• çərşənbə axşamı, 19 mart, 09:28
  • Baku Bakı 8°C

“Əsas kriteriyamız layihənin maraqlı olmasıdır”

26.08.17 09:30 6010
“Əsas kriteriyamız layihənin maraqlı olmasıdır”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən keçirilən 10-cu qrant müsabiqəsi ötən ay başa çatdı, nəticələr açıqlandı. Müsabiqəyə "A” (gənclər təşkilatlarının yerli layihələri), "B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və "C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 2017-ci il aprelin 24-dən mayın 15-dək 1799 layihə təklifi daxil olub. 568 layihə barəsində müsbət qərar qəbul edilib. Müsabiqənin yekunları ilə bağlı fondun icraçı direktoru Fərhad Hacıyevlə söhbətləşdik.
- 10-cu qrant müsabiqəsi başa çatdı. Gəlin, əvvəlcə daha öncəki, 9-cu müsabiqədən danışaq. Nəticə necə oldu?
- İlk olaraq qeyd edim ki, bizim fond ölkə başçısının şəxsi təşəbbüsü ilə yaradılıb. Əsas məqsəd isə gəncləri maraqlandıran, düşündürən, bugünkü maraqlarına cavab verən layihələri həyata keçirmələrinə şərait yaratmaqdır. İndiyə qədər keçirdiyimiz 10 müsabiqənin hər biri digərlərindən fərqlənib, maraqlı olub. Hələ lap əvvələ qayıtsaq, birinci dəfə biz bu müsabiqəni təşkil edəndə, 19 fərdi layihə daxil olmuşdusa, sonuncuda bu rəqəm 1800-ə yaxınlaşmışdı. 100 dəfəyə yaxın artım var. Bu ona dəlalət edir ki, gənclər bizə inanırlar, onların aktivliyi artıb. Birinci müsabiqədə təqdim olunan layihələr yalnız Bakıdan idisə, indi ən ucqar kəndlərdən də daxil olur. O layihələr təkcə şəhərin mərkəzlərində deyil, kənd məktəblərində, klublarda, hansısa dərnəklərdə, düşərgələrdə, regionlarda keçirilir. Bizim də əsas məqsədlərimizdən biri region gənclərinin aktivliyini artırmaq, onların ölkədə həyata keçirilən böyük işlərdə iştirakçı qismində çıxış etmələrinə imkan yaratmaqdır. Bu mənada, 9-cu müsabiqəmiz uğurları ilə yadda qaldı. Əsas uğurumuz regionlarla bağlı layihələrə üstünlük verilməsi oldu. İndi biz 9-cu müsabiqə layihələrinin hesabatlılıq prosesindəyik. Görürük ki, həqiqətən də regionda layihələr daha böyük maraqla qarşılanır, daha böyük həvəslə həyata keçirilir. Xüsusilə region məktəblərində yuxarı sinif şagirdləri arasında keçirilən layihələr maraqla qarşılanır. Bundan sonrakı müsabiqələrdə də regionları diqqətdə saxlamağa çalışacağıq.
- Regionlarla bağlı layihələrin çox olması müsbət haldır. Maraqlıdır, layihəni təklif edənlər regionda yaşayan gənclərdir, yoxsa Bakıda fəaliyyət göstərənlər bu təşəbbüslə çıxış edirlər? Regionlarda yaşayan gənclər nə dərəcədə aktivdirlər?
- Bəli, bəzən Bakıda fəaliyyət göstərən gənclər təşkilatları regionlarda layihələr icra edirlər. Bu qaçılmazdır. Bizim regionlardakı gənclər təşkilatlarının sayı Bakıdakı kimi çox deyil. Hər regiona 2-3 təşkilat düşürsə, Bakıda onların sayı dəfələrlə çoxdur. Müsabiqədə bizim yazılmamış bir şərtimiz var ki, hansısa regionla bağlı layihə təqdim edən şəxs həmin regionda qeydiyyatda olsun. Təbii ki, heç kimə bu sahədə qadağa qoya bilmərik, amma bu arzuolunandır. Öz regionu ilə bağlı layihə təklifi olanda biz ona üstünlük veririk. Çünki şəxs yaşadığı yerin problemlərini, həyat tərzini, adət-ənənələrini daha yaxşı bilir. Amma layihə maraqlıdırsa, biz onu müəllifinin qeydiyyatda olduğu yer məsələsinə baxmadan da qəbul edirik. Azərbaycan Respublikasının vətəndaşıdırsa, istənilən yer üçün verə bilər.
- 9-cu müsabiqənin regionlarla bağlı layihələrlə seçildiyini dediniz. Bəs 10-cu qrant müsabiqəsində fərqli nə olacaq?
- Vətənpərvərlik, sağlam həyat tərzinin təbliği, ictimai həyatda aktivliyin artırılması, ekologiyanın qorunması kimi ənənəvi istiqamətlərimiz var. Bununla yanaşı, hər müsabiqədə layihə təklifi ilə bağlı yeni istiqamətlər müəyyən edirik. 10-cu müsabiqədə də belə yeniliklər oldu. İctimai həyatda davranış qaydalarının aşılanması məsələsi istiqaməti əlavə olundu. Çünki həmin problem bu gün çox adamı narahat edir. Könüllülük hərəkatının inkişafı da yeni bir bölmə oldu. Ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə böyük miqyaslı tədbirlərin keçirilməsindən sonra bu istiqamət geniş vüsət alıb. Gənclərin peşə seçimi məsələsinə yardımçı olacaq təlimlərə diqqət ayırmışıq. Bundan başqa, regionlarda kənd təsərrüfatı ilə məşğul olan gənclərə müəyyən məlumatların verilməsi, ümumiyyətlə, biznes biliklərinin aşılanması kimi sahələrə bu dəfə xüsusi üstünlük vermişik. Vətənpərvərlik mövzusu da bizdə hər zaman önəmli olub. Ulu öndər Heydər Əliyev gənclərimizi vətənpərvər görmək istəyirdi. Onun ideyalarında, yürütdüyü siyasətdə də bu məsələ önəm daşıyırdı. Aprel döyüşlərindən sonra vətənpərvərlik mövzusu böyük aktuallıq kəsb edir, gənclərimiz də böyük maraq göstərirlər. Biz də bunları nəzərə alaraq vətənpərvərlik istiqamətində olanlara üstünlük verdik.
- Layihəsi qəbul olunmayanlar çox vaxt deyirlər ki, yaxşıydı, amma qəbul etmədilər. Maraqlıdır, kriteriya olaraq nəyi əsas götürürsünüz, hansı layihələr kənarda qalır?
- Layihəsi olan istənilən gənclə söhbət edərkən görürsən ki, hamısının təsəvvüründə öz layihələri ən yaxşı və daha vacibdir. Gənclər maksimalistdir, biz də heç kimin xətrinə dəyməməyə çalışırıq. Amma hamının layihəsi dəstəklənə bilməz. Həm büdcə məhdudiyyəti, həm də layihənin gündəmlə uzlaşması məsələsi var. Bizim əsas kriteriyamız layihənin maraqlı olmasıdır. İstənilən halda layihə bugünkü çağırışlara cavab verməlidir. 21-ci əsrdə yaşayırıq, müstəqil ölkənin gəncləri dünya vətəndaşları ilə ayaqlaşmalıdır. Onların fəaliyyəti, həyatı dünya vətəndaşından geri qalmalı deyil. Dövlətimizin imkanları, gənclərimiz üçün yaradılan şəraitlər bunu diqtə edir. Ona görə layihə maraqlı olmalıdır. İkincisi, layihənin dəyərləndirməsi ilə büdcənin uyğunluğunu nəzərə alırıq. Bəzən gənc böyük bir televiziya layihəsi təklif edir. Biz o layihənin büdcəsini hesablayanda çox böyük bir məbləğ ortaya çıxır. Gənc isə deyir ki, 3-4 min manata edərəm. Bu zaman biz həmin layihənin o məbləğlə icra olunacağının qeyri-real olduğunu düşünürük. Başa düşürük ki, o gənc heç vaxt televiziya ilə bağlı layihədə çalışmayıb. Çünki televiziyada hansısa bir layihə təqdim etmək heç də asan və az məbləğlə başa gəlmir. Adi bir neçə dəqiqəlik videoçarxın çəkilməsi bəzən böyük bir komanda işi, xeyli maliyyə tələb edir. Bəzən də kiçik bir iş üçün böyük büdcə tələb edirlər. Hansısa 2 günlük təlim üçün şişirdilmiş məbləğ istənilir. Təbii ki, o cür layihələr kənarda qalır. Müsabiqə öncəsi bəzi prioritetlər müəyyənləşdiririk. Onlardan kənar olan layihələr dəstəklənmir. Amma layihə fövqəladə maraq kəsb edərsə, biz o prioritetlərdən də güzəştə gedirik.
- Bir çox layihələrdə iştirak edirik. Bəziləri çox gözəl keçirilsə də, bir qismində əksini görürük. Layihələrin icra olunmasına nəzarət mexanizmi necədir? Keyfiyyət Fondu qane edirmi?
- Bizim kollektivimiz balacadır. Hər müsabiqədə 400-600 layihəni dəstəkləyirik. Onların hamısına nəzarət etmək, monitorinqini aparmaq təbii ki, mümkün deyil, bizim o imkanımız yoxdur. Amma biz layihələrdə hesabatlılıqda maliyyə hesabatı ilə yanaşı, foto və video hesabatı da istəyirik. Foto və video hesabat üçün də maliyyə ayrılır. O bəndə xüsusi diqqət ayırırıq. Szinlə razıyam ki, bütün layihələr heç də öncə danışılan, təqdim olunan kimi keçirilmir. Onlar maliyyə hesabatı zamanı nəzərə alınır. Biz maliyyənin 70 faizini layihə keçirilməmişdən öncə ödəsək də, 30 faizi hesabat qaydasında olanda köçürürük. Hesabat düzgün olmayanda, maliyyənin müəyyən hissəsini kəsib dövlət büdcəsinə qaytarırıq ki, növbəti layihələrə sərf olunsun. Layihələrin böyük əksəriyyətində nümayəndə iştirak edir, müşahidə aparır, gəlib bizimlə bölüşür. Hər müsabiqədən sonra biz böyük gənclər təşkilatlarının rəhbərlərini də dəvət edib icra sahəsində olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparırıq. Düzü, icraya nəzarəti 100 faiz təmin edəcək bir mexanizm tapılmayıb. Bu təkcə bizim problem deyil. Dünyada bu sahədə çalışan şəxslərlə də əlaqələrimiz var, onlar da buna tam nəzarət etməyin mümkün olmadığını deyirlər. Ya gərək dəstəklənən layihələr qədər əməkdaş olsun ki, gedib nəinki müşahidə etsin, həm də iştirakçı olsunlar. Yaxud da ki, cəza mexanizmi olaraq maliyyəsi kəsilsin.
- Layihələrin icra keyfiyyəti ildən-ilə necə dəyişir?
- Əvvəllər bizimlə əməkdaşlığa səthi yanaşan təşkilatlar son illər məsələnin ciddiliyini anlayıblar, nəzarətin gücləndiyini bilirlər. Bir çox QHT və layihəsi qalib gələnlər əvvəllər hesabatın çətin olmasından gileylənirdilər, bildirirdilər ki, gənclər təşkilatları, gənclər layihə keçirərkən bir az sərbəst olmalıdırlar. Biz əslində sərbəstlik veririk. Heç vaxt layihəni harda keçirmələri, hansı təşkilatla keçirmələri və s. kimi işlərə qarışmırıq. Hamısı gəncin, yaxud təşkilatın öz işidir. Bizə lazım olan layihədə əks olunanların icrasıdır. Heç də bütün hallarda bu belə olmur. Hər müsabiqədə layihələrin icrası zamanı maraqlı faktlar üzə çıxır. Müsabiqədən sonra onlar nəzərə alınır, neqativ halların aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirilir. Biz hüquq mühafizə orqanı deyilik ki, cəzalandıraq. Gənclərlə işləyən bir qurum kimi onları da başa düşürük. Bəzən gənc maraqlı bir layihə təqdim edir, qəbul edirik. Amma layihənin icrası zamanı təcrübəsi olmadığı üçün müəyyən problemlərlə qarşılaşır. O halda biz gəncə müəyyən güzəştə getməyə çalışırıq. Ümumiyyətlə, layihələr əməkdaşlar arasında bölünür, hərəsinin öz kuratoru var. Layihələr icra olunmamışdan əvvəl gənclərə nələri bilməli olmaları ilə bağlı təlim də keçirik. Yüz faiz olmasa da, böyük əksəriyyətinə nəzarət edilir.
- Təqdim olunan layihələr gözləntiləri doğruldur? Daha hansı layihələrin təqdim edilməsini gözləyirsiniz?
- Bəzi sahələrdə doğruldur, bəzisində yox. Məsələn, vətənpərvərlik sahəsi doğruldur. Artıq 20 ildir gənclər sahəsində işləyirəm və böyük fərq olduğunu deyə bilərəm. 21-ci əsrdə məlumat sərhədləri açıqdır, informasiyanın ötürülməsi üçün saniyələr lazım olur. Demək olar ki, dünyanın çox yerində bütün milli məsələlər silinir. Azərbaycanda vətənpərvərlik ruhu inkişaf edir. Gənclərimizin vətənə, torpağa, elinə-obasına olan münasibəti daha da güclənir. Düzdür, gəncləri həmişə tənqid etmək olar. Bəşəriyyət yaranandan həmişə yaşlı nəsil gəncləri tənqid edib. Amma gənclərin içində olanda bu daha çox hiss olunur. Məsələn, mən kənd yerlərində olan layihələrə üstünlük verilməsini istəyərdim. Söhbət təlimlərdən, düşərgələrdən getmir. Məsələn, kənd təsərrüfatı sahəsinə gənclərin marağını artıracaq, informasiya texnologiyalarına diqqətlərini yönəldəcək layihələr çox olsa gözəl olar. Dünyada müəyyən trendlər var və gənclərimiz onlarla ayaqlaşmalıdır. Dövlət şərait yaradıbsa, niyə ondan səmərəli yararlanmayaq? Niyə gənc layihəni icra etməklə həm özünə, həm də dövlətinə xeyir verməsin? Bu gün istifadə etdiyimiz sosial şəbəkələr hansısa gəncin bir təşəbbüsünün nəticəsidir. Niyə bizim gənclər bu sahədə aktiv olmasınlar? Bədii sahədə də layihələr maraqla qarşılanar. Yaxud teatr və kinoya da önəm vermələrini istəyərdim. Düzdür, belə layihələr indi var. Hansısa bir sosial məsələni qabartmaq üçün qısa tamaşalar edirlər, maraqlı alınır. Xüsusilə gənclərdən ibarət o truppalar regionlarda o tamaşaları göstərəndə daha effektli olur. Çünki insanları düşündürür. Sosial çarxlara önəm vermək lazımdır. Aktiv, yaradıcı potensialı olan gənclərimiz çoxdur və onların bu mövzuya fkir vermələrini istəyərdim.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər