• cümə axşamı, 28 mart, 15:26
  • Baku Bakı 16°C

“Əsas uğurum xoşbəxtliyimdir” – Uğur hekayəsi

07.04.17 11:00 6275
“Əsas uğurum xoşbəxtliyimdir” – Uğur hekayəsi


Həyat yoldaşı, övlad, karyerasında uğurlar əldə etmiş iş qadını kimi çox xoşbəxt olduğunu deyir. Sevdiyi işlə məşğuldur, çox gözəl və peşəkar kollektivlə çalışır, qadınların inkişafına az da olsa, töhfəsini verə bilir, ən əsası isə sevdiyi insanla ailə həyatı qurub. Bütün bu nüansları nəzərə alaraq deyir ki, əsas uğuru xoşbəxtliyidir. Onun fikrincə, insan hər şeyi ona görə edir ki, daha da xoşbəxt olsun. Müsahibimiz CyberNet şirkətinin Layihələrin İdarə olunması Şöbəsinin rəhbəri, "Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun həmtəsisçisi Şəhla Məmmədovadır.

- Amerikadan yeni qayıtmısınız. Əvvəlcə səfəriniz barədə məlumat verərdiniz...
- Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən elan edilmiş və Amerika hökuməti tərəfindən maliyyələşdirilən "Women in STEM - Leadership” proqramı çərçivəsində iki həftə ABŞ-da olduq. Bildiyimiz kimi, Azərbaycan hökuməti hazırda iqtisadiyyatımızın diversifikasiyası üçün bir sıra tədbirlər həyata keçirməkdədir ki, bunlardan biri də qeyri-neft sektorunun inkişafı və Azərbaycan məhsullarının xaricə ixrac olunmasının təşviqidir. Perspektivli sahə kimi informasiya texnologiyaları sahəsinin inkişafı və yerli İT məhsulların xarici bazara çıxarılması da bu strategiyanın tərkib hissəsidir. İştirakçısı olduğum bu proqramın məqsədi də həm İT, həm də ümumilikdə STEM sahəsi (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) üzrə təcrübə mübadiləsi, qadınların bu sahədə üzləşdiyi sosial maneələrlə mübarizə metodlarının öyrənilməsindən ibarət idi. Proqram çərçivəsində Amerikada müxtəlif özəl və dövlət qurumlarında, universitet və məktəblərində olduq, müxtəlif İT şirkətləri ilə görüşdük, şirkətlərin İT məhsulları və məhsulların hazırlanma texnologiyaları ilə yaxından tanış olduq, Amerikada və Azərbaycan qadınlarının İT-də rolu barədə fikir mübadilələri apardıq. Açığı, artıq məktəbəqədər təhsil çərçivəsində uşaqlara tədris olunan robototexnika dərslərini, praktik məşğələlərin necə tədris olunduğunu, azyaşlı qızların düzəltdiyi robotları görəndə heyrətləndim. Çox istərdim ki, bizdə də uşaqların kiçik yaşlardan bu sahəyə marağının artırılması və İT vərdişlərə yiyələnməsi üçün oxşar təcrübə tətbiq olunsun. Bir də Amerikada təqaüdə çıxmış insanların sosial aktivliyi məni həqiqətən heyrətləndirdi, bizim yaşlı nəslin sosial aktivliyinin inkişaf etdirilməsi ilə bağlı bəzi ideyalarım formalaşdı, ümid edirəm, yaxın zamanda reallaşdıra biləcəyəm. İT şirkətlərdə mütəxəssislərlə fikir mübadiləsi zamanı görəndə ki, çalışdığım şirkətin iş prinsipi və istifadə etdiyi metodologiyalar, o cümlədən mütəxəssislərin bilik və bacarıqları heç də Amerika şirkətlərindən geri qalmır, əlbəttə, qürurlanırdım.
Təcrübə mübadiləsi ilə yanaşı, məndən əlavə 5 nəfər azərbaycanlı xanım həm də orada ölkəmizi təmsil edirdik, görüşlərdə İT sahəsi, Azərbaycanın təhsili, mədəniyyəti, tarixi, coğrafi mövqeyi və iqlimi, görməli yerləri və s. haqqında məlumatlar verirdik. Bir sözlə, bu çox maraqlı təcrübə idi.


- Şəhla xanım, işdən bir az uzaqlaşaq. Bir qadının xoşbəxt olması üçün nə lazımdır?

- İlk növbədə həmin qadının özünün xoşbəxt olmaq istəməsi lazımdır. Hər şey insanın özündən başlayır. Nə baş verməsindən asılı olmayaraq, pozitiv olmaq, özünü və digərlərini motivasiya etmək və müsbət nəticələrə köklənmək lazımdır. Mən bir qadın, həyat yoldaşı, övlad, karyerasında uğurlar əldə etmiş iş qadını kimi çox xoşbəxtəm. Ona görə xoşbəxtəm ki, sevdiyim işlə məşğulam, çox gözəl və peşəkar kollektivlə çalışıram, qadınların inkişafına az da olsa, öz töhfəmi verə bilirəm. Ən əsası isə sevdiyim insanla ailə həyatı qurmuşam. Məni hər mövzuda dəstəkləyən, başa düşən həyat yoldaşım var. Bütün bu nüansları nəzərə alaraq deyə bilərəm ki, mənim əsas uğurum xoşbəxtliyimdir. İnsan hər şeyi ona görə edir ki, daha da xoşbəxt olsun.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər