• şənbə, 20 Aprel, 04:45
  • Baku Bakı 15°C

Əsas məqsəd savadlı kadrların yetişdirilməsidir

12.12.17 09:15 2841
Əsas məqsəd savadlı kadrların yetişdirilməsidir
Tarix dəfələrlə sübut edib ki, təhsilin olmadığı bir cəmiyyət gec-tez məhvə məhkum olur. Çünki təhsil bir millətin keçmişi, bu günü və gələcəyidir. Və heç də təsadüfi deyil ki, inkişaf etmiş əksər ölkələr dövlətin inkişafının təhsilin inkişafı ilə birbaşa bağlı olduğunu vurğulayırlar. Təəssüflər olsun ki, Sovet imperiyasının tərkibindən ayrıldıqdan sonra ölkəmizdə yaşanan durğunluq təhsil sahəsindən də yan ötmədi. Son illər bu sahədə xeyli islahatlar aparılsa da, hələ də müəyyən boşluqlar qalmaqdadır desək, yəqin ki, yanılmarıq. Çünki təhsil elə bir sahədir ki, burada görülən işlər bir neçə gün ərzində öz bəhrəsini verə bilməz. Bunun üçün aylar, illər tələb olunur.
Bir müddət öncə Prezidentİlham ƏliyevBakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzaladı. Həmçinin dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair öz tapşırıqlarını verib. Bəs görəsən universitetlərin belə status qazanması onların fəaliyyətinə necə təsir göstərəcək? Ümumiyyətlə, bu status onlara hansı yeni imkanları qazandıracaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovdeyir ki, publik hüquqi şəxs statusu universitetlərə sərbəst fəaliyyət göstərmək şansı verir: "Çünki publik hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün imkanları daha da genişlənir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində bu yaxınlarda sahibkarlıqla əlaqədar olaraq çox ciddi proqramlar həyata keçirilib. Publik hüquqi şəxs statusu o deməkdir ki, müəssisə tam olaraq dövlət tərəfindən maliyyələşmir və daha çox öz vəsaitlərinə arxalanır. Bu, iqtisadiyyatın inkişafı baxımından çox vacib bir məqamdır. Bundan başqa, universitetlərin tam sərbəst fəaliyyət göstərməsi baxımından da sərəncam müsbət hal kimi qiymətləndirilə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov bizimlə söhbətində bildirdi ki, əsas məqsəd universitetlərin və o cümlədən növbəti dövrlərdə orta məktəblərin müasir idarəetmə tələblərinə uyğunlaşdırılması məsələsidir: "Dünyada gedən qlobal inkişaf prosesləri və yeni yanaşmalar universitetlərdə menecmentin təkmilləşdirilməsi və eyni zamanda özünümaliyyələşməni tələb edir. Belə bir şəraitdə isə universitetlərin statusunun dəyişdirilməsinə ehtiyac yaranır. Göründüyü kimi, universitetlərə publik hüquqi şəxs statusu verilməsi prosesinə artıq ölkəmizdə də start verilib. Bunun ən üstün tərəflərindən biri universitetlərin maliyyə daxilolmalarını artırmaq imkanlarınının genişləndirməsidir. İndiki dövrdə isə bu proses daha çevik idarəetmə mexanizmi tələb edir. Çünki universitetlər sərəncamla yeni səlahiyyətlər əldə edirlər. Əslində qabaqcıl dünya təcrübəsində universitetlərin idarəçiliyi marketinq prinsipləri əsasında təşkil olunur. Bu isə ən əhəmiyyətli məqamlardan biridir. Həmçinin universitetlər digər maliyyə mənbələrindən istifadə etməklə bu vəsaitlərin idarə və qəbul olunması səlahiyyətləri əldə edirlər. Ümumiyyətlə götürəndə, universitetlərin bu prinsiplər əsasında inkişaf etdirilməsi gələcəkdə bazarın tələbinə uyğun universitet mexanizmlərinin təkmilləşdirilməsini şərtləndirəcək. Çünki hazırda bu istiqamətdə ciddi problemlər var. Bəzi ali təhsil ocaqları dövlət tərəfindən maliyyələşdirildiyi üçün heç bir halda reytinq haqqında düşünmürlər. Amma publik hüquqi şəxs olduqdan sonra universitetlər məcburdurlar ki, öz reytinqləri üzərində işləsinlər. Beləliklə, təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsi gündəmə gələcək. Çünki faktiki olaraq real bazar şərtləri daxilində bu mexanizm özü universitetlərin təhsilin keyfiyyətini yüksəltməsi zərurətini ortaya qoyur və beləliklə, məcburi də olsa, universitetlər inkişaf etməli olacaqlar. Düzdür, müəyyən çətinliklər ortaya çıxacaq. Amma əsas məsələ yerli təhsil ocaqlarının inkişafı və savadlı kadrların yetişdirilməsidir. Düşünürəm ki, bu, əsas prinsip olaraq götürülməlidir. Məhz ali təhsil mərkəzlərinə publik hüquqi şəxs statusunun verilməsi bu kimi bir sıra problemlərin həllində yardımçı olacaq”.
Təhsil eksperti, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov deyir ki, publik hüquqi şəxs statusu universitetlər üçün ilk növbədə maliyyə azadlığı baxımından əhəmiyyət kəsb edir: "Bu hüquq imkan verir ki, universitetlər öz maliyyə strukturlarını aidiyyatı üzrə istifadə edə bilsinlər. Burada həm büdcədən, həm də büdcədən kənar vəsaitlər nəzərdə tutulur. Qeyd edim ki, publik status universitetlərin beynəlxalq əlaqələrinə də xeyli müsbət təsir göstərəcək. Təqdim olunan imkanlardan istifadə etməklə, tələbələrin xaricdə təhsil alma imkanlarının operativliyini artırmaq olar. Həmçinin xaricdən tələbələr gəlib bu universitetlərdə təhsil ala bilərlər ki, bu bizim üçün də maraqlıdır. Çünki vaxtilə bir çox ölkələrdən insanlar Azərbaycana təhsil üçün gəliblər. Bu gün ali məktəblərin öz potensialından istifadə etməklə bunu daha da genişləndirmək mümkündür. Bundan başqa, publik hüquqi şəxs statusu müəllimlərin əmək haqlarının artmasına gətirib çıxara bilər”.
Ekspertin sözlərinə görə, bundan sonra ixtisaslaşma daha dərindən aparılacaq: "Belə olan təqdirdə, hər bir ali məktəb müvafiq ixtisaslar üzrə mərkəzləşəcək ki, bu da öz növbəsində təhsilin inkişafında faydalı ola bilər. Hesab edirəm ki, ilkin nəticələr gözdən keçirildikdən sonra digər ali məktəblərə də bu status şamil edilə bilər. Dünya təcrübəsində belə nümunələrin sayı həddən artıq çoxdur. Mən Amerika Birləşmiş Ştatlarında bir neçə universitetdə təcrübədə olmuşam. Orada universitetlər öz qaydaları əsasında müstəqil fəaliyyət göstərir. Həmin universitetlərin geniş maliyyə imkanları var. Həmçinin rəhbərlərin seçilməsi məsələsi də çox mühümdür. Çünki ictimaiyyət də bu prosesdə yaxından iştirak edir. Düzdür, Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, bu sahələrdə də müəyyən boşluqlar yaranmağa başladı. Biz hazırda müharibə şəraitində yaşayırıq. Təbii olaraq icra olunan mexanizmlər günün tələblərinə uyğunlaşdırılır. Amma yaxın gələcəkdə bunlar dəyişdiriləcək və tələblər artacaq. Çünki özümüz də istəyirik ki, bizim tələbə və məzunlarımız dünyanın istənilən ölkəsində təhsil alıb, peşəkar kadr kimi özlərinə iş tapa bilsinlər. Nəticə olaraq biz məhz bu amala xidmət edirik”.
"Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü mövzu ilə bağlı bəzi məqamları qeyd etdi: "Bu, 2005-ci ildə Azərbaycan təhsil sisteminin qoşulduğu Bolonya prosesinin tələblərinə tam olaraq uyğundur. Sərəncam imkan verir ki, adları çəkilən universitetlər tam olaraq həm kadr qəbulu və hazırlığı, həm də maliyyə məsələlərinin idarə edilməsi, tələbələrin hüquqlarının müdafiəsi işlərini müstəqil olaraq həyata keçirsinlər. Ümumiyyətlə, sərəncamın nəticəsində bu universitetlər elmi axtarışların və tədqiqatların aparılmasında tam olaraq müstəqil fəaliyyət göstərə biləcəklər. Əvvəllər universitetlər Təhsil Nazirliyinin tabeliyində idi və onlar bəzi problemlərdən tam şəkildə azad olunacaqlar. Bu, Avropa təhsil sisteminə inteqrasiyada universitetlər üçün verilən ən vacib bir hüquqdur ki, bizim universitetlər bu hüquqdan faydalı şəkildə istifadə etməklə, Avropa vahid ali təhsil məkanında özlərinə layiqli yer tuta biləcəklər. Bildiyiniz kimi, təhsil sistemimiz Avropa təhsil standartlarına inteqrasiya etmək üçün istiqamət götürüb və bu istiqamətdə inkişaf etmək üçün böyük əzmkarlıq göstərir. Universitetlər də öz gələcək planlarını məhz bu istiqamətdə qururlar. Publik hüquqi şəxs statusu tələblərin tam olaraq həyata keçirilməsinə geniş imkanlar yaradacaq. Çünki inkişaf etmiş ölkələrin bir sıra ali təhsil ocaqları müstəqil formada fəaliyyət göstərirlər”.
Bakı Dövlət Universitetinin rektorunun iqtisadi məsələlər üzrə müşaviri Məzahir Sultanov "Kaspi”yə açıqlamasında bildirib ki, ali məktəblərin publik hüquqi şəxs elan olunması yeni idarəçilik formasına keçiddir: «Bu o demək deyil ki, publik hüquqi şəxs elan olunandan sonra təşkilat və ya təhsil ocağı dövlət tərəfindən maliyyələşdirilməyəcək. Həm dövlət hesabına, həm də özünün gəlirləri hesabına fəaliyyət göstərəcək”. M.Sultanovun sözlərinə görə, hazırda müvafiq dövlət sərəncamından irəli gələn məsələlərin üzərində əlaqədar dövlət orqanları işləyir: "Yeni nizamnamə forması hazırlansa da, hələ ictimaiyyətə təqdim olunmayıb. Hazırda ölkədə 6-7 təşkilat publik hüquqi şəxs elan olunub. Onların fəaliyyəti haqqında heç bir məlumatımız yoxdur. Ali təhsil müəssisələrinin idarə olunması isə publik hüquqi şəxs elan olunan digər təşkilatlardan tamam fərqlidir. Burada yeni forma və metodlar var. Bütün bunlar aydınlaşandan sonra biz də öz fəaliyyətimizi necə yürütməyi müəyyənləşdirəcəyik”.
Şəbnəm Mehdizadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
banner

Oxşar Xəbərlər