• çərşənbə axşamı, 16 aprel, 14:37
  • Baku Bakı 19°C

Ət yeyək, yeməyək?

04.09.13 11:39 1978
Ət yeyək, yeməyək?
Son zamanlar əsasən aran rayonlarında iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik əhalini narahat etməyə başlayıb. Belə ki, sürətlə yayılan virus nəticəsində minlərlə heyvan xəstəliyə tutularaq sahibkarları və istehlakçıları təşvişə salıb.
Məsələ ilə bağlı bundan bir neçə gün öncə mətbuat konfransı keçirən Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bu xəstəliyə insanların yoluxma təhlükəsinin olmadığını açıqlayıb. Onun sözlərinə görə, hətta xəstə heyvanların məhsulları da insanlar üçün təhlükəsizdir. Lakin bu fikirlər insanların tərəddüdlərinə son qoymayıb.
200 min heyvan xəstəliyə tutulub
Məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dövlət Baytarlıq xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qəzetimizə açıqlamasında heyvanlar arasında yayılan virusla bağlı məlumat verdi: “Bu xəstəlik bunyavirus ailəsinə məxsusdur və Akabane, Şamonda, Ainaviruslarının qarışığından yaranıb. Son zamanlar əsasən aran zonasında aşkarlanıb və 37 rayonda yayılmağa başlayıb. Heyvanlarda qanın qatılaşması, ön və arxa ətrafların hərəkətdən qalması, ağızdan və burun deşiklərindən müəyyən ifrazatların axması, gözdən yaşabənzər seliyin axması kimi əlamətlərlə özünü büruzə verir. Xəstəlik temperatura davamsızdır, müalicəsi isə mümkündür. 2-3 gün müalicə aparıldıqdan sonra heyvanın hərəkəti, qidalanması, təbii fəaliyyətləri öz qaydasına düşərək sağalır və 1 aydan sonra məhsuldarlığı tam şəkildə bərpa olunur”. Mətbuat xidmətinin rəhbəri bizimlə söhbətində xəstəliyin dinamikasında enmə müşahidə olduğunu bildirdi: “Qısa müddət ərzində 200 min başdan artıq heyvan bu xəstəliyə tutulmuşdu və artıq bu heyvanlar arasında müalicə işləri aparılaraq xəstə heyvan sayı 3000-4500-ə endirilib. Onların da sağalması istiqamətində mühüm addımlar atılır”.
Sağlam əti hardan alaq?
Xəstəliyin yalnız ağcaqanadlar, gənələr, mığmığalar vasitəsilə heyvanlara keçdiyini deyən Y.Xanvəli, insanlar üçün bu virusun təhlükə yaratmadığını, amma buna baxmayaraq xəstə heyvan ətlərinin satışına icazə verilmədiyini bildirdi: “Ölkədə 107 baytarlıq laboratoriyası fəaliyyət göstərir. Baytarlıq nəzarətində olan obyektlərin heç birində bu ətlərin satışına və ticarətinə imkan verilmir. Bu gün də həmin nəzarət ardıcıl olaraq davam etdirilir. Əhalidən də xahiş edirik ki, baytarlıq sanitariya xidmətinin nəzarət etdiyi obyektlərdən ət və ət məhsullarını alsınlar. Digər ərazilərə görə isə cavab vermək çətin məsələdir”.
Yavan çörək yeyin, amma ət yeməyin
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın “hətta xəstə heyvanların da ətini yemək insanlar üçün təhlükəsizdir” fikri ilə razı olmadığını bildirdi: “Dövlət Baytarlıq Xidməti bu sahədə mühüm işlər görür. Lakin Siyalə xanımın mətbuatda “bu ətlərin heç bir təhlükəsi yoxdur, yeyin” kimi fikirlərini baytarlıq xidmətinin çox böyük səhvi adlandırıram. Çünki xəstə heyvanın ətinin insana ziyan olmaması fikri ilə razı deyiləm. Xəstələnmiş heyvanın ətini hansı temperaturda olursa-olsun, qətiyyən yemək olmaz. İnsanlar yavan çörək yesinlər, amma o əti yeməsinlər. Hökumət orqanının belə bir mesaj verməsi çox böyük yanlışlıqdır. İnsandan insana fərq var. İnsan var ki, onun orqanizmi o qədər həssas deyil. İnsan da var ki, imuniteti çox zəifdir. Ona kiçik bir virus da təsir edə bilər”.
Kənd təsərrüfatı üzrə mütəxəsis Vahid Məhərrəmov da xəstəliyin insanlar üçün təhlükə törətdiyi qənaətindədir. Belə ki, mütəxəssis “Bizim Yol” qəzetinə verdiyi açıqlamada bunyavirus xəstəliyinin 2009-2011-ci illərdə Çinin Xubey, Xenan vilayətlərində 171 insan arasında yayıldığını bildirib. Onun sözlərinə görə, bu xəstəliyə tutulan insanlardan 36-sı dünyasını dəyişib. Virus insanlara məhz xəstələnmiş heyvanlardan keçib.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər