Ermənistanın yerin altındakı xisləti
Azad
olunan ərazilərdə 4,5 milyon ədəd mina basdırılıb
Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ildir davam edən işğala son
qoydu. 44 günlük Vətən Müharibəsi dövründə Rəşadətli Ordumuz Ermənistan silahlı
birləşmələrini Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarından, Hadrut
qəsəbəsindən, eləcə də, Xocalı və Xocavəndin bir çox yaşayış məntəqələrindən,
Şuşa şəhərindən iti qovan kimi qovdular. Döyüş meydanında minlərlə canlı
qüvvəsi, yüzlərlə hərbi texnikası, silah-sursatı məhv olan düşmən, Ağdam,
Kəlbəcər və Laçını Azərbaycana təslim etmək məcburiyyətində qaldı. Yalnız
Azərbaycan Ordusunun gücü hesabına BMT Təhlükəsizlik Şurasının 90-cı illərdə
qəbul etdiyi məlum qətnamələr icra edildi. 30 ildir sülh yolu ilə həllini tapa
bilməyən Dağlıq Qarabağ problemi tarixə qovuşdu, Azərbaycanın ərazi bütövlüyü
təmin olundu. Lakin əfsus ki, işğaldan azad olunmuş ərazilərə bu gün
vətəndaşlarımızın rahatlıqla səfər etməsi, vaxtilə orada yaşamış insanların öz
dədə-baba evlərinə qayıtması qeyri-mümkündür. Əvvəla bu onunla əlaqədardır ki,
30 ilə yaxın vaxt ərzində Ermənistