AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əsərləri 60 min dollara satılan azərbaycanlı rəssam - Gör-götür

Əsərləri 60 min dollara satılan azərbaycanlı rəssam - Gör-götür

Gənclik qəzeti
05 İyun 2020, 11:00 8198
 
Vüqar Muradov: "Rəssamın əsərləri alınmırsa, günahı özündə axtarmalıdır, cəmiyyətdə yox”
 
Öncə nöqtə, sonra xətt. Və düz, əyri və qırıq xətlərin oyunlarının təsviri - bir rəssamın tablosu belə başlar deyirlər. Onun tabloları nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrindəki muzeylərdə sərgilənir, dövlət katiblərinin, məşhur siyasətçilərin evlərini bəzəyir. Onun üçün rəssamlıq nə pul qazanmaq üçün vasitə, nə də peşədir. Ona görə şəkil çəkmək tələbatdır və xoşbəxtliyi ondadır ki, tələbatından pul qazanır.
 
"Gör-götür” rubrikamızın qonağı məşhur azərbaycanlı rəssam Vüqar Muradovdur.

Bakıda doğulub, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Gənc rəssam olarkən Qobustan Dövlət tarixi-bədii qoruğunda işə düzəlir və bundan sonra əl işlərini sərgiləməyə başlayır. 1990-cı illərdə o, "Vətən səsi” və "Millət” qəzetlərində, jurnallarda rəssam işləyib, həmçinin "Azərxalça” Elmi-İstehsalat Birliyinin baş rəssamı qismində xalça dizaynı ilə məşğul olub. 1998-ci ildə Dünya Bankının Vaşinqtondanda yerləşən mənzil qərargahında "Azərbaycanın müasir rəssamları” adı altında keçirilən sərgidə öz əsərlərini nümayiş etdirir. Həmsöhbətimizin əl işləri Azərbaycan, Moldova, Almaniya, Danimarka, İsveçrə, ABŞ, Lüksemburq, Rusiya, Fransa, Türkiyə, Bolqarıstan və Ukrayna kimi ölkələrdə sərgilənib. Bundan əlavə, onun əsərləri Quqenhaym Muzeyi, Nyu-York Müasir İncəsənət Muzeyi (MOMA), Argentinanın Qevara Films şirkəti, Vaşinqtondakı Mərkəzi və Şərqi Avropa İncəsənət Fondu, Yaponiyadakı Sasakava Sülh Fondu, Türkiyənin Müdafiə Nazirliyi, Niderlanddakı Lambri Beynəlxalq şirkəti kimi bir çox nüfuzlu institutlarda sərgilənib. 2017-ci ildə o, Şimali Amerikanın ən iri beynəlxalq müasir incəsənət sərgisi olan Art Basel Miami (ABŞ) tədbirinə əl işlərini təqdim edən yeganə azərbaycanlı rəssam olur. Həmçinin 2017-ci ildə Vüqar Muradov UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasına üzv seçilir.
 


- Vüqar bəy, bütün uşaqlar "böyüyəndə kim olacaqsan” sualı ilə qarşılaşır. Siz bu suala necə cavab verirdiniz?
- Çox maraqlıdır ki, mənim heç vaxt hansısa peşənin sahibi olmaq kimi məqsədim olmayıb. Məsələn, bir çox uşaq kimi kosmonavt, həkim, müəllim olmaq istəməmişəm. Hətta "rəssam olacağam” deyə bir xəyalım da olmayıb. Sözsüz ki, adını peşə qoymuşuq, təhsilini də almışıq. Əslində isə bu, bir tələbatdır. Mənim ruhum məndən rəsm çəkməyi tələb etdi. Çəkməsəm, olmazdı... 6-7 yaşımdan şəkil çəkirdim. Həyətdə hovuzumuz var idi, əhənglə boyanmışdı. Manqaldan kömürü götürüb, o ağın üzərində şəkillər çəkirdim.

- Filoloq ata, kitabxanaçı ananın övladı peşə seçimində maneələrlə üzləşməyib ki? Adətən övladlarının gələcəkdə hansı peşənin sahibi olacaqlarını valideynlər təyin etməyə çalışır...
- Valideynlərim heç vaxt məni yönləndirməyə çalışmayıb. Hətta deyərdim ki, elə ilk müəllimlərim məni sərbəst tərbiyə etdikləri üçün valideynlərim olub. Demirəm qələm tutmağı öyrədiblər, amma "oğlum idmançı, yaxud həkim olsun” kimi tələbləri olmayıb. Daha sonra müəllimlərim Nailə Kazımova, Bağır Maratlı, Lətif Feyzullayev mənə sənəti öyrədib. Amma yaradıcılıq nöqteyi-nəzərindən üzərimdə əməyi olan Firudin Abbasovdur.

- Vüqar müəllim, 30 yaşınıza qədər heç bir işinizi satmağa qıymamısınız. Əsəri satmaq necə hissdir?
- Mən əsərlərimi Amerikadakı sərgimdən sonra satmağa başlamışam. Sözsüz ki, 30 yaşıma qədər də istəyənlər çox idi. Valideynlərimlə yaşayırdım, işlərimin azalmağını istəmirdim. Satmaq fikrim də yox idi. Tək yaşamağa başladıqdan sonra əsərlərimdən pul qazanmağa başladım. Çünki çəkdiklərimiz bizə nə qədər doğma olsa da, yaşamaq üçün satmalıyıq.
 


- Hətta dünyanın məşhur incəsənət məkanı Albertina Muzeyinə belə satmaqdan imtina etmisiniz. Sizcə, bu, düzgün qərar idi?
- Düşünürəm ki, ən böyük səhvi onda etmişəm. Albertina kimi muzeydən imtina etmək düzgün qərar deyildi. Bundan fərəhlənmirəm. 1998-ci ildə Vaşinqtonda, Dünya Bankının binasında sərgi təşkil olunmuşdu. Mənim əsərlərim də bu sərgidə iştirak edirdi. Sərginin kuratoru Meda Mladek eyni zamanda Albertino Muzeyinin kuratoru idi. Şərq və Avropa İncəsənət Fondunun direktorudur. Həmin vaxt mənə təklif etdi ki, iki əsərimi Albertino Muzeyinə satım. Razılaşmadım. Bu muzeyə nəinki əsər satmaq, hədiyyə etmək də bir rəssam üçün böyük uğur sayılır. Bu günədək yeganə azərbaycanlı rəssamam ki, mənə bu təklif olunub və imtina etmişəm.

- Meda Mladekdən sonra Amerikanın nüfuzlu dövlət katibi də əsərinizi almaq istəsə də, onu əliboş göndərmisiniz... Bu hadisə necə baş verdi?
- Amerikanın ən nüfuzlu dövlət katiblərindən biri, əslən polşalı Zbiqnev Bjezinski və heykəltəraş xanımı Emiliya Bjezinski Azərbaycana səfər edirlər. Prezident Heydər Əliyevlə rəsmi görüşdən sonra xanım Bjezinski tərcüməçiyə bildirir ki, Vüqar Muradov adlı rəssamla görüşmək istəyirəm. Məlum olur ki, o, Meda Mladeklə yaxın rəfiqədir. İşlərimi də xanım Mladekin kataloqunda görüb. Hər iki xanım, üstəlik ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı mənim görüşümə gəldilər. Hətta Emiliya Bjezinski bir neçə rəsmimi almaq istədi. Mən əl işlərimi satmadığımı bildirdim. Dedilər ki, onda əsərlərini sərgidən sonra satarsan. Belə də oldu, Vaşinqtondakı sərgidən sonra bir çox əsərim satıldı. Hətta Bjezinskilər ailəsinin evinə ziyafətə də dəvət aldım.

- Bu işə pul qazanmaq üçün deyil, tələbat üçün gəlmişsiniz və əsərlərinizi də bir müddət satmamısınız. Bu günə qədər rəssamlıqdan başqa, heç bir işlə məşğul olmamısınız?
- Yox, heç bir işim olmayıb. Tələbatımın ardınca getmişəm. Amma bu, çox yaxşıdır. Sevdiyiniz işi görürsünüz və sizə bunun üçün pul verirlər. Bundan gözəl nə ola bilər ki... Sevdiyin işi görəndə, yorulmaq, bezmək hissi olmur. Ruhunu sakitləşdirmək üçün çəkirsən və bundan pul qazanırsan. Mənim əlimdən başqa heç bir iş gəlmir. Düzdür, əsərlərim çox satılır, amma bundan pul qazanmasaydım, ac qalsaydım belə, yenə bu işlə məşğul olacaqdım.
 


- İlham pəriniz nədir? Yoxsa hər vaxt şəkil çəkə bilərsiniz?
- Mənə hər şey ilham verir. Ətrafda gördüyüm hər şeydən təsirlənirəm. Məsələn, külək əsir, nəyisə götürüb aparır, bir fikir oyanır yaxud maşın səsindən, maşının içindən baxan insandan-hər şeydən təsirlənmək mümkündür. Mən heç vaxt ilham pərisini gözləməmişəm. Mənim üçün bu, adi bir yaşayış tərzidir. Səhər durub əl-üzünü necə yuyursan? Əl-üzü yumaq üçün ilham gözləmirsən ki? Rəsm də mənim üçün belədir.

- Kursa gedib rəssam olmaq mümkündürmü? Yəni hər kəs rəssam ola bilərmi?
- Şəkil çəkməyi 6 ay, 1 il ərzində istənilən adama öyrətmək mümkündür. Amma şəkil çəkmək ayrıdır, yaradıcılıq tam başqadır. Bu ya var, ya da yoxdur. Yaratmaq başqadır, çəkmək başqa. Əfsuslar olsun ki, bunu bizdə fərqləndirə bilmirlər. Hətta bəzi insanlar düşünür ki, rəssam qapı da rəngləyə bilər. Bu, belə deyil...

- Vüqar müəllimin şəkil çəkməsi üçün nə lazımdır. Məkan necə olmalıdır?
- Tam sakitlik. Mən rəsm çəkərkən heç nə eşitmirəm. Otaqda kimsə olsa belə, adaptasiya ola bilmirəm. Texniki işləri görə bilirəm, amma sırf yaradıcılıq alınmır. Simpoziumlarda da gedib otağımda çəkirəm. Ailəmlə yaşayanda gecə hər kəs yatdıqdan sonra işləyirdim. Səhər 6-ya kimi işləyir, günortaya kimi yatırdım.
 


- 30 yaşına qədər iş sata bilməyən rəssam yəqin ki, ilk satdığı əsəri unutmaz...
- Əlbəttə. 1990-cı il idi. Qanlı yanvar hadisələrini işıqlandırmaq üçün Britaniyadan Bakıya Azər Emdadi adlı jurnalist gəlmişdi. Mən də o vaxt "Vətən səsi” qəzetinin illüstrasiya şöbəsinin müdiri idim. Azər xanım dedi ki, çox istərdim Azərbaycanla bağlı bir xatirə aparım özümlə. Dedim, heç axtarmayın mən çəkdiyim bir əsəri sizə verəcəyəm. Yağlı boya ilə limonlardan ibarət natürmort çəkmişdim. Mənə zərf uzatdı. Geri qaytarmaq istədim, Azər xanım dedi ki, bu böyük məbləğ deyil. Dedi ki, əsəri qiyməti bu olmasa da, rəssamın zəhməti simvolik də olsa, mütləq dəyərləndirilməlidir. İlk qazancım 200 rubl idi. Bu mənim iki aylıq maaşımdan çox idi. Yəni ilk satışımı hədiyyə məqsədi ilə vermişdim. Həmin pulla dostlarımın emalatxanasına getdik, qeyd etdik. 

- 7 min dollara satdığınız əsər Yaponiyada 50 min dollara satılıb. Bu, necə hissdir? 
- "Nar” adlı sənət əsəri Tokioda keçirilən "Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb. Bəli, 60 min və daha artıq qiymətə satılan əsərlərim də olub. Xaricdə o qiymətə satılmağı normaldır, çünki milyonçular çoxdur. Bizdə qızıla, brilyanta, mülkə pul verirlər. Çünki bunun bazarı da var. Niyə görə azərbaycanlı mənə 50 min manat versin, sonra da sata bilməsin. Amma xaricdə alıb, daha baha qiymətə sata bilirlər. 

- Hərdən düşünürsünüzmü ki, əcnəbi ölkədə yaşasaydım, rəsmdən daha çox qazardım?
- Mənim bugünkü qazancımın əksəriyyəti xarici ölkələrdən gəlir. Əsərlərimi əcnəbilər alır. Argentinadan Yaponiyaya kimi bütün ölkələrdə əsərlərim var. Kimsə kiminsə evində əsərimi görür, emalatxanama gəlir, bəzən də sərgilərdə alırlar. Mən heyfislənmirəm. Kimsə böyük pul ödəməyə bilər. Əsas odur ki, həmin pul bizi qane edir. Əsərlərimin mənim üçün qiyməti yoxdur. Məndən 1 günə 40 əsər alan da olub. Sonra isə dünyanın ən nüfuzlu qalereyalarında kifayət qədər baha satırlar. Rəssamın əsərləri alınmırsa, günahı özündə axtarmalıdır, cəmiyyətdə yox.
 


- Fransada sizin adınıza at var. Bu necə baş verdi?
- 2000-ci ildə iki fransız senatoru Ambrua Düponla Jan Boye Azərbaycana səfər edirlər və qərara gəlirlər ki, mənim də emalatxanama baş çəksinlər. Gəldilər, bütün işlərimlə tanış oldular. Daha sonra şəkillərimi bəyəndiklərini bildirdilər. Ölkələrinə dönəndən bir müddət sonra öyrəndim ki, Düpon öz cıdır atına mənim adımı verib. Hətta at uzun müddət hippodromda Vüqar adı ilə yarışıb. Soruşanda cavab verdilər ki, əslində bu, böyük şərəfdir. Çünki at zəhmət, mərdlik rəmzidir. Senator da məndən ilhamlanıb, adımı öz atına qoyub.

- Söhbət əsnasında dediniz ki, mən uğurlu olmaq üçün çalışmamışam uğur məni tapıb. Bu necə olur?
- Həqiqətən mən tanımaq, məşhur olmaq, çox qazanmaq üçün çalışmıram. Bu vaxta qədər nə baş veribsə, təsadüflər nəticəsində olub. Buna görə də düşünürəm ki, işini ən yaxşı görən insanı mütləq uğur tapır. Təkcə rəssamlıqda deyil, çəkməçi olsan belə, əgər ən yaxşı çəkməçisənsə, mütləq uğur qazanırsan. Həmişə insan özünə güvənməlidir və ən yaxşı olmaq üçün çalışmalı, ən yaxşı mənəm deyə bilməlidir. Bu zaman uğur sizi tapır.

- 45 yaşınızda ailə qurmuşunuz. Başınız rəsmə qarışmışdı yoxsa necə?
- Bəli, gec ailə qurdum. Qızımın 6 yaşı var. Əslində həyat yoldaşımla 23 yaşında tanış olmuşam, amma əlaqə itib. 21 il sonra qovuşduq. Rayonların birində istirahət edən zaman tanış olmuşduq. Düz 21 il sonra yenidən təsadüfən görüşdük. 7 il öncə evlənmişik. İndi bir qızımız var. Ailəmi də, peşəmi də çox sevirəm. İnsan sevdiyini 50 yaşında da, 70 yaşında da tapa bilər. Əsas odur ki, arada istək olsun.

- Qızınızı da azad böyüdürsünüz?
- Bəli. Qızım da öz seçimini edəcək. Mən buna mane olmaram. Valideynin işi ümumi tərbiyə verməkdir. Amma gələcək həyatında müstəqil insan kimi verəcəyi qərara qarışa bilmərik. Bu, ilk növbədə insandır. Sənin övladın kimi yox, müstəqil insan kimi baxmalısan. Sən ona tərbiyə ilə müəyyən formaya salırsan, amma o formadan sonra necə olacağına özü qərar verəcək. 

Aygün ƏZİZ