər ki, ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır. Bahalaşmanın daha çox xaricdən gətirilən ərzaq məhsulları hesabına sürətləndiyi bildirilir. Məhsul istehsalçıları ilə satıcılar arasında birbaşa əlaqənin olmaması da qiymət artımına təsir edir. Yəni, məhsullar bazara bir neçə əldən keçərək çatdığından onun qiyməti də artır. Ehtimallar var ki, ölkədə maaş və pensiyaların artırılacağı ilə bağlı xəbərlər bəzi insanları həvəsləndirib və onlar qiymətləri süni şəkildə artırır. Ekspertlər belə halların aradan qalıdırılması üçün tədarük şirkətlərinin yaradılmasını vacib sayırlar. Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, ölkədə mal ətinin bahalaşması üçün heç bir əsas yoxdur. Çünki, ölkədə tələbatdan artıq mal əti istehsal edilir. Məsələn, ötən il ölkədə 300 min tona yaxın ət istehsal edilib ki, bu da tələbatdan çoxdur.

İslahatlara ehtiyac var!

İqtisadçı-ekspert Qubad İbadoğluya görə, ölkədə ət və digər ərzaq qiymətinin artımının qarşısını almaq üçün ilk növbədə monopoliyaya qarşı mübarizəni gücləndirmək lazımdır: “Bu istiqamətdə təkcə inzibati deyil, həm də iqtisadi metodlardan istifadə olunsa, qiymət artımının qarşısını almaq olar. Əks halda qiymətlər gündən-günə bahalaşmaqla xərclərin kifayət qədər artmasına gətirib çıxaracaq. Məsələ burasındadır ki, bunu yalnız fərdi yolla həll edə bilməyəcəyik. Yəni kimisə cəzalandırmaq, kimisə bununla bağlı müəyyən intizama, məsuliyyətə cəlb etmək problemin bütövlükdə həlli deyil. Azərbaycanda qiymətlərin bahalaşmasını şərtləndirən əsas amillərdən biri qiymətlərin diktə edilməsidir. Bu prosesin qarşısını almaq üçün ilk növbədə bir neçə ildir parlamentdə qalan Rəqabət Məcəlləsi qəbul edilməli, inhisarçılığa qarşı müstəqil bir institut yaradılmalıdır. Yəni Antiinhisar Siyasəti Departamentinin müstəqilliyi artırılmalıdır. Eyni zamanda, iqtisadiyyatda neytrallaşdırma, mərkəzsizləşdirmə islahatları sürətləndirilməlidir”.

İqtisadçı bildirdi ki, bu gün qiymətlər daha çox kənd təsərrüfatı istehsalı və emal sənayesi məhsulları, yəni süd və süd məhsulları, meyvə-tərəvəz, ət məhsulları arasında bahalaşıb. Ona görə də kənd təsərrüfatında rəqabətli bazar sistemi yaradılmalıdır: “Ümumiyyətlə, rəqabətin dəstəklənməsində dövlətin əsas funksiyası ondan ibarətdir ki, istehsalçılar, eyni zamanda idxalçılar və xidmət göstərənlər üçün eyni şərtlərlə bərabər fəaliyyət şəraiti yaradılmalıdır. Rəqabətli mühitdə qiymətlərin səviyyəsində durğunluq müşahidə etmək, həm də qiymət artımının qarşısını almaq mümkündür. Bazarda qiymətlərin müəyyənləşdirilməsi, tarazlaşdırılması və süni qiymət artımının qarşısını almaq üçün mütləq rəqabət olmalıdır. Rəqabətin təminatı isə müvafiq metodlarla mümkün deyil. Rəqabət iqtisadi kateqoriya olduğundan onun üçün iqtisadi qanunlara, islahatlara ehtiyac var. Həmin islahatların aparılması üçün müəyyən dövr lazımdır”.

Vəziyyət getdikcə pisləşir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bazarlarda ətin qiymətinin süni şəkildə qaldırıldığını bildirir: “Getdikcə vəziyyət pisləşməyə doğru gedir. Bu da bazarda ət biznesinə hökmranlıq edən qurumların işidir. Onlar qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olmaqla, bəzən bu və digər səviyyədə məmurlardan dəstək alırlar. Onlar bazarda müvəqqəti olaraq defisit yaradır. Ət məhsullarını kiçik partiyalarla, əhalinin tələbatını ödəməyəcək miqdarda buraxırlar. Belə olan halda özləri müdaxilə etmədən qiymətlər də qalxır. Yalnız bundan sonra bazarda məhsul bolluğu yaradılır”.

Bu arada kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin ötən il analoji vəziyyətlə bağlı jurnalistlərə açıqlamasını xatırladaq: “Bu məhsulların qiyməti idxaldan güclü asılılıq zamanı arta bilər ki, bu da bizdə müşahidə olunmur. Bu gün ölkə əhalisinin ətə olan tələbatı ildə 340 min ton təşkil edir. Yəni tələbatın 80-85 faizini daxili istehsal hesabına təmin edirik. Ərzaq təhlükəsizliyi üzrə dövlət proqramında 2015-ci ilədək ətin istehsal həcminin 340 min tonadək artırılması üzrə məqsədlər müəyyənləşdirilib. Kənd təsərrüfatı məhsullarının qiymətlərini süni şəkildə artıran işbazlar barəsində müəyyən tədbirlər görülməlidir. Belə halların qarşısı alınmalıdır. Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirlikləri artıq bu istiqamətdə çalışırlar”.

İşbazlar cəzalandırılacaq!

Həqiqətən də, Azərbaycanda ildən-ilə iri və xırda buynuzlu heyvanların sayında artım müşahidə olunur. Hər il bazarda əvvəlkindən daha çox ət təklif olunur. Bazar qiymətlərinin əsas müəyyənləşdirici faktoru olan tələb-təklif münasibətlərinə görə, belə olarsa, qiymət ucuzlaşmalıdır. Amma biz bunun əksini görürük. Hökumət nə qədər qiymətləri stabil saxlamağa çalışsa da, işbazlar yenə də meydana çıxır.

Xatırladaq ki, prezident İlham Əliyev müntəzəm keçirdiyi müşavirələrdə, eləcə də müxtəlif regionlarda vətəndaşlarla görüşlərində bu mövzuda danışıb və tapşırıqlar verib: “Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. Nə üçün o qiymət qalxmalıdır? Bu şəxslərə qarşı cəza tədbirlərimiz çox güclü və təsirli olacaqdır”. Prezident İlham Əliyev inhisarçılıq hallarına yol verən sahibkarlara da qanuna riayət edilmədiyi halda çox güclü və təsirli cəza mexanizmlərinin işə düşəcəyi barədə xəbərdarlıq edib.

Elgün Mənsimov