• çərşənbə axşamı, 23 aprel, 13:41
  • Baku Bakı 24°C

“Əsrin müqaviləsi”nin uzadılması bəzi suallara son qoyur

08.09.17 09:45 2767
“Əsrin müqaviləsi”nin uzadılması bəzi suallara son qoyur
Sentyabrın 6-da Bakı Gəmiqayırma zavodunda "Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən "Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxış edən prezident İlham Əliyev bir neçə gündən sonra "Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə yeni kontraktın imzalanmasının nəzərdə tutulduğunu bəyan edib: "Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. 1994-cü ildə «Əsrin kontraktı» imzalananda bizi istəməyən bəzi qüvvələr həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur. Deyirdilər ki, "Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz "Azəri-Çıraq-Günəşli”-dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlayıb. 20 ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər "Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin böyük enerji potensialı var”.

Bəs görəsən müqavilənin uzun müddətə uzadılması Azərbaycana hansı perspektivləri vəd edir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə açıqlamasında bildirdi ki,müqavilənin müddətinin uzun müddətə uzadılması ilə Azərbaycan Xəzərdəki ən böyük neft yataqları blokundan stabil olaraq öz neft hasilatını çıxarmaqda davam edəcək: "Digər tərəfdən "Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə kimi cəmi 434 milyon ton neft hasil edilib. Amma orada ümumi ehtiyatlar təqribən 1 milyard tondur. Bu isə o deməkdir ki, ehtiyatların yarıdan çoxu hələlik hasil edilməyib. Düzdür, neftin pik həddi arxada qalıb. 2010-cu ildən bəri hasilatda azalmalar başlayıb. Artıq 1997-ci ildən bəri faktiki olaraq 20 ilə yaxındır ki, orada hasilat gedir. Növbəti mərhələdə bundan sonrakı 30 ildə də hasilatın davam etdirilməsi planlaşdırılır. Bu müddətdə əvvəlki illərdə hasil edilmiş neftdən daha çox neftin çıxarılması gözlənilir. İndi bu yataq yaşlanıb və daha çox qulluq tələb edir. Bunun üçün isə müxtəlif müasir texnologiyalara ehtiyac var. Azərbaycan tərəfi növbəti mərhələdə də əvvəllər həmin yataqda işlədiyi şirkətlərlə fəaliyyəti davam etdirməyi qərara alıb. Bu çox düzgün addımdır. Çünki şirkətlər bu ölkəni artıq yaxşı tanıyırlar. Bu ərazini onlar özlərinə doğma hesab etməklə yanaşı, həm geoloji, həm iqtisadi, həm də siyasi baxımdan da tam öyrəniblər. Bundan sonra həmin şirkətlərə burada işləmək kommersiya baxımından rahatdır. İndi biz daha sərfəli şərtlər çərçivəsində öz əməkdaşlığımızı irəli sürürük. Yeni müqavilə çərçivəsində Azərbaycan bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu ortaya qoyub. Onun tərəfdaşları da götür-qoy etdikdən sonra buna razı oldular. Çünki qeyd etdiyim kimi, Azərbaycanda bütün infrastruktur artıq hazırdır və kadrlarla işləməyə ehtiyac yoxdur. Yerli kadrların 85 faizə qədəri bütün mürəkkəb işləri görməyə hazırdır. Ona görə də bu şəraitdə şirkətlər üçün işləmək daha rahatdır. Bizim üçün əlverişli olan odur ki, əldə olan imkanlarımızdan daha yaxşı istifadə edə biləcəyik. Xarici şirkətlər isə əlavə investisiya qoymaq şərti ilə uzunmüddətli qazanc əldə edə biləcəklər”.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, əsrin müqaviləsinin növbəti mərhələ üçün uzadılması məsələsi uzun müddət idi ki, Azərbaycan və beynəlxalq korporasiyalar arasında müzakirə edilirdi: "Müqavilənin uzadılması ilə Azərbaycanın "Əsrin müqaviləsi” çərçivəsində tərəfdaşlıq etdiyi neft şirkətlərinin ölkənin neft sektoruna yatırdığı investisiyanın həcmi artacaq. İnvestisiya həcminin artırılması isə dərinlikdə olan neftin hasil edilməsini asanlaşdıracaq. Çünki dənizdə olan neftin hasil edilməsi prosesi daha bahalı prosesdir və iri həcmli investisiyalar tələb edir. Son illərdə Azərbaycanın yerin üst yataqlarındakı neft ehtiyatının azalması artıq dərinlikdə olan neftin hasilatını gündəmə gətirib. Belə bir şəraitdə ilk olaraq investisiya axını mühüm məqamlardan biridir. Müqavilənin uzadılmasından sonra şirkətlər arxayın şəkildə ölkəmizə investisiya yatıracaqlar. Çünki onlar "Əsrin müqaviləsi” bitdikdən sonra nəyin baş verəcəyini bilmədiyi üçün biznes kommersiya subyekti olaraq haqlı narahatlıqlar keçirirdilər. Müqavilənin uzadılması ilə bu narahatlıqlar da aradan qalxmış olacaq. Müqavilənin uzadılması digər bir məqamı da gündəmə gətirir. Belə ki, Azərbaycanda neft hasilatının səviyyəsinin gözlənildiyi qədər də azalmaması və yaxud tam tükənməməsi haqda narahatlıqlara son qoydu. Çünki hazırda ictimaiyyətin ən böyük narahatlığından biri də neft hasilatının azalması və bu azalmanın hara qədər davam edəcəyi məsələsi idi. Hətta verilən bəzi proqnozlarda 2025-ci ildə Azərbaycanın neft hasilatının təxminən 2000-2001-ci illər səviyyəsinə qədər azalması ehtimal edilirdi. Lakin müqavilənin uzadılması və beynəlxalq enerji şirkətlərinin prosesdə aktivliyi bir daha onu göstərir ki, hələlik bizim bildiyimiz və bilmədiyimiz enerji resursları var və bu resurslardan növbəti dövrlərdə də istifadə edilərək ölkə iqtisadiyyatını canlandırmaq və ictimai gəlirləri təmin etmək olar”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər