• şənbə, 20 Aprel, 17:24
  • Baku Bakı 23°C

Əsas prioritet sosial yönümlülükdür

11.11.17 15:15 2906
Əsas prioritet sosial yönümlülükdür
Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisdə müzakirəsi davam edir. Büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin komitələrində müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Millət vəkili Elman Nəsirov hesab edir ki, yeni büdcə layihəsində sosial yönümlülük qorunub saxlanılıb: "Dövlətimiz sosial dövlətdir. Çünki cənab prezidentin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ona görə də 2018-ci ilin büdcəsi də sosial yönümlüdür və 33,5 faiz sosial xərcləri özündə ehtiva edir. Büdcə layihəsində 1 milyon 330 min pensiyaçı və onların sosial müdafiəsi ilə bağlı addımların atılması öz əksini tapıb. Həkimlərin, müəllimlərin maaşlarının artırılması ilə bağlı təkliflər səsləndirilir. Hesab edirəm ki, plenar iclasda 2018-ci ilin büdcəsi öz təsdiqini tapacaq və qəbul ediləcək. Qeyd edim ki, növbəti ildə ən böyük xərclər hərbi, elm, təhsil və sosial sahələr üçün nəzərdə tutulub. Qeyri-neft sektoru ölkəmizin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Qeyri-neft sektorunun və ixrac yönümlü iqtisadiyyatın inkişafının stimullaşdırılması ilə bağlı bütün məsələlər hazırda ön plandadır. Bu xətt önümüzdəki ildə də davam edəcək. Bir məqamı da qeyd edim ki, Azərbaycanın 2018-ci il üçün büdcəsi Ermənistan büdcəsini 4,5 dəfə qabaqlayır. Azərbaycanın təkcə elm və təhsil üçün ayırdığı xərclər Ermənistanın bütöv büdcəsinin yarısı qədərdir. Hərbi sahəyə ayırdığımız büdcə isə Ermənistanın ümumilikdə bütün büdcəsinə bərabərdir. Ölkəmizin bundan sonrakı davamlı inkişafı ilə bağlı məsələlərin öz həllini tapacağını indidən cəsarətlə demək olar. Xüsusi ilə qeyri-neft sektoru ilə bağlı inkişaf məsələləri və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin təminatı üçün maliyyə vəsaitlərinin təmin edilməsi ön planda olacaq”.

Millət vəkili Azər Badamov da deyir ki, 2018-ci il üçün nəzərdə tutulan büdcə layihəsi əsasən sosial yönümlüdür: "Layihəyə əsasən, bir çox sosial yönümlü investisiya layihələrinin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət büdcəsinin həcmində artım da gözlənilir. Bu isə Azərbaycan iqtisadiyyatının artımı deməkdir. Davamlı iqtisadi inkişaf bu artıma imkan yaradır. Əlbəttə, həyata keçiriləcək olan layihələrin sayı gələn il daha çox olacaq. Hesab edirəm ki, nəzərdə tutulan büdcə layihəsi ölkəmizin dayanıqlı inkişafına tam təminat verir. Bu büdcəni sosial büdcə də adlandırmaq olar. Çünki 2018-ci ildə sosial yönümlü xərclərin tərkibində bəzi artımlar olacaq. Təqaüd və müavinətlərin, əmək haqlarının artımı nəzərdə tutulur. Sosial istiqamətdə investisiya layihələrinin artımı müşahidə ediləcək. Görülən bütün işlər isə Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə Azərbaycan vətəndaşının yaxşı yaşamasının təminatına yönəldiyindən xəbər verir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fərəc Quliyev bildirdi ki, bütün sahələr üzrə prioritetlər büdcə layihəsində qeyd olunub: "Azərbaycan hazırda müharibə şəraitində olan ölkədir. Ona görə də düşünürəm ki, hərbi xərclərimizin artırılması təbii qarşılanmalıdır. Bununla yanaşı, sosial yönümlü məsələlərlə də bağlı büdcə layihəsində müəyyən dəyişikliklər var. Müəyyən məsələlərlə bağlı bizim də təkliflərimiz var. Müharibə aparmağımıza baxmayaraq, Azərbaycanın büdcəsi, bütün sahələri əhatə etməyə çalışır. Bu il neftin qiymətində də müsbətə doğru dəyişikliklər ehtimal edilir. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı ilə bağlı uğurlarımız artıq göz qabağındadır. Amma zənnimcə, bununla kifayətlənmək olmaz. Daha uğurlu nəticələr qazanmaq üçün çalışmaq lazımdır”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər