• çərşənbə, 17 Aprel, 02:51
  • Baku Bakı 14°C

“Əsgərlikdən gələndə mənimlə o qədər sadə görüşdü ki...” - Fotolar

14.09.17 09:30 4929
“Əsgərlikdən gələndə mənimlə o qədər sadə görüşdü ki...” - Fotolar
Tarixən övladlar öz atalarının sənətlərini davam etdirərdilər. Mütləq idi ki, dulusçunun oğlu dulusçu, çəkməçinin oğlu çəkməçi olsun. İndi isə nə zaman o zaman deyil, nə də yetişən gənclik. İndiki gənclər ixtisas seçməkdə sərbəstdirlər. Dünyaya inteqrasiya edirlər, dəyişirlər, yeri gələndə dəyişdirirlər də. Ancaq müasirləşən dövrümüzdə də, valideynin sənətini davam etdirən gənclərimiz az deyil. Onlara incəsənət sahəsində də çox tez-tez rast gəlirik. Bunun üçün "Atalar və oğullar” layihəsi ilə görüşünüzə gəlmək qərarına gəldik.Görəsən, incəsənət sahəsində kifayət qədər tanınan gənclər öz valideynlərindən nələri öyrəniblər? Yetişməkdə olan gənclər valideyinlərin yolunu layiqincə davam etdirə bilirlərmi? Bu sənəti seçməyə onları hansı amillər vadar edib?Beləliklə, "Atalar və oğullar” rubrikamızın ilk qonağı Azərbaycanda klounada sənətinin yaradıcısı, tanınmış peşəkar aktyor, mərhum Fərman Şəkilinin rejissor oğlu Elvin Abdulla oldu. Müsahibimiz bizimlə öz doğum günündə atası ilə bağlı danışdı.

- İstərdik ki, ilk olaraq atadan oğula keçən istedaddan danışaq.
- Təbii ki, incəsənətə olan maraq mənə atamdan keçib. Hərdən bunun irsi olduğunu da düşünürəm. Kiçik yaşlarından atamla birlikdə çəkilişlərə gedirdim. Mənim CV-mə baxsanız görərsiniz ki, fəaliyyətim 5 yaşından başlayır. Atam hər zaman məni çəkilişlərində, tamaşalarında, filmlərində öz yanında gəzdirirdi. Atamın Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan "Xoş-beş 15” komik üslubda hazırlanan verilişində süjetlərin hazırlanması prosesini izləyirdim. İlk dəfə 1995-ci ildə aktyor kimi fəaliyyətə başladım. Onda mənim 5 yaşım var idi. Atamın çalışdığı müəssisələrdə də müəyyən qədər fəaliyyətim olub. Bu sənətdə əsas müəllimim atam olub.
- Atanız peşəkar aktyor idi, ancaq siz isə rejissorluq ixtisasını seçdiniz. Buna səbəb nə oldu?
- Düşünürəm ki, incəsənət adamlarının dünyaya deməyə sözü var. Buna görə, məhz bu sənətlə məşğul oldum. Mənə görə aktyorlar dünyaya öz sözlərini daha az deyə bilirlər. Çünki onların qarşısında sərhəd olur. Aktyora bir obraz verirsən və həmin obraza uyğun sözlər deyir. Rejissorun isə sərhədləri daha genişdir. Rejissor istədiyi şeyi danışa və onu istədiyi şəkildə təqdim edə bilir. O, azaddır, sərbəstdir. Rejissor filmlə demək istədiyi fikrin hər çalarını sıfırdan yaradan insandır. Bu adama daha çox həyəcan verir və daha çox maraqlıdır. Mən uşaq ikən bütün bunları müşahidə edirdim. Baxırdım ki, hamıya hər şeyi deyən tapşırıqlar verən adam var və bu adamın sənəti rejissorluqdur.

- Fərman Şəkili uşaqların sevimlisi idi. Bəs sən necə, uşaqlarla bağlı bir layihə işləmək istəmirsənmi?
- Qəti. Atamın uşaqlarla işləməsi çox qlobal xarakterli idi. Bu mənada ki, atam gələcək cəmiyyətin yetirmələrini məhz həmin dövrün uşaqları olduğunu deyirdi. Cəmiyyəti dəyişmək üçün ilk növbədə tərbiyəni elə uşaqlardan başlamağı düşünürdü. Ona görə uşaq verilişi açdı. O, daim uşaqları fikirləşdi. Gələcək nəsli daha mədəni tərbiyə etmək istəyirdi. Lakin düşünürəm ki, bizim cəmiyyət bir az bu işi o qədər ciddiyə almadı. Mən də bu səbəbdən uşaqlarla bağlı iş görmək istəmirəm.
- Sizi tanıyanların çoxu atanızın məhz peşəkar aktyor Fərman Şəkili olmasından xəbərdar deyil.
- Bəli, atamla həmişə fəxr etmişəm, ancaq bundan özümü reklam etmək üçün istifadə etməmişəm. Çalışmışam ki, insanlar mənə özümə və yaradıcılığıma görə hörmət etsinlər.

- Atanızın elə bir arzusu var idimi ki, o, dünyasını dəyişdikdən sonra siz onu həyata keçirəsiniz?
- Hətta elə bir arzusu vardısa da, bu, incəsənətlə bağlı olan bir arzu deyildi. O, məni incəsənətdə görmək istəmirdi. Mənə hər dəfə deyirdi ki, bu, çox keşməkeşli və ağır yoldur. Bu sənətlə məşğul olmasan daha yaxşıdır. Ancaq mən sona qədər inad etdim. Hətta o qədər etiraz edən oldu ki, bir ara fikrimi dəyişib, iqtisadiyyat sahəsi üzrə hazırlaşmağa başladım. Danılmaz faktdır ki, incəsənətlə məşğul olan yaradıcı insanların çox az hissəsinin maddi vəziyyəti qənaətbəxşdir, yaşam səviyyələri göz önündədir. Məvacibləri o qədər də yüksək deyil. Məhz bu səbəbdən mənim başqa ixtisas üzrə təhsil almağımı istəyirdilər. Gördülər ki, bu həvəsin qarşısını almaq mənasızdır, ona görə də mənimlə razılaşmaq məcburiyyətində qaldılar. Onlar bu qərarı verəndə çox gec idi. Çünki mən 5 yaşından bu sənətdə idim və o sevgi artıq mənim bir parçam olmuşdu.

- İndi peşmansınızmı?
- Peşmanam deməzdim. Bizim gördüyümüz işin hazırkı durumu o qədər də ürəkaçan deyil. Ancaq ümidlərimizi qırmırıq və gələcəyə inamımız böyükdür. İndi keçid dövrüdür. Bu dövrü alnıaçıq şəkildə başa vuracağımıza inanıram. Hazırda sevdiyim işlə məşğulam. Bu da mənə kifayət edir.
- Qeyd edirsiniz ki, 5 yaşından bu sənətdəsiniz. O gündən bu günə nələr dəyişib?
- Əslində çox şey dəyişib. İnkişaf gözümüzün qabağındadır. 5 il bundan öncə belə Azərbaycanda kinoteatra getmək mədəniyyəti yox idi. Ancaq bu gün kinoteatrlarda Azərbaycan filmlərinin 170-180 min izləyicisi varsa, bu, çox böyük irəliləyişdir.

- İndi atanız sağ olsaydı, sizə hansı məsləhətləri verərdi?
- Elə bir ssenari yazardı ki, mən onu çəkib, beynəlxalq festivallara göndərərdim. Atam bunu çox istəyirdi. O yaşasaydı, bəlkə də hər şey başqa cür olardı.

- Sizin ilk filminiz olan "Özgə günah”da atanız da bir aktyor kimi iştirak edirdi. Atanıza öz filminizdə rol vermək necə hiss idi?
- Bu, onun axırıncı filmi oldu... Amma atamla çalışmaq çox zövqlü idi. Onun yerini təbii ki, heç nə vermir.

- O filmdən sonra davamlı olaraq uğurlar əldə etdiniz. Xarici rejissorlarla çalışdınız, məşhur markaların reklam rejissoru oldunuz, filmlər çəkdiniz. Hər dəfə uğur əldə etdikdə hiss edirsinizmi ki, atanız kənardan sizi izləyir?
- Bu, çox qəribə hissdir. Sözlə ifadə olunası deyil. Bəlkə də çoxları bunu başa düşməz. Biz onunla ata-oğul yox, dost olmuşuq. Atam mənim ən böyük məsləhətçim olub. Onun yoxluğu həmişə həyatımızda hiss olunur.

- Atanızla bağlı hər hansı film çəkməyi düşünürsünüzmü?
- Atamın həyatından bəhs edən bir film çəkməyi düşünürəm. Bu çox tutarlı film olacaq. O filmi ən tez 15 il sonra çəkəcəyəm.

