• şənbə, 20 Aprel, 07:45
  • Baku Bakı 14°C

Əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir

28.04.17 13:00 1153
Əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunub. Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunub. Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib. Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Müzakirələr zamanı AŞ PA-dakı Türkiyə nümayəndə heyəti ilə bərabər, Azərbaycandan olan nümayəndə heyəti də buna öz etirazını bildirib. Ancaq buna baxmayaraq, sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib.

AŞ PA-nın yaz sessiyasının plenar iclasında Türkiyə ilə əlaqədar qəbul edilən qərar qardaş ölkədə olduğu kimi Azərbaycan cəmiyyətində də narazılıqla qarşılanıb. Millət vəkilləri, siyasətçilər, politoloqlar Türkiyəyə qarşı olan qərarı ədalətsiz və qərəzli münasibət kimi qiymətləndiriblər. Milli Məclisin Müdafiə,təhlükəsizlikvəkorrupsiyailəmübarizəkomitəsinin üzvü Zahir Oruc da bu hadisəni şərh edərkən deyib ki, AŞ PA-nın siyasi təzyiq alətinə çevrilməsi acınacaqlı vəziyyətə gətirib çıxaracaq. O, eyni zamanda bildirib ki, AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Millət vəkilinin sözlərinə görə, bu qərar təşkilatda islamofob meyillərin üstünlük təşkil etdiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Deputat AŞ PA-nın monitorinqlərinin müxtəlif dairələrin mənafeyinə xidmət etdiyini, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güddüyünü də söyləyib. O, Azərbaycanın da zaman-zaman belə ədalətsizliklərlə, ikili standartlarla üzləşdiyini vurğulayıb. Z.Oruc qeyd edib ki, bu qərarın qəbul edilməsi Türkiyənin demokratik nailiyyətlərini, uzun illər ərzində keçdiyi yolu, regional təhlükəsizliyin təminatına verdiyi töhfələri heçə saymaq deməkdir: "Avropa Şurasının missiyası ondan ibarətdir ki, böyük bir qitə arealında dövlətlər arasında sülhü, əməkdaşlığı təşviq, eyni zamanda, daxildə islahatlar prosesinə kömək etsin, hüquqi cəhətdən vahid bir ailənin yaradılmasına təsir göstərsin. Bu qurum heç bir halda məhkəmə təsisatı deyil və onun müəyyən dairələrin əlində siyasi təzyiq alətinə çevrilməsi çox acınacaqlı vəziyyətə gətirib çıxaracaq. Türkiyə bu şəkildə məhkəməyə çəkilə bilməz. Əksinə, bu ölkə beynəlxalq birlik tərəfindən ən yüksək yardımlara layiq görülməlidir. Çünki bu gün Yaxın Şərqdə sabitliyin təmini, miqrantlarla bağlı problemin həlli istiqamətində Türkiyənin gördüyü işlər göz qabağındadır. Söz yox ki, Türkiyənin getdikcə güclənməsi, onun əldə etdiyi uğurlar bir çoxlarını narahat edir. Buna görə də bu ölkə ilə bağlı belə cılız maneələr yaradılır. Amma bu cəhdlər əbəsdir. Türkiyənin daxili işlərinə qarışmaq, kənardan idarəçilik şərtləri diktə etmək yolverilməzdir. Bununla heç bir nəticəyə nail olmaq mümkün deyil”.

Milli Məclisin deputatı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev də hadisəni şərh edərkən AŞ PA-da Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin fəaliyyət göstərməsinə diqqət çəkib. Deyib ki, AŞ PA-nın ədalətsiz olaraq Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı da məhz bundan irəli gəlir. Millət vəkili qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə dəfələrlə beynəlxalq təşkilatlarda haqsızlıq və ikili standartlarla qarşılaşıblar. Onun sözlərinə görə, buna baxmayaraq, hər iki ölkə birlikdə həmin qurumlarda öz sözlərini deməlidir: "Biz beynəlxalq təşkilatlarda fəaliyyətimizi davam etdirməli, öz mövqeyimizi ortaya qoymalıyıq. Bu gün də AŞ PA-da qardaş Türkiyəyə qarşı qərəzli mövqe sərgilənməkdədir. Biz də öz mövqeyimizi, haqlı səsimizi çatdırmalıyıq. Dövlət başçısı İlham Əliyevin AŞ PA-dakı uğurlu fəaliyyəti dövründən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi düzgün şəkildə bəyan olunub və AŞ PA-nın münaqişə ilə bağlı qərarlarında ölkəmizin ərazi bütövlüyü təsbit olunub. Bu, Azərbaycanın xarici siyasətinin qələbəsidir. Orada düşmən Ermənistan da var və biz onların qarayaxma kampaniyasının cavabını verməliyik. Azərbaycan dövləti öz mövqeyini mütləq şəkildə AŞ PA-da nümayiş etdirməlidir”.

Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl da hesab edir ki, AŞ PA-nın qərarında əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərməkdir. Ekspertin sözlərinə görə, 2004-cü ildə əslində Türkiyə bu vəziyyətdən çıxıb, təkrar bu vəziyyətə dönmək isə təbii ki, müsbət hal deyil: "Avropanın bu qərarı ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Bu səbəbdən Türkiyə Xarici İşlər Nazirliyi artıq qərara ciddi şəkildə etirazını bildirib və vəziyyətin doğru yöndə qiymətləndirilməsini istəyib. Avropadakı bəzi siyasi qrupların əlinə Türkiyədəki çevriliş cəhdindən sonra bir fürsət düşüb. Onlar bu fürsətdən istifadə edərək Türkiyənin bir sıra terror qruplarına qarşı mübarizə əzmini zəiflətmək istəyirlər. Avropa siyasətçiləri Türkiyənin daxili işlərinə müdaxilə etməyə çalışırlar”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər