“Əsgərlikdən gələndə mənimlə o qədər sadə görüşdü ki...” - Fotolar
Tarixən övladlar
öz atalarının sənətlərini davam etdirərdilər. Mütləq idi ki, dulusçunun oğlu
dulusçu, çəkməçinin oğlu çəkməçi olsun. İndi isə nə zaman o zaman deyil, nə də
yetişən gənclik. İndiki gənclər ixtisas seçməkdə sərbəstdirlər. Dünyaya
inteqrasiya edirlər, dəyişirlər, yeri gələndə dəyişdirirlər də. Ancaq müasirləşən
dövrümüzdə də, valideynin sənətini davam etdirən gənclərimiz az deyil. Onlara
incəsənət sahəsində də çox tez-tez rast gəlirik. Bunun üçün "Atalar və oğullar”
layihəsi ilə görüşünüzə gəlmək qərarına gəldik.Görəsən, incəsənət
sahəsində kifayət qədər tanınan gənclər öz valideynlərindən nələri öyrəniblər?
Yetişməkdə olan gənclər valideyinlərin yolunu layiqincə davam etdirə bilirlərmi?
Bu sənəti seçməyə onları hansı amillər vadar edib?Beləliklə,
"Atalar və oğullar” rubrikamızın ilk qonağı Azərbaycanda klounada sənətinin
yaradıcısı, tanınmış peşəkar aktyor, mərhum
Fərman Şəkilinin rejissor oğlu Elvin Abdulla oldu. Müsahibimiz bizimlə öz doğum
günündə atası ilə bağlı danışdı.
- İstərdik ki, ilk olaraq atadan oğula keçən
istedaddan danışaq.
- Təbii ki, incəsənətə
olan maraq mənə atamdan keçib. Hərdən bunun irsi olduğunu da düşünürəm. Kiçik
yaşlarından atamla birlikdə çəkilişlərə gedirdim. Mənim CV-mə baxsanız görərsiniz
ki, fəaliyyətim 5 yaşından başlayır. Atam hər zaman məni çəkilişlərində,
tamaşalarında, filmlərində öz yanında gəzdirirdi. Atamın Azərbaycan Dövlət Televiziyasında nümayiş
olunan "Xoş-beş 15” komik üslubda hazırlanan verilişində süjetlərin hazırlanması prosesini
izləyirdim. İlk dəfə 1995-ci ildə aktyor
kimi fəaliyyətə başladım. Onda mənim 5 yaşım var idi. Atamın çalışdığı müəssisələrdə
də müəyyən qədər fəaliyyətim olub. Bu sənətdə
əsas müəllimim atam olub.
- Atanız peşəkar aktyor idi, ancaq siz isə
rejissorluq ixtisasını seçdiniz. Buna səbəb nə oldu?
- Düşünürəm ki,
incəsənət adamlarının dünyaya deməyə sözü var. Buna görə, məhz bu sənətlə məşğul oldum.
Mənə görə aktyorlar dünyaya öz sözlərini daha az deyə bilirlər. Çünki onların
qarşısında sərhəd olur. Aktyora bir obraz verirsən və həmin obraza uyğun sözlər
deyir. Rejissorun isə sərhədləri daha genişdir. Rejissor istədiyi şeyi danışa və
onu istədiyi şəkildə təqdim edə bilir. O, azaddır, sərbəstdir. Rejissor filmlə
demək istədiyi fikrin hər çalarını sıfırdan yaradan insandır. Bu adama daha çox
həyəcan verir və daha çox maraqlıdır. Mən uşaq ikən bütün bunları müşahidə
edirdim. Baxırdım ki, hamıya hər şeyi deyən
tapşırıqlar verən adam var və bu adamın sənəti rejissorluqdur.
- Fərman Şəkili uşaqların sevimlisi idi. Bəs
sən necə, uşaqlarla bağlı bir layihə işləmək istəmirsənmi?
- Qəti. Atamın
uşaqlarla işləməsi çox qlobal xarakterli idi. Bu mənada ki, atam gələcək cəmiyyətin yetirmələrini məhz həmin
dövrün uşaqları olduğunu deyirdi. Cəmiyyəti dəyişmək üçün ilk növbədə tərbiyəni
elə uşaqlardan başlamağı düşünürdü. Ona
görə uşaq verilişi açdı. O, daim uşaqları fikirləşdi. Gələcək nəsli daha mədəni tərbiyə etmək istəyirdi. Lakin
düşünürəm ki, bizim cəmiyyət bir az bu işi o qədər ciddiyə almadı. Mən də bu səbəbdən uşaqlarla bağlı iş görmək istəmirəm.
- Sizi
tanıyanların çoxu atanızın məhz peşəkar aktyor Fərman Şəkili olmasından xəbərdar
deyil.
- Bəli, atamla həmişə
fəxr etmişəm, ancaq bundan özümü reklam etmək üçün istifadə etməmişəm.
Çalışmışam ki, insanlar mənə özümə və yaradıcılığıma görə hörmət etsinlər.
- Atanızın elə bir arzusu var idimi ki, o,
dünyasını dəyişdikdən sonra siz onu həyata keçirəsiniz?
- Hətta elə bir
arzusu vardısa da, bu, incəsənətlə bağlı olan bir arzu deyildi. O, məni incəsənətdə
görmək istəmirdi. Mənə hər dəfə deyirdi ki, bu, çox keşməkeşli və ağır yoldur.
Bu sənətlə məşğul olmasan daha yaxşıdır. Ancaq mən sona qədər inad etdim. Hətta
o qədər etiraz edən oldu ki, bir ara fikrimi dəyişib, iqtisadiyyat sahəsi üzrə
hazırlaşmağa başladım. Danılmaz faktdır ki, incəsənətlə məşğul olan yaradıcı
insanların çox az hissəsinin maddi vəziyyəti qənaətbəxşdir, yaşam səviyyələri
göz önündədir. Məvacibləri o qədər də
yüksək deyil. Məhz bu səbəbdən mənim başqa ixtisas üzrə təhsil almağımı istəyirdilər.
Gördülər ki, bu həvəsin qarşısını almaq mənasızdır, ona görə də mənimlə razılaşmaq
məcburiyyətində qaldılar. Onlar bu qərarı verəndə çox gec idi. Çünki mən 5
yaşından bu sənətdə idim və o sevgi artıq mənim bir parçam olmuşdu.
- İndi peşmansınızmı?
- Peşmanam deməzdim.
Bizim gördüyümüz işin hazırkı durumu o qədər də ürəkaçan deyil. Ancaq ümidlərimizi
qırmırıq və gələcəyə inamımız böyükdür.
İndi keçid dövrüdür. Bu dövrü alnıaçıq şəkildə başa vuracağımıza inanıram.
Hazırda sevdiyim işlə məşğulam. Bu da mənə
kifayət edir.
- Qeyd edirsiniz ki,
5 yaşından bu sənətdəsiniz. O gündən bu günə nələr dəyişib?
- Əslində çox
şey dəyişib. İnkişaf gözümüzün qabağındadır. 5 il bundan öncə belə Azərbaycanda
kinoteatra getmək mədəniyyəti yox idi. Ancaq bu gün kinoteatrlarda Azərbaycan filmlərinin 170-180 min izləyicisi
varsa, bu, çox böyük irəliləyişdir.
- İndi atanız sağ olsaydı, sizə hansı məsləhətləri
verərdi?
- Elə bir
ssenari yazardı ki, mən onu çəkib, beynəlxalq festivallara göndərərdim. Atam
bunu çox istəyirdi. O yaşasaydı, bəlkə də hər şey başqa cür olardı.
- Sizin ilk filminiz olan "Özgə günah”da atanız da
bir aktyor kimi iştirak edirdi. Atanıza öz filminizdə rol vermək necə hiss idi?
- Bu, onun
axırıncı filmi oldu... Amma atamla çalışmaq çox zövqlü idi. Onun yerini təbii
ki, heç nə vermir.
- O filmdən sonra davamlı olaraq uğurlar əldə
etdiniz. Xarici rejissorlarla çalışdınız, məşhur markaların reklam rejissoru
oldunuz, filmlər çəkdiniz. Hər dəfə uğur əldə etdikdə hiss edirsinizmi ki, atanız kənardan sizi izləyir?
- Bu, çox qəribə
hissdir. Sözlə ifadə olunası deyil. Bəlkə də çoxları bunu başa düşməz. Biz
onunla ata-oğul yox, dost olmuşuq. Atam mənim ən böyük məsləhətçim olub. Onun
yoxluğu həmişə həyatımızda hiss olunur.
- Atanızla
bağlı hər hansı film çəkməyi düşünürsünüzmü?
- Atamın həyatından bəhs edən bir film çəkməyi
düşünürəm. Bu çox tutarlı film olacaq. O filmi ən tez 15 il sonra çəkəcəyəm.
- Niyə 15 il?
- Ondan ötrü ki, daha da peşəkarlaşmalıyam, həm
də şərait ona uyğun olmalıdır. İnanıram ki, 15 ildən sonra filmin büdcəsini
haradan tapmaq problemi yaşamayacağam.
- Yəqin ki, atanızın
rolunu siz canlandırarsınız.
- Əsla. Heç vaxt atamın obrazını mən
canlandırmaram. Çünki heç vaxt aktyor olmaq istəməmişəm.
- Ancaq atanızın həyatını sizdən daha gözəl oynaya
biləcək ikinci bir insan çətin tapılar. Çünki onun hər bir anında yanında olubsunuz.
- Düzdür, atamla
bağlı film çəkmək uşaqlıq arzumdur. Mən onun çəkdiyi əziyyətləri görürdüm və
daxilimdə düşünürdüm ki, gün gələcək, atamın bu həyatı filmə çevriləcək. Ancaq
istənilən halda, özümü tamaşaçıya aktyor kimi təqdim etmək istəmirəm. Hələ
atamla bağlı bir filmdə isə əsla.
- Fərman müəllim Şəkidə doğulduğu üçün "Şəkili”
sözünü özünə ləqəb götürmüşdü. Ancaq siz bundan imtina edibsiniz.
- Atam Şəkidə
doğulub. Ancaq mən Şəkiyə bir o qədər də bağlı biri deyiləm. 4 yaşımdan Bakıda
yaşamışam. Bütün həyatım burada keçib. İlk sevgim, məktəb xatirələrim, tələbəlik
həyatım... Düzdür, mən Şəkidənəm, əslim ordandır. Ancaq özümü bakılı hesab edirəm.
- Atanız komediya rollarının məharətli aktyorlarından idi. Siz
isə bir rejissor olaraq komediyadan qaçırsınız. Buna səbəb nədir?
- Bizim tamaşaçı
komediyaya daha çox inanır. Mən ömrüm boyu Azərbaycanda istifadə olunmayan
janrda filmlər çəkmişəm. Hansı ki, ən son çəkdiyim Azərbaycanın ilk qorxulu
filmi "Xənnas”a bizim tamaşaçılar hazır
deyildilər. Onların etimadları da yox idi ki, bizdə belə bir film çəkilər.
Düşünürdülər ki, bizimkilərin çəkdiyi qorxu
filmi maraqlı olmaz.
- Qardaşınız Edqar nə
üçün incəsənətə yad bir ixtisası seçdi? Onun incəsənətə münasibəti necədir?
- Edqar hazırda
çox qabaqcıl iş adamlarından biridir. Mənim rejissorluq etdiyim "Xənnas”
filminin maliyyə məsələlərini qardaşım həll etmişdi. O vaxt ailəmizin elə bir
dönəmi idi ki, kimsə mütləq işləməli və evə pul gətirməli idi. Qardaşım universitetdə oxuyur, həm də
işləyirdi. Kiçik yaşlarından işlədiyi üçün yaradıcılıqla məşğul ola bilmədi.
Hazırda biznes sektorundadır, işləri çox yaxşı gedir. Mənim də maliyyə dəstəyimi
qardaşım həll edir.
- Film çəkərkən
atanızın çalışdığı Şəki teatrına gedib onların yaradıcı heyətini filmlərinizə çəkmək
istəyibsiniz?
- Şəki teatrı
istənilən halda, mənim üçün doğmadır. Uşaq yaşlarımdan o teatrın səhnəsində
qaçmışam, kulisində böyümüşəm, qrim otağında oyunlar oynamışam. Şəki teatrında
mənim tanımadığım insanlar belə məni tanıyırlar. Atamın yaradıcılığının çox
hissəsi məhz o teatrda olub. Təbii ki, orada tanıdığım aktyorlar da kifayət qədərdir.
Ancaq belə bir layihə əlimizə düşməyib ki, mən onları aktyor kimi dəvət edim. Həm
tipaj, həm də peşəkarlıq cəhətdən orada çox istedadlı aktyorlar var. Hər dəfə Şəkiyə
gedəndə teatra baş çəkirəm. Hətta, sonuncu filmim "Xənnas”ı çəkəndə o teatrın
yaradıcı kollektivinin böyük rolu oldu. Hər bir çətinliyimizdə yanımızda
oldular. Fürsətdən istifadə edib, Şəki teatrının yaradıcı heyətinə təşəkkürümü
bildirirəm.
- Şəki teatrına gedəndə atanızı
xatırlayırsınızmı?
- Atamın orada
yaxşı hörməti var. Atamla çiyin-çiyinə
çalışan insanlar onu hörmətlə anırlar. Onun sənətinə böyük hörmət edirlər. Bu səmimi
hissləri mən o insanlarda görmüşəm. Hələ indiyə qədər atamı sevdiklərini hiss
edirəm.
- Atanızın əvvəl
çəkildiyi filmlərə baxırsınızmı?
- Hərdən olur
ki, köhnə Azərbaycan filmlərinə baxmaq istəyirəm. Onda atamın da iştirak etdiyi
filmlərə baxıram. Ondan bir aktyor olaraq çox şeyləri öyrənmək olar. Ancaq
rejissor kimi atamdan öyrənəcəyim şeyləri sağlığında öyrənmişəm. Bu gün
rejissor olaraq biliklərimin 80 faizi atama aiddir. Çünki o həmişə hər şeyi mənə
izah edirdi. Ən xırda nizamlara qədər, dramaturgiya nədir, məqsədi nədir, incəsənət
nə üçün incəsənətdir. Yerdə qalan faizlər isə universitetdə bir neçə müəllimimə
- Aydn Dadaşova, Ayaz Salayevə və digərlərinə məxsusdur. Yerdə qalan hissəsini
də öz təcrübələrim sayəsində qazanmışam. Çünki mən bu illər ərzində çox böyük təcrübə
keçmişəm.
- F.Şəkili Şirinburun obrazı ilə uşaqların
sevimlisinə çevrilmişdi. Maraqlıdır, evdə də sizə qarşı qayğıkeş, nağıl danışan
bir ata idi?
- Atam bizi kişi
kimi böyütməyə çalışıb. O, mənimlə şit zarafatlar etməyib. Əsgərlikdən gələndə mənimlə o qədər sadə
görüşdü ki, elə bil hər gün onun yanındayam. Bizimlə iki kişi söhbət edirmiş kimi
söhbət edirdi. Bizim münasibətlərimiz dost münasibəti olub, nəinki ata-oğul.
Ancaq mən yetkin insan olduqdan sonra onu daha yaxşı anladım. Kamera qarşısında
tamam başqa adam idi, evin içərisində isə tamam ayrı. Qardaşımla mənə isə tamam
başqa bir münasibət bəsləyirdi. İstəyirdi ki, biz kişi kimi böyüyək, savadlı
olaq. 10 yaşım olanda Sabirin "Hophopnamə”sini mənə əzbərlətdirirdi. Motsarta, Şopenə qulaq
asdırırdı. Bizdə həmişə elmə qarşı maraq yaradırdı. Hər hansı bir cihazın işləmə
prinsipini öyrədirdi. O, boş vaxtını bizə həsr edir və bizimlə məşğul olurdu. Təhsil,
elm, intellektual səviyyəmizin artması üçün hər şey edirdi. Evdə bizi güldürmək
kimi bir xasiyyəti yox idi. Demirəm ki, soyuq münasibət bəsləyirdi, sadəcə,
uşaqlıqdan bizim intellektual səviyyəmizin artması üçün əlindən gələni edib.
Qardaşımın da öz sahəsində uğur qazanmasının səbəbi atamdır, mənim də.O ki, qaldı uşaqların
qəlbini fəth etməyə, klounada janrını Azərbaycana atam gətirib. Bunu bütün sənət
adamları təsdiqləməlidirlər, çünki bu, faktdır. Onu gətirməkdə məqsəd gələcəyimiz
olan uşaqları tərbiyələndirmək idi. Müharibədən yeni çıxmış bir ölkədə nəinki
uşaqları əyləndirmək, həmin ərəfələrdə heç kimə mədəniyyət lazım deyildi, hamı
bir qarın çörək uğrunda mübarizə aparırdı. İnsanlar çörək növbələrinə
dayanırdı. Gələcəyi xilas etmək üçün uşaqlardan başlamaq lazım idi. Uşaqlara da
ən yaxın yol onların dili ilə danışmaq lazım idi. Çünki uşaqların öz dili var.
Atam çox düşündü və klounada janrını Azərbaycana gətirdi. Lakin bizim cəmiyyət
bəlkə də indi ona hazırdır. Ancaq o vaxt ona hazır deyildi. Çox yüksək intellektual
sahibi olan insanlar bu janrın əsas qayəsini başa düşürdü.
- Gələcək
planlarınızda ən öndə nələr dayanır?
- Birinci yerdə
xaricdə magistratura oxumaq durur. Hansı ki, təhsil alacağım həmin universitet
dünya kino aləmində top onluqda əsas yerlərdən birini tutmalıdır. Bir də, "Xənnas”ın ikinci hissəsini çəkmək
istəyirəm.
Xəyalə Rəis