- Niyə 15 il?
- Ondan ötrü ki, daha da peşəkarlaşmalıyam, həm də şərait ona uyğun olmalıdır. İnanıram ki, 15 ildən sonra filmin büdcəsini haradan tapmaq problemi yaşamayacağam.
- Yəqin ki, atanızın rolunu siz canlandırarsınız.
- Əsla. Heç vaxt atamın obrazını mən canlandırmaram. Çünki heç vaxt aktyor olmaq istəməmişəm.

- Ancaq atanızın həyatını sizdən daha gözəl oynaya biləcək ikinci bir insan çətin tapılar. Çünki onun hər bir anında yanında olubsunuz.
- Düzdür, atamla bağlı film çəkmək uşaqlıq arzumdur. Mən onun çəkdiyi əziyyətləri görürdüm və daxilimdə düşünürdüm ki, gün gələcək, atamın bu həyatı filmə çevriləcək. Ancaq istənilən halda, özümü tamaşaçıya aktyor kimi təqdim etmək istəmirəm. Hələ atamla bağlı bir filmdə isə əsla.

- Fərman müəllim Şəkidə doğulduğu üçün "Şəkili” sözünü özünə ləqəb götürmüşdü. Ancaq siz bundan imtina edibsiniz.
- Atam Şəkidə doğulub. Ancaq mən Şəkiyə bir o qədər də bağlı biri deyiləm. 4 yaşımdan Bakıda yaşamışam. Bütün həyatım burada keçib. İlk sevgim, məktəb xatirələrim, tələbəlik həyatım... Düzdür, mən Şəkidənəm, əslim ordandır. Ancaq özümü bakılı hesab edirəm.

- Atanız komediya rollarının məharətli aktyorlarından idi. Siz isə bir rejissor olaraq komediyadan qaçırsınız. Buna səbəb nədir?
- Bizim tamaşaçı komediyaya daha çox inanır. Mən ömrüm boyu Azərbaycanda istifadə olunmayan janrda filmlər çəkmişəm. Hansı ki, ən son çəkdiyim Azərbaycanın ilk qorxulu filmi "Xənnas”a bizim tamaşaçılar hazır deyildilər. Onların etimadları da yox idi ki, bizdə belə bir film çəkilər. Düşünürdülər ki, bizimkilərin çəkdiyi qorxu filmi maraqlı olmaz.

- Qardaşınız Edqar nə üçün incəsənətə yad bir ixtisası seçdi? Onun incəsənətə münasibəti necədir?
- Edqar hazırda çox qabaqcıl iş adamlarından biridir. Mənim rejissorluq etdiyim "Xənnas” filminin maliyyə məsələlərini qardaşım həll etmişdi. O vaxt ailəmizin elə bir dönəmi idi ki, kimsə mütləq işləməli və evə pul gətirməli idi. Qardaşım universitetdə oxuyur, həm də işləyirdi. Kiçik yaşlarından işlədiyi üçün yaradıcılıqla məşğul ola bilmədi. Hazırda biznes sektorundadır, işləri çox yaxşı gedir. Mənim də maliyyə dəstəyimi qardaşım həll edir.

- Film çəkərkən atanızın çalışdığı Şəki teatrına gedib onların yaradıcı heyətini filmlərinizə çəkmək istəyibsiniz?
- Şəki teatrı istənilən halda, mənim üçün doğmadır. Uşaq yaşlarımdan o teatrın səhnəsində qaçmışam, kulisində böyümüşəm, qrim otağında oyunlar oynamışam. Şəki teatrında mənim tanımadığım insanlar belə məni tanıyırlar. Atamın yaradıcılığının çox hissəsi məhz o teatrda olub. Təbii ki, orada tanıdığım aktyorlar da kifayət qədərdir. Ancaq belə bir layihə əlimizə düşməyib ki, mən onları aktyor kimi dəvət edim. Həm tipaj, həm də peşəkarlıq cəhətdən orada çox istedadlı aktyorlar var. Hər dəfə Şəkiyə gedəndə teatra baş çəkirəm. Hətta, sonuncu filmim "Xənnas”ı çəkəndə o teatrın yaradıcı kollektivinin böyük rolu oldu. Hər bir çətinliyimizdə yanımızda oldular. Fürsətdən istifadə edib, Şəki teatrının yaradıcı heyətinə təşəkkürümü bildirirəm.

- Şəki teatrına gedəndə atanızı xatırlayırsınızmı?
- Atamın orada yaxşı hörməti var. Atamla çiyin-çiyinə çalışan insanlar onu hörmətlə anırlar. Onun sənətinə böyük hörmət edirlər. Bu səmimi hissləri mən o insanlarda görmüşəm. Hələ indiyə qədər atamı sevdiklərini hiss edirəm.

- Atanızın əvvəl çəkildiyi filmlərə baxırsınızmı?
- Hərdən olur ki, köhnə Azərbaycan filmlərinə baxmaq istəyirəm. Onda atamın da iştirak etdiyi filmlərə baxıram. Ondan bir aktyor olaraq çox şeyləri öyrənmək olar. Ancaq rejissor kimi atamdan öyrənəcəyim şeyləri sağlığında öyrənmişəm. Bu gün rejissor olaraq biliklərimin 80 faizi atama aiddir. Çünki o həmişə hər şeyi mənə izah edirdi. Ən xırda nizamlara qədər, dramaturgiya nədir, məqsədi nədir, incəsənət nə üçün incəsənətdir. Yerdə qalan faizlər isə universitetdə bir neçə müəllimimə - Aydn Dadaşova, Ayaz Salayevə və digərlərinə məxsusdur. Yerdə qalan hissəsini də öz təcrübələrim sayəsində qazanmışam. Çünki mən bu illər ərzində çox böyük təcrübə keçmişəm.

- F.Şəkili Şirinburun obrazı ilə uşaqların sevimlisinə çevrilmişdi. Maraqlıdır, evdə də sizə qarşı qayğıkeş, nağıl danışan bir ata idi?
- Atam bizi kişi kimi böyütməyə çalışıb. O, mənimlə şit zarafatlar etməyib. Əsgərlikdən gələndə mənimlə o qədər sadə görüşdü ki, elə bil hər gün onun yanındayam. Bizimlə iki kişi söhbət edirmiş kimi söhbət edirdi. Bizim münasibətlərimiz dost münasibəti olub, nəinki ata-oğul. Ancaq mən yetkin insan olduqdan sonra onu daha yaxşı anladım. Kamera qarşısında tamam başqa adam idi, evin içərisində isə tamam ayrı. Qardaşımla mənə isə tamam başqa bir münasibət bəsləyirdi. İstəyirdi ki, biz kişi kimi böyüyək, savadlı olaq. 10 yaşım olanda Sabirin "Hophopnamə”sini mənə əzbərlətdirirdi. Motsarta, Şopenə qulaq asdırırdı. Bizdə həmişə elmə qarşı maraq yaradırdı. Hər hansı bir cihazın işləmə prinsipini öyrədirdi. O, boş vaxtını bizə həsr edir və bizimlə məşğul olurdu. Təhsil, elm, intellektual səviyyəmizin artması üçün hər şey edirdi. Evdə bizi güldürmək kimi bir xasiyyəti yox idi. Demirəm ki, soyuq münasibət bəsləyirdi, sadəcə, uşaqlıqdan bizim intellektual səviyyəmizin artması üçün əlindən gələni edib. Qardaşımın da öz sahəsində uğur qazanmasının səbəbi atamdır, mənim də.O ki, qaldı uşaqların qəlbini fəth etməyə, klounada janrını Azərbaycana atam gətirib. Bunu bütün sənət adamları təsdiqləməlidirlər, çünki bu, faktdır. Onu gətirməkdə məqsəd gələcəyimiz olan uşaqları tərbiyələndirmək idi. Müharibədən yeni çıxmış bir ölkədə nəinki uşaqları əyləndirmək, həmin ərəfələrdə heç kimə mədəniyyət lazım deyildi, hamı bir qarın çörək uğrunda mübarizə aparırdı. İnsanlar çörək növbələrinə dayanırdı. Gələcəyi xilas etmək üçün uşaqlardan başlamaq lazım idi. Uşaqlara da ən yaxın yol onların dili ilə danışmaq lazım idi. Çünki uşaqların öz dili var. Atam çox düşündü və klounada janrını Azərbaycana gətirdi. Lakin bizim cəmiyyət bəlkə də indi ona hazırdır. Ancaq o vaxt ona hazır deyildi. Çox yüksək intellektual sahibi olan insanlar bu janrın əsas qayəsini başa düşürdü.

- Gələcək planlarınızda ən öndə nələr dayanır?
- Birinci yerdə xaricdə magistratura oxumaq durur. Hansı ki, təhsil alacağım həmin universitet dünya kino aləmində top onluqda əsas yerlərdən birini tutmalıdır. Bir də, "Xənnas”ın ikinci hissəsini çəkmək istəyirəm.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər