AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Eşitdiyim mahnıların içərisində bircə dənə də səviyyəlisi yoxdur”

“Eşitdiyim mahnıların içərisində bircə dənə də səviyyəlisi yoxdur”

Mədəniyyət
07 Noyabr 2012, 13:14 1742
“Bəstəkar iki dəfə şücaət göstərir – bir dəfə əsəri yazanda, bir dəfə də yazmayanda. Onu gərək biləsən – indi yazmaq olmaz, əlim zəifləyib. Əgər sən bunu bilməsən, işin ağır ola bilər. Çox təəssüf ki, bunu bəziləri bilmir. Yazmağa davam edirlər, əsər də zəif olur. Bəziləri Cüzeppe Verdi kimi lap qocalana kimi yaza bilir. Ancaq bu, nadir hallarda olur”. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Aqşin Əlizadə xəstəliyin çox ideyalarının gerçəkləşməsinə mane olduğunu deyir.

Bəstəkarı tərifləmək nə deməkdir?

- Bəstəkar üçün xəstələnmək nə deməkdir?
- Mən xəstələnəndə yadıma başqa bəstəkarların xəstəlikləri düşür. Tanıdığım, bildiyim, eşitdiyim, ən böyük bəstəkarların çoxu xəstə olub, özü də gənc yaşlarında. Mən özümü onlarla müqayisə etmək istəmirəm. Çoxu bilmir, amma Üzeyir bəy xəstə olub. Bizim müəllimimiz danışırdı ki, o, elə xəstə olub ki, ön qapıdan keçəndə necə nəfəs almasının səsi eşidilirmiş. Qara Qarayev də çox xəstə idi. Mən özüm bunu görürdüm. O, 55 yaşından sonra ağır xəstə oldu. Tarixə baxanda Şopen, Motsart, Şuman da çox ağır xəstə olublar. Mənim xəstəliyim isə çox yersiz oldu. Əgər təzədən yazmağa başlasaydım, başqa fikirlərim vardı. Heyfsilənirəm ki, onlara əlim çatmadı. Hətta bəzi əsərlər ümumi şəkildə beynimdə hazırdır. İndi mənə elə gəlir yazardım, bəlkə də beynim yorulub, yaza bilməzdim. Amma liberetto, mövzu kimi ağlımda var. Ona heyfsilənirəm ki, xəstəlik bunları həyata keçirməyə imkan vermədi. Ümumiyyətlə, bəstəkar prosesləri özü hiss etməlidir. Mən bunu çoxdan hiss etmişəm. İndi məndən tez-tez soruşurlar: «Nə yazırsan?». Onlara nə cavab verəcəyimi bilmirəm. Mən yazaram, amma yazmaq şərt deyil. Sadəcə, özün yaza bilmədiyini bilməlisən.
- Tarixən yaradıcı insanlar arasında qısqanclıqlar, paxıllıqlar müşahidə olunub. Bəs sizə qarşı necə, bu cür hisslər olubmu – hansısa əsəriniz işıq üzü görməyib, səhnəyə yol tapmayıb və s.
- Çox olub... Amma həmişə özümü elə aparmışam ki, guya hiss etməmişəm, guya eşitməmişəm, guya görməmişəm... Çünki səhəri gün həmin adamlarla görüşəndə çox gözəl danışırdıq. Ancaq mən bildiklərimi onların üzünə vurmurdum. Bilmirəm, bəlkə məndə də qısqanclıq var. Amma mən onu basdırmağa çalışıram. Bu, ailəmizdə olan tərbiyədən irəli gəlir. Mən nə atamdan, nə də anamdan bircə dəfə də başqalarına qarşı qısqanclıqla hissi ilə bağlı nəsə eşitməmişəm. Mənə qarşı olan qısqanclıqların zərbəsi əsərlərimə toxuna bilməyib. İstədiyimi yazıb başa çatdırmışam. Heç kəs də onun qarşısında dura bilməyib. Yaradıcılığımda istədiyimə nail olmuşam. Heç kəs bunun qarşısını ala bilməyib. Bəlkə də bu, xoşbəxtlikdir: musiqimizin ən böyük bəstəkarı Qara Qarayev məni təsdiqləyib. Heç bilmirəm niyə? O, hansı bəstəkarın gələcəyini görürdüsə, bunu deyirdi. Bu yaxınlarda əlimə keçən qəzetlərin birində Qara Qarayevin mənim haqqımda yazdığı sözlərə rast gəlmişəm. «Mən onun gələcəyinə inanıram» - deyə o, qeyd edib. Böyük bəstəkar bu sözləri 1965-ci ildə yazıb. O, hər adam üçün bu sözləri yazmırdı. Mən hiss edəndə ki, o məndə nəsə görür və məndən nəsə gözləyir, bundan artıq mənə heç nə lazım deyil. Ümumiyyətlə, mən başa düşmürəm, bəstəkarı tərifləmək nə deməkdir? Onun haqqında «görkəmli», «böyük» söyləmək nə üçündür? Bethoven olan yerdə demək olar ki, böyük bəstəkar var? Üzeyir bəy özü qoymurdu ki, ona «böyük» desinlər. Ancaq o, doğrudan da böyük bəstəkar və şəxsiyyət idi. Bəstəkar özü hiss etməlidir ki, onun işi lazımdır, ya yox. Əgər mən cavan vaxtımda hiss etsəydim ki, alınmır, yazmazdım. Başqa sənət sahibi olardım. Amma mən işləyirdim. İş prosesi məni bütövlüklə əlinə almışdı, başqa şeyləri fikirləşmirdim. Sizə deyəcəyim söz bəlkə də qəribə gələr: mən həmişə yoldaşlarımın yaxşı əsərlərinə sevinirəm. Bəlkə də onların xəbəri yoxdur, amma mən onların hətta, diplom işləri haqqında da məlumatlıyam. Mən həmişə yaxşı əsərləri fikrimdə qeyd etmişəm. Yanında olan bəstəkarın əsərinə doğru qiymət vermək çox vacibdir. Bəstəkarın hansısa bir xüsusiyyətinə görə əsərə qiymət vermək düz deyil. Yaxşı xasiyyətli bəstəkar bəlkə də heç olmur. Beyin gərgin işləyir. Bəlkə elə bir vəziyyətdə olursan ki, kiməsə “salam” verməyə imkanın olmur. Onda səndən küsəcəklər? Çünki sən tamam başqa bir aləmdəsən. Mən bilirəm dünyada nə musiqilər var. O musiqilərin içərisində nə cür öz sözümü tapım? Bu dəhşətli bir prosesdir. Bəstəkarlıq sənəti çox ağır və müqəddəs bir sənətdir.

Bəstəkarı gözləmək lazımdır

- Siz maraqlı bir məktəb keçmisiniz. Bugünkü bəstəkarlıq məktəbi haqqında da eyni sözləri demək olarmı?
- Bəstəkarlıq elə bir axın deyil ki, o, hər dəfə getdikcə artacaq, maraqlı əsərlər alınacaq. Bunu heç kim öncədən bilmir. Əvvəla, bəstəkarı gözləmək lazımdır. Bəstəkar tələb olunanda əsərlər yaranır. Bizim oxuduğumuz illərdə tələb çox böyük idi. Ancaq bu, insanın özündən də asılıdır. Bir də görürsən ki, tək qalırsan. Tək qalanda sənin yanında, fikrində olan bəstəkar olmalıdır. Məsələn, mən ömrümdə Prokofyevi görməmişəm. Amma o, həmişə mənim üçün o, nümunə olub. Bugünkü bəstəkarlara gəldikdə… Bu gün demək olmaz ki, bəstəkar var, ya yoxdur. Bunun üçün zaman lazımdır. Sözün düzü, o maraqlı əsərləri eşidirəm. Həmin əsərləri 2-3 dəfə dinləyirəm və öz fikrimi müəlliflərinə deyirəm. Görürəm bu, onlar üçün də çox vacibdir. Onlar iri həcmli əsərlərə əl atırlar. Bu o demək deyil ki, birdən-birə böyük əsərlər yaranacaq. Bu gün yeni bir musiqi yaranır. Bir xəstəlik kimidir, onun içindən çıxmaq lazımdır. Vacib olan odur ki, bizim musiqi cəmiyyətində hansı musiqinin yaxşı və ya zəif olduğunu anlayırlar. Demək olmaz ki, 70 il bundan əvvəl bu fərqi bilirdilər. 1947-48-ci ildə Qara Qarayevin «Leyli və Məcnun» poeması çalınanda çoxu bu əsəri başa düşmürdü. Amma biz bilirdik ki, bu, klassik əsərdir. Amma bu gün tam fərqlidir. Dünyada da dəyişiklik gedir. Bəzən əcaib musiqilər yazılır. Heç nəyə qarşı getmək lazım deyil. Ola bilər ki, onların çoxu silinib, içərisindən çox maraqlı bir əsər çıxsın.
- Hansı əsərinizin taleyindən nigaran qalmısınız?
- Heç birinin. Mən əvvəldən ki, səbirli oluram, bu çox vacibdir. Heç vaxt fikirləşməmişəm ki, əsər bitən kimi ifa olunsun. Mən gözləmişəm. Hətta, bəzən irihəcmli əsərləri illərlə gözləmişəm. 1 ildən və ya 3 ildən sonra bir də baxmışam. Məsələn, «Babək» baletini 1979-cu ildə Bədii Şura qəbul etdi. Amma mən onu 1986-cı ilə qədər saxladım. Bəzən ömrümdə 1-2 dəfə olub ki, əsər yazılan kimi ifa olunub. Onda da mən əsəri yazdığım vaxt orkestrlə mütəmadi görüşürdüm. Bəzi əsərlər illər boyu alınmırdı. Məsələn, «Bayatı»ları oxuya bilmirdilər. Ta ki, uzun illərdən sonra istedadlı bir xormeyster gəldi. O ifa edəndən sonra öz yerini tutdu. Sonra əsəri Moskvada da ifa etdilər. Amma mən heç darıxmırdım. Çünki başım başqa əsərlərə qarışırdı.
- Bu gün ölkəmizdə musiqi ilə bağlı ali və orta ixtisas təhsil ocaqları fəaliyyət göstərir. Ortada necə, səviyyəli məhsul varmı?
- Bu, məktəbdəki müəllimlərin səviyyəsindən asılıdır. Ancaq indi istək də, münasibət də dəyişib. 50-60 il bundan əvvəlki istək indi daha yoxdur. Yadımdadır, uşaqlıqda oxuyanda müəllimlər bizi oyandırmağa çalışırdılar. Bu, indi yoxdur. İndi başqa səviyyədir. Müəllimlər özləri məktəbdə necə oxuyurdularsa, uşaqları da elə oxudurlar. Bəlkə bu, bir dalğadır, uzun da çəkə bilər. Bu gün hamı elə tələsir ki, əli bir yerə çatsın. Heç kim fikirləşmir ki, gərək 3-5 il oturub əsər yazsın.
- Tələbələrinizlə evdə məşğul olursunuz. Dərsə həvəsləri varmı?
- Onlara uşaq kimi baxıram. Bəzilərinə daha çox kömək etmək istəyirəm. Bilirəm ki, dərslərini az alıblar. Bir neçə dərsdən sonra elə bil ayılırlar. Öyrənmək istəyirlər. Bu isə ən vacibdir. Onlar bu gün oxuyanda bəlkə də fikirləşirlər ki, harada işləyəcəklər? Harada iş tapacaqlar? Mən bunu onlarda hiss edirəm. Amma mən öz işimi görürəm, dərsimi deyirəm.

Açılmayan sirr

- Nədənsə bəstəkarlar asan janr kimi ən çox mahnı janrına üz tutarlar. Bu tendensiya nə ilə bağlıdır?
- Bu da böyük bir fəlakətdir ki, guya musiqinin
əsası mahnıdır. Eşitdiyim mahnıların içərisində bircə dənə səviyyəlisi yoxdur. Ancaq mən onların heç birinə qarşı getmirəm. Məsələn, onlar muğam üstə gəzişmənin adını mahnı qoyurlar. Əvvəllər mahnıların bəstəkarı olub. İndi o cür insanlar yoxdur. Məsələn, mən belə hesab edirəm ki, ən gözəl mahnı yazan Niyazidir. Onun 2-3 mahnısını desək, kifayətdir. Tofiq Quliyevin ən yaxşı mahnılarını yığsan, sayı cəmi 15 edər. O, özü də bunu deyirdi. Amma demək olmaz ki, onun 50 yaxşı mahnısı var. Çünki bu qədər yaxşı mahnı yazmaq olmur. O mahnıkar idi. Üzeyir bəy cəmi 7 mahnı yazıb. Eləcə də Qara Qarayev. Mənim də 5 mahnım var. Mahnı lazım olanda yazılır. İndi qəribə bir proses yaranıb, hamı istəyir ki, mahnı yazsın. Bu, xalqı çaşdırır, xalqı azdırmaq olmaz. Mahnı kütləvi janrdır. Çünki cəmiyyət mahnını çox asan qəbul edir. Ancaq bu proses tək Azərbaycanda deyil, Rusiyada da belədir. Sovet İttifaqı dağılandan sonra mən bəstəkarların əsərini eşitmirəm. Bu yaxınlarda Rusiyanın Bəstəkarlar İttifaqının sədri ilə görüşdüm. O, dedi ki, “mahnı, əyləncə musiqisi yazanlar bu gün dəstəklənir. Rusiya hökuməti bizi heç dəstəkləmir”. Digər bir məsələ isə odur ki, onları təbliğ edirlər. Efirə onları dəvət edirlər, yer verirlər. Bəziləri veriliş aparırlar.
- Bəzən bəstəkarlar deyirlər ki, «Mən çox əsər yazmışam, bundan sonra yazmasam da olar». Yaradıcılıq üçün bu fikirlərdə həqiqət varmı?
- Bu, gülməli fikirdir. Özündən razı olan adam hər şey yaza bilməz. Düzdür, tarixdə bu cür adamlar olub. Məsələn Vaqner özündən başqa heç kimi qəbul etmirdi. O deyirdi ki, məndən başqa yeni musiqini heç kəs yarada bilməz. Onun haqqı vardı. Amma başqaları deyəndə bu, gülməli çıxır.
- Yaxşı musiqinin sirri nədir?
- Yaxşı musiqinin sirrini heç kəs aça bilməyib. Əgər o sirr açılsaydı, bu tilsim də qırılardı, bəstəkarlıq sənəti də ləğv olunardı. Heç kəs o zirvəyə çata bilməyib, çünki bu, mümkün deyil. Ancaq dahilər o zirvəyə yaxın olublar. Çünki hər bir böyük bəstəkar bir sirdir, bir-birlərinə bənzəmirlər. Ona görə də hələ bu sirri heç kəs tapa bilməyib.

Təranə Məhərrəmova