• çərşənbə, 17 Aprel, 00:40
  • Baku Bakı 14°C

"Əsas odur ki, bir-birimizin əlindən tutmağı bacaraq" - Fotolar

11.05.17 09:30 4252
"Əsas odur ki, bir-birimizin əlindən tutmağı bacaraq" - Fotolar
Sabah ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi olacaq. Danılmaz faktdır ki, İslam Oyunlarının təbliğində ulduz səfirlərin də rolu əvəzsizdir. İslam Oyunlarının başlamasına bir gün qalmış ulduz səfir, əməkdar artist Rafael İsgəndərovla görüşdük.
- Rafael bəy, sabah, ev sahibliyi edəcəyimiz IV islam Oyunlarının açılış mərasimi olacaq. Ulduz səfir olaraq bu oyunlar haqqında sizin də fikirlərinizi eşitmək istərdik.
- Ölkəmiz üçün çox möhtəşəm bir bayramdır. Bu, tarixdir. Biz növbəti dəfə idman aləmində tarix yazırıq. Özümüz də bu oyunlara ev sahibliyi etməklə də tarixə düşürük. Çalışmalıyıq ki, idmançılarımıza dəstək olaq, onları qələbəyə ruhlandıraq. Məhz bu halda, qələbələr bizimlə olacaq. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. Tam əminliklə deyə bilərəm ki, idman yarışlarının mərkəzinə çevrilən ölkəmiz dünyada kifayət qədər tanınır. İslam Oyunlarında həmrəylik var. Söhbət təkcə beynəlxalq həmrəylikdən getmir, millət olaraq içimizdəki həmrəylikdən gedir. Bu, çox önəmlidir. Millətin gücü buradan başlayır. Dünya gördüyümüz işləri yüksək qiymətləndirməyi də bacarar. Əsas odur ki, bir-birimizin əlindən tutmağı bacaraq. Bu, çox önəmlidir. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfuzlu beynəlxalq qurumların etimadı sayəsində respublikamızın Avropa və dünya çempionatlarına, Qran-Pri yarışlarına ev sahibliyi etməsi möhtəşəm bir hissdir. Azərbaycanda Avropa Oyunlarını, 42-ci Ümumdünya Şahmat Olimpiadasını, "Formula-1” üzrə Avropa Qran-Pri yarışlarını yüksək səviyyədə təşkil edib. Bu il isə paytaxtımız daha bir mötəbər tədbirə ev sahibliyi edəcək və biz də onun iştirakçılarından biri olacağıq.İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsinə 4 qitədən 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi Oyunları Federasiyası (İHOF) nəzarət edir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate, tennis, avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilib. Ölkəmiz Bakı-2017 IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşır. Azərbaycan bu mötəbər tədbirin İslam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir.
- Bəs, siz nec,ə oyunları izləməyə gedəcəksinizmi?
- Əlbəttə. Mən də bir Azərbaycan vətəndaşı olaraq bu oyunları izləməyə gedəcəyəm. İdmançılarımıza mənəvi dəstək olmağa çalışacağam.
- Hansı idman növünə azarkeşlik edəcəksiniz?
- İndidən qərarlaşdırmışam ki, güləş, boks və atıcılıq üzrə gedən yarışları izləyim. Artıq işlərimi elə tənzimləmişəm ki, həmin gün ancaq azarkeşlik edəcəyəm. Bütün günümü və qüvvəmi bu işə həsr edəcəyəm (gülürük).
- Özünüz idmanla məşğul olursunuzmu?
- İdmançı deyiləm, ancaq idmanla məşğul oluram. 7 yaşımdan bu günə qədər idmanla məşğulam və idmanla məşğul olmağı sevirəm. Bunun da xeyrini görürəm.

- Ulduz səfir olaraq IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq proseslərindən xəbərdar olursunuzmu?
- Biz özümüz səfirlərə aid olan işlərin bacardığımız qədər öhdəsindən gəldik. Dünən aldığımız məlumatlara görə də, hər şey qaydasındadır. Sabah möhtəşəm bir açılış mərasimi baş tutacaq.
-IV İslam Həmrəyliyi Oyunlar ölkəmizə nə qazandıracaq?
- Onsuz da ölkəmiz beynəlxalq arenalarda kifayət qədər tanınır. Bu oyunlara ev sahibliyi etməklə, ölkəmiz daha da tanınacaq. Bütün dünyanın gözü Azərbaycanda olacaq. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İlk Avropa Oyunları "Bakı – 2015” - də olduğu kimi, sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının tarixində yeni səhifə açılacaq. Bu, təkcə idman tədbiri deyil.Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan prinsipial, ədalətli mövqeyi ilə seçilir. Təbii ki, bu oyunların ölkəmizdə keçirilməsi islam dünyasının bir parçası olan Azərbaycanın ərazisində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verəcək, sülhsevər siyasətini bir daha dünyaya bəyan edəcəkdir. Ölkəmizə gələcək İslam Həmrəyliyi Oyunlarının iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant mədəniyyəti ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
- Tez-tez sizi Coşqun bəylə birlikdə IV İslam Həmrəylim Oyunlarının reklam çarxlarında da görürük.
- Vətəndaşları məlumatlandırmaq bizim borcumuzdur. Ulduz səfir olaraq bu, bizim əsas vəzifələrimizdən biridir.
- Ulduz səfir olaraq daha hansı vəzifələriniz var?
- Ulduz səfirlərin əsas işləri təbliğatdan ibarətdir. İnandırım sizi, bu günə qədər bizimlə əlaqə saxlayıb sual edirlər ki, oyunlar nə vaxt başlayır, nələr olacaq, açılışda kimlər gələcək? Həmin suallara lazımınca cavablar veririk. İnsanları məlumatlandırırıq. Bilirsiniz ki, oyunlar başlamışdan öncə ulduz səfir olaraq, bir çox bölgələrimizə getdik. Yarışlarda iştirak etdik. Əsas vəzifələrimizdən biri də təbliğatdır. Ümid edirəm ki, biz də bu vəzifənin öhdəsindən gələ bilirik.
- "Bu şəhərdə” komandasının konsert proqramları necə, gözlənilirmi?
- "Bu şəhərdə”nin konsertləri ildə iki dəfə yazda və payızda olur. Biz yayda ancaq istirahət edirik. Biz dincəlsək də, ancaq ssenaristimiz, dostumuz Müşfiq Abbas dincəlmir. O, işə bizdən qabaq başlayır. Ssenariləri yazır və səhnəcikləri hazırlayır. Konsertə ay yarım qalmış, bizdə səfərbərlik olur və iş başlayır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər