• cümə, 26 Aprel, 03:12
  • Baku Bakı 16°C

“Çətin ki, bu il adi həyata dönmək mümkün olsun”

22.06.20 21:36 5187
“Çətin ki, bu il adi həyata dönmək mümkün olsun”
Almaniyada çalışan azərbaycanlı həkim Uğur Ağamalıyev: Hər kəs sosial izolyasiya qadağalarına birmənalı əməl etməlidir, yoxsa nəticələr çox ağır ola bilər

COVİD-19 infeksiyası dünya ölkələrinin bütün düzənini pozub. Koronavirus insanları alışdıqları həyatdan nəinki qoparıb, onları xəstəlik təhlükəsi ilə üz-üzə qoyub, əlavə qayğılar gətirib, problemlərlə yükləyib. Bizim ölkəmizdə virusun yayılmasının qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər aparılsa da, infeksiya ilə mübarizə sonadək səmərə vermir: xəstəlik sayı da, ölüm sayı da hər gün çoxalır. Hətta vəziyyət o dərəcəyə çatıb ki, xəstələr üçün xəstəxanalarda yer tapılmır.
Dünya ölkələri virusa qarşı ÜST-ün tövsiyələrini əsas tutaraq mübarizə aparır, xəstəliyə tam qalib gəlməsələr də, müəyyən uğurlara nail olublar. Məsələn, xəstə sayında kəskin azalmalar müşahidə olunur. Bir sıra ölkələr isə artıq əvvəlki həyatlarına qayıtmaq haqqında düşünürlər. Hamı üçün maska taxılması, social məsafənin gözlənilməsi, özünütəcrid hələlik virusla mübarizədə əsas vasitələrdəndir.
Almaniyanın ən böyük universitet xəstəxanalarından olan Münhen Universitet Xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasının həkimi Uğur Ağamalıyev qəzetimizə müsahibəsində koronavirusla mübarizədə çalışdığı ölkənin təcrübəsini bölüşüb.

- Koronavirus infeksiyası ətrafinda coxlu diskussiyalar, fikirlər var. Biz həqiqətən bu virus haqqında nə bilirik? Nə üçün "yeni" virus deyilir? Nə üçün bu qədər yoluxucudur?
- Əslində coronavirus ailəsi 1960-cı illərdən elmə məlum olan bir virus ailəsidir və indiki pandemiyaya qədər bu virus ailəsi 2002-2003-cü illərdə SARS pandemiyasına və 2012-ci ildə MERC epidemiyasına səbəb olub. Bizim "koronavirus” kimi tanıdığımız SARS-CoV-2 virusu da elmə müəyyən qədər məlum olan bir virus növüdür. Hətta 2007-ci ildə nəşr edilən bir elmi məqalədə Çində yarasalarda belə bir virusun mövcudluğu və nə vaxtsa böyük bir təhlükəyə çevrilə biləcəyi haqda xəbərdarlıq edilir. Bu qədər yoluxucu olmasının səbəbi isə virusun hava-damcı yolu ilə yayılmasıdır. Hətta bəzi tədqiqatçıların fikrinə görə, virus sadəcə öskürmə zamanı deyil, normal danışıq zamanı da yayıla bilir. Virusun cisimlərin səthində nə qədər qalması və patogenliyini saxlaması haqda isə hələ ki dəqiq bir elmi məlumat yoxdur.
- Hazırda dünya virusa qarşı necə mübarizə aparır? Mübarizənin Almaniya modeli uğurludurmu? Hazırda ölkədə vəziyyət necədir?
- Bildiyimiz kimi, Covid-19 xəstəliyindən ölənlərin sayı digər ölkələrlə müqayisədə Almaniyada çox aşağı dərəcədədir. Hal-hazırda infeksiyaya yeni yoluxanların sayı da Almaniyada günü-gündən azalmaqdadır. Artıq Almaniyada məktəblər, restoranlar normal fəaliyyətinə geri dönüblər. Ancaq buna baxmayaraq, burada hələ ki ikinci dalğa müşahidə edilmir. Ona görə də, düşünürəm ki, Almaniya modelini uğurlu hesab etmək olar. Bu modeli qısa şəkildə təxminən belə ifadə etmək olar ki, pandemiyanın başlanğıc mərhələsində sosial izolyasiya ilə bağlı mümkün qədər sərt addımlar atılmalıdır. Və eyni zamanda mümkün qədər çox insan Covid-19-a görə yoxlanılmalıdır ki, hətta xəstəliyi simptomsuz keçirən insanlara belə, diaqnoz qoyulub vaxtında izolyasiya və müalicə etmək mümkün olsun.
- İnfeksiya yeni yayılmağa başlayanda, deyilirdi ki, yaşlı adamlar üçün daha təhlükəlidir. Hazırda virus demək olar ki, yaş tanımır - hətta yeni doğulan körpə də yoluxa bilir. Bu amillər virus haqqında məlumatsızlıqdan irəli gələ bilər, yoxsa arealı daha da genişləndiyi üçündür?
- Açığı bu fikirlə razı deyiləm. Çünki hələ də xəstəliyə yoluxanların və ağır keçirənlərin əksəriyyətini yaşlı və ya yanaşı xəstəliyi olan xəstələr təşkil edir. Gənc yaşda Covid-19 səbəbindən dünyasını dəyişən xəstələr haqda da məlumatlar var. Ancaq həmin insanlarda əksər hallarda immun sistemini zəiflətmiş yanaşı xəstəliklər də mövcuddur. Öz çalışdığım universitet xəstəxanasındakı müşahidəmə əsasən deyə bilərəm ki, xəstələrin ölüm səbəbi ağciyər çatışmazlığı və onun əsasında yaranan böyrək, ürək çatışmazlığı kimi patologiyalardır.
- Fikirlər var ki, kişilər xəstəliyi daha ağır keçirir. Həqiqət varmı, bu fikirlərdə?
- Bu ilin fevral ayında nəşr edilmiş bir elmi tədqiqat zamanı yoxlanılmış xəstələrin 58%-ini kişilər, 42% faizini isə qadınlar təşkil edib. Ancaq bunun səbəbləri haqda vahid bir fikir yoxdur. Bir nəzəriyyəyə əsasən, SARS-Covid-19 virusu orqanizmə daxil olmaq üçün Angeotensin Converting Enzyme 2 (ACE2) fermentini reseptor kimi istifadə edir. Ürək-damar xəstəliyi olan insanlarda bu fermentin miqdarı yüksək olur. Dolayısı ilə də düşünülür ki, bu xəstələrin daha çox ACE2 reseptoru olduğu üçün, Covid-19 xəstəliyini də daha ağır keçirirlər. Mənim fikrimcə, bu nəzəriyyədən yola çıxaraq belə nəticəyə gəlmək olar ki, kişilərdə ürək-damar xəstəlikləri çox olduğundan və dolayısı ilə həmin reseptorun miqdarı qadınlarla müqayisədə daha çox olduğundan, kişilər bu xəstəliyi nisbətən ağır keçirə bilərlər.
- "Pandemiyadan sonra daha əvvəlki həyat olmayacaq” - deyə insanları təşvişə salan fikirlər də səslənir. Bunların necə, əsası varmı? Koronavirusu, az qala atom bombası təhlükəsi ilə eyniləşdirmək nə qədər doğrudur?
- Əslində doğrudan da, bu pandemiya həyatımızda müəyyən izlər qoyacaq. Ümumi götürdükdə, artıq birbaşa kontakt olmadan da təhsilin, alqı-satqının mümkün olduğunun şahidi olduq. Və bu, pandemiyadan sonrakı dövrə təbii ki, böyük təsir edəcək. Ancaq fikrimcə, biz bu virusla müəyyən müddət yaşamağa öyrəşəcəyik. Peyvənd tapıldıqdan sonra isə standart şəkildə digər peyvəndlərlə birlikdə həyata keçiriləcək.
- Sizcə, hazırda xəstəliklə mübarizədə yeganə yol vaksin tapılana qədər sosial əlaqələrin məhdudlaşdırılmasıdır?
- Xeyr. Almaniya modelini uğurlu model hesab etsək, o zaman sadəcə xəstəliyin qızğın olduğu və ya qızğınlaşacağı dövrlərdə sosial izolyasiya ilə bağlı ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki bizim ölkəmizdə son vaxtlarda yeni yoluxmaların sayı artmaqda davam edir, hər kəs bu sosial izolyasiya qadağalarına birmənalı şəkildə əməl etməlidir. Əks halda, bu çox ağır nəticələrə gətirib çıxara bilər.
- Necə bilirsiniz, insanlara adi həyatlarına dönmək üçün nə qədər zaman lazım ola bilər?
- Adi həyata dönmək, çətin ki, bu il mümkün olsun. Bunun da ən əsas sosial səbəbləri mövcuddur. Çünki, misal üçün, Almaniyada yaşlılar əksər hallarda övladlarından ayrı, yalnız yaşayırlar. Azərbaycanda isə bunun əksinə, yaşlı insanlar övladları ilə birlikdə bir evdə yaşayırlar. Dolayısı ilə, qadağaların yumşaldılması Almaniyada ikinci dalğaya gətirib çıxarmadı. Çünki yenidən işləməyə başlayan gənc və orta yaşlı qisim onsuz da çox hallarda xəstəliyi simptomsuz və ya yüngül keçirir. Ən önəmlisi, yaşlı valideynləri və ya digər yaxınları ilə çox az kontaktda olurlar. Ancaq Azərbaycanda uşaq, gənc və orta nəsil yaşlılarla demək olar ki, daimi kontaktdadırlar. Bunun nəticəsində yaşlıların və ya müəyyən xəstəlikləri olanların virusla təması Almaniya ilə müqayisədə daha çox hallarda baş verə bilir. Ona görə Almaniyada və ya başqa hansısa Avropa ölkəsindəki tendensiyanı birbaşa Azərbaycana şamil etmək olmaz. Bu sosial fərqi nəzərə alaraq, biz gedişatdan asılı olmayaraq, daha ehtiyatlı davranmalıyıq.

Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər