AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Etibarnamələrin etibarsız ünvanı... araşdırma

Etibarnamələrin etibarsız ünvanı... araşdırma

İqtisadiyyat
28 Fevral 2013, 10:22 2884
Əslində notariuslardan yazmaq çoxdan planımda var idi. Təxminən bir neçə ay əvvəl atam mənə etibarnamə verəndə diqqətimi çəkmişdi ki, burda bir qanunsuzluq var. Yasamal rayonunda fəaliyyət göstərən notariat kontorlarının birində atamdan nə az, nə çox 20 manat pul almışdılar. 1 ay əvvəl isə bank hesabı açmaq üçün imza nümunəsi və VÖEN surəti təsdiqlədən zaman Nizami rayonu ərazisində fəaliyyət göstərən notariat kontorlarından birində məndən imza nümunəsi üçün 10, VÖEN-in surətinin təsdiqlənməsi üçün isə 5 manat alındı. Bunların heç biri üçün ödəniş qəbzinin təqdim olunmaması təbii ki, bizdə şübhələrin yaranmasına səbəb oldu.

Araşdırmalarımız zamanı isə məlum oldu ki, qeyd edilən fəaliyyətlərin hər biri üçün dövlət rüsumu müəyyənləşdirilib. Həm də bizdən alınandan bir neçə dəfə aşağı məbləğdə. Belə ki, Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələrini müəyyənləşdirən qaydaların 10.12-ci bəndinə (“Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün”) əsasən etibarnamə birinci dərəcəli qohumlara (ərə, arvada, uşaqlara, ata-anaya, qardaş-bacıya, nənə-babaya, nəvəyə) verilirsə bu zaman vətəndaşdan alınmalı olan dövlət rüsumunun qiyməti 5 manatdır. Yuxarıda qeyd etdiyimiz kimi, bizdən bunun üçün 20 manat alınmışdı, bu isə rəsmi rüsumdan 4 dəfə artıq pul deməkdir. Həmin qaydaların 10.17-ci bəndində (sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün) göstərilən xidmət üçün 2 manat, qaydaların 10.18-ci bəndində (sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün) göstərilən xidmət üçün isə 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat dövlət rüsumu müəyyənləşib. Rəqəmlərdən məlum olur ki, imza nümunəsi üçün bizdən alınan məbləğ dövlət rüsumundan 5 dəfə, VÖEN-in surətinin təsdiqi üçün alınan məbləğ isə 2 manat artıqdır. Qeyd edək ki, VÖEN-in hər iki tərəfi təsdiqlənir, bu isə əlavə 1 manat, ümumilikdə 3 manat deməkdir. Göründüyü kimi, notariat kontorlarında vətəndaşlardan dövlət rüsumundan bəzən dəfələrlə artıq pul alınır və elə bu səbəbdən də onlara heç bir qəbz verilmir.

Vətəndaşlarda da günah var

Adının çəkilməsini istəməyən notarius işçilərindən biri deyir ki, adətən bu barədə etirazını bildirən vətəndaşlara tələb edilən artıq pulun əlavə xidmət haqqı olduğunu deyirlər: “Onların çox bu sözü eşidəndə sakitcə razılaşırlar, daha qayıdıb maraqlanan olmur ki, bəs dövlət rüsumu nə üçündür. Halbuki “Notariat haqqında“ qanunda nəzərdə tutulur ki, adıçəkilən qurumlarda əhaliyə göstərilən xidmətə görə ancaq rusum alınmalıdır. Yəni vətəndaşın müraciəti əsasında aparılan notariat hərəkətləri üçün xidmət haqqı rüsum daxilində nəzərdə tutulur. Lakin notariat kontorlarında əhalidən bank xərci, makina xərci kimi əlavə pul tələb olunur”.

Qeyd edək ki, notariat hərəkətləri ilə bağlı əlavə xidmət haqqı o halda tutula bilər ki, proses müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilsin. Müvafiq qanunvericiliyə əsasən, bu haqq rüsumun 15 faizini əhatə edir. Məsələn, müştəri dövlət rüsumu 5 manat olan etibarnamənin surətini dəyişdirmək istəyirsə əlavə xidmət haqqı kimi 75 qəpik pul ödəməlidir. Amma reallıq göstərir ki, hazırda əksər notariat kontorlarında 5 manatlıq dövlət rüsumu olan etibarnamənin təsdiqi üçün 10 manat alırlar. Elə yer var bu, 15, eləsi də var 20 manatdır. Nə qədər absurd da olsa, qiymətlər notariat kontorunun yerləşdiyi ünvandan asılıdır. Yəni əgər notariat kontoru şəhərin mərkəzində yerləşirsə, rüsumdan əlavə aldıqları, özlərinin dili ilə desək, “xidmət haqqı” daha yüksək olur. Şəhərin mərkəzdən kənar ərazilərində fəaliyyət göstərən notariat kontorlarında isə bu “xidmət haqqı” bir qədər ucuzdur.

Həmsöhbət olduğumuz notarius işçisi deyir ki, mövcud situasiyanın yaranmasında vətəndaşların öz hüquqlarını, görmək istədikləri işlər üzrə xidmətlərin rüsumlarını bilməməkləri həlledici rol oynayır: “Notariusa gəlib-gedənlərin içərisində çox az sayda insan bizdən qəbz istəyir, yaxud da göstərdiyimiz xidmətlərin rüsumlarını deyib haqqını tələb edə bilir. Notariat kontorunda əlavə pul ödəmək istəməyən vətəndaş rüsumların və əlavə xidmət haqqının məbləği barədə məlumatlı olmalıdır və haqqını müdafiə etməyə çalışmalıdır. Bizdə isə vətəndaşlar bu barədə məlumatsız olduqlarından mübahisəli situasiyalarda qərar verə bilmirlər. Digər tərəfdən, tənbəllik ucbatından notariat kontorundan 200 metr aralıda yerləşən banka rüsum ödəməyən vətəndaşdan sözügedən qurumda 15-20 manat tutulması həmin şəxsin günahıdır. Nədənsə, bizdə insanlar yeri gəldi-gəlmədi harasa tələsirlər. Hətta bunun üçün əlavə pul ödəməyə də hazırdırlar”.

ASAN Xidmət Mərkəzində də xidmət haqqı alınır

Maraqlıdır ki, yeni yaradılmış ASAN xidmət mərkəzində də notarial xidmətlərin rüsumu ilə bağlı anlaşılmazlıq var. 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi”ndə fəaliyyət göstərən notariat kontoru ilə əlaqə saxlayıb imza nümunəsi və VÖEN surəti təsdiqlətmək istədiyimizi bildirdik. Ədalət naminə qeyd etməliyik ki, imza nümunəsi üçün dövlət rüsumu olduğu kimi – 2 manat deyildi. Lakin VÖEN surətinin təsdiqi üçün bizdən 5 manat alınacağını bildirdilər. Mərkəzin saytında dövlət rüsumunun o qədər göstərilmədiyini notarius əməkdaşının diqqətinə çatdırdıqda bildirdi ki, orada əlavə xidmət haqqı da göstərilib. Reallıqda da bu belədir, mərkəzin saytında göstərilir ki, dövlət rüsumu 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0.5 manat, xidmətə görə tutulan haqq - 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0.5 manatdır. Qanunla notariat kontorlarında xidmət haqqının olmadığını mərkəz əməkdaşının diqqətinə çatdırdıqda isə bizə ofisə yaxınlaşdıqda girişdəki cədvəllə tanış olmağı məsləhət gördü.

Bəs qanun nə deyir? “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 29-cu maddəsində (“Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq”) göstərilir ki, dövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar. Göründüyü kimi, mötərizədə sadalanan xidmətlər arasında sənədlərin surətlərinin çıxarılması əksini tapmayıb. Belə olan halda, notariat kontorlarında xidmət haqqı adı altında alınan əlavə vəsaitlərin izahı aydındır.

Qeyd edək ki, hazırda Azərbaycanda 103 dövlət notariat kontoru və 55 xüsusi notariusun çalışdığı 49 notariat kontoru fəaliyyət göstərir ki, bunlardan da 53-ü Bakıda yerləşir. Statistikaya görə, Bakı şəhərində yerləşən bir notariat kontoruna gün ərzində orta hesabla 300-500 sayda insan müraciət edir.

Həbibə ABDULLA