• cümə axşamı, 28 mart, 19:14
  • Baku Bakı 13°C

Əsl meyvə-tərəvəz keçmişdə qaldı?

10.09.13 11:44 3266
Əsl meyvə-tərəvəz keçmişdə qaldı?
"Bu il nə qədər axtardım, təmiz yerli pomidor tapıb yeyə bilmədim. Satışda olanların hamısı genetik məhsullardır: içərisi ağ, qabığı qalın, özü də dadsız. Keçmişdə yediyimiz içi qıpqırmızı, dadından doyulmayan pomidorları bir də nə vaxtsa görəcəyimizə artıq ümid də etmirəm...” Bunu redaktorumuz Məğrur Əli Polad deyir. O, Nazirlər Kabineti tərəfindən genetik toxumların ölkəyə gətirilməsinə qoyulan qadağanı xatırladaraq "maraqlıdır, bəs əvvəldən gətirilmiş, artıq ölkədə geniş yayılmış toxumların kökünü necə kəsəcəklər” deyə sual edir.
Xatırladaq ki, Nazirlər Kabineti bir müddət öncə "Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə Qaydasının təsdiq edilməsi haqqında” qərarını ləğv edib. Bununla da Azərbaycana gen mühəndisliyi əsasında alınmış toxumların gətirilməsinə birmənalı qadağa qoyulub. Buna müvafiq olaraq, Nazirlər Kabinetinin digər qərarlarında da ölkəyə idxal edilən toxum, gübrə və damazlıq heyvanların genetik modifikasiya olunmamış olması şərt kimi əlavə edilib. Həmçinin, sözügedən qərara əsasən, yalnız genləşdirilməmiş buğda toxumundan istifadə edən fermerlərə dövlət yardımı ediləcək. Bu dəyişiklik nə vəd edir?
Alimlərin hesablamalarına əsasən, son 100 ildə dünyada becərilən bitki sortlarının təqribən 75%-i itib. Bu isə kənd təsərrüfatının gələcək inkişafı və davamlılığı üçün arzuolunmaz nəticələr törədə bilər. Bunun qarşısının alınması üçün alimlər, elm mərkəzləri tərəfindən müxtəlif kənd təsərrüfatı bitkilərinin ən vacib növləri, sort və formaları toplanaraq genetik bank adlanan mərkəzlərdə elmi cəhətdən əsaslandırılmış şəraitdə kolleksiyalar kimi saxlanılır. Dünyada 1480-ə yaxın genetik bank mövcuddur və onlarda kənd təsərrüfatı bitkilərinin təqribən 5,8 milyon nümunəsi toplanıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, bu gün beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin imkanlarının səfərbər edilməsi yolu ilə mədəni bitkilərin və onların yabanı əcdadlarının elmi cəhətdən əsaslandırılmış etibarlı mühafizəsi və səmərəli istifadəsinin təmin olunması üçün beynəlxalq normativ-hüquqi baza, müqavilə və sazişlər sistemi yaradılıb: "Burada ilk növbədə BMT səviyyəsində hazırlanaraq dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş bir sıra sənədləri – Bioloji Müxtəlifliyə dair Konvensiyanı, Bitkilərin Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planını, Bitkilərin genetik ehtiyatlarının yığılması və ötürülməsi üzrə Beynəlxalq Kodeksi, Bioloji Təhlükəsizliyə dair Kartaxena Protokolunu, Bitkilərin Yeni Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı və s. göstərmək olar. Bu konvensiyaların bir çoxuna Azərbaycan dövləti də qoşulub. Təbii-tarixi şəraitin müxtəlifliyinə görə bitkilər aləminin çox böyük genetik zənginliyinə və bir neçə minilliyi əhatə edən əkinçilik mədəniyyətinə malik olan Azərbaycanda da mədəni bitkilərin genetik ehtiyatları ilə bağlı problemlər olduqca aktualdır”.
Komitə sədrinin fikrincə, ən acınacaqlı cəhət ondan ibarətdir ki, bu gün Azərbaycanın kənd təsərrüfatına, bitki seleksiyasına, ümumiyyətlə, aqrosistemə gen mühəndisliyinin təsiri getdikcə artmaqdadır: "Sirr deyil ki, ölkəyə genetik modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsulları ilə yanaşı, geni dəyişdirilmiş bitki sortlarının toxumları, tingləri də gətirilir. Halbuki 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş "Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsində genetik modifikasiya olunmuş bitkilərin toxumlarının idxalı qadağan edilib. Digər tərəfdən, 2008-ci ildə qəbul edilmiş "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun 6.0.5-ci, 16.9-cu və 18.4-cü maddələrində genetik modifikasiya olunmuş orqanizmlərdən istifadənin məhdudlaşdırılmasına dair müddəalar öz əksini tapıb”.
Ölkədə genetik ehtiyatlarla bağlı yaranmış təhlükəli vəziyyətin qarşısını almaq üçün hələ 1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində akademik Cəlal Əliyevin rəhbərliyi ilə Bitki genetik ehtiyatları komissiyası və Milli əlaqələndirmə şurası yaradılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsində və Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti strukturlarında bioloji müxtəlifliyin toplanması, qorunması, səmərəli istifadə olunması istiqamətində tədqiqat işlərinin aparılması qərara alınıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Bioloji müxtəlifliyin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsinə dair dövlət komissiyası yaradılıb. 2006-cı ildə Biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair milli strategiya və fəaliyyət planı hazırlanıb və prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev dedi ki, XXI əsr genlərin mübadiləsi əsri adlanır. Nazirlik rəsmisinin sözlərinə görə, bu proses bütün dünyada gedir və onun içərisində biz də varıq: "Bir sıra ölkələrdə biotexnoloji mərkəzlər yaradılır, genlərin dəyişdirilməsi prosesi gedir. Xüsusilə Amerika Birləşmiş Ştatları Afrika və Asiya ölkələrinə geni dəyişdirilmiş məhsullar verir. Onun bəzi elementləri də, çox təəssüf ki, gəlib bizə çıxır. Ölkəmizdə elmin, toxumçuluğun inkişafına böyük şərait yaratmalıyıq ki, bizə kənardan toxumlar gəlməsin.
1997-ci ildə bizdə "Toxumçuluq haqqında” Qanun qəbul olunub. O qanunda bu müddəalar öz əksini tapıb. Amma təəssüf ki, bizdə geni dəyişmiş orqanizmi təyin edən laboratoriya yoxdur. Müxtəlif nazirliklərdə bəzi laboratoriyalar olsa da, bunlar birtərəflidir və o qədər də məqsədəuyğun deyil. Ona görə də Azərbaycanda vahid dövlət nəzarəti institutu yaradılmalıdır. Xaricdən gələn və ölkə daxilində istehsal olunan məhsulların hamısı oradan keçməlidir. Qardaş Türkiyədə məhz belədir. Bizdə isə bu cür laboratoriya olmadığına görə, gen dəyişikliklərinə uğramış məhsullara nəzarət sistemi çox zəifdir. Ona görə də hər cür hadisələr baş verə bilər”.
Ə.Musayevin sözlərinə görə, bu gün kim istəsə, dünyanın istənilən yerindən ölkəyə cibində toxum gətirə bilir: "Çoxları son vaxtlar üzüm əkirlər. Çox təəssüf ki, bu zaman xaricdən gətirilmiş, rayonlaşdırılmamış sortlardan ibarət üzüm bağları salınır. Halbuki bizim gözəl üzüm sortları var. Əlbəttə, belə hallar təəssüf doğurur. Azərbaycanda mütləq laboratoriya qurulmalı, Biotexnoloji mərkəz, Histologiya İnstitutu yaranmalıdır”.
Nazirlik rəsmisi qeyd etdi ki, bəzi ölkələrdə hətta başqasına xələl yetirmək üçün bioterrorizm deyilən hallar mövcuddur: "Bunu da nəzərə almaq lazımdır ki, genləri dəyişdirilmiş bitkilərlə insanları pis vəziyyətə salmaq olar. Ona görə biz belə təhlükələrdən mümkün qədər sığortalanmalıyıq”.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, GMO-lu bitki və heyvanlar geniş yayılıb və inkişaf etmiş ölkələrdə də kifayət qədər istifadə edilir: "Azərbaycanda GMO-lu məhsulların gətirilməsinə cərimələrin tətbiq olunması və belə qanun layihələrinin təklif olunması bundan xəbər verir ki, bu məsələ ilə məşğul olan deputatlarımız və məmurlarımız kifayət qədər informasiyalı deyil. Onlar öz üzərlərində işləmirlər. Əsassız məlumatlara əsaslanaraq belə qanunlar qəbul edirlər”. Ekspert GMO-ların zərərli olduğunu göstərən heç bir dəlilin tapılmadığını vurğulayır:
"Xatırlayırsınızsa Avropa İttifaqı ABŞ-ın "Monsanto” şirkətinin GMO-lu məhsullar istehsal edərək insanları zəhərlədiyini iddia etmiş və məhkəməyə müraciət etmişdi. Ancaq nəticə o oldu ki, GMO-nun zərərli olduğunu sübut edən heç bir dəlil ortaya qoya bilmədilər. Artıq bu fikirlər keçmişdə qalıb. Dünyada da, Azərbaycanda da GMO-lu məhsullar var və olacaq. Hətta istifadə etdiyimiz kartofun 99%-i GMO-lu tərkibə malikdir”.
Deməli, əlvida, dadlı pomidor, şirin kartof, ətirli xiyar...
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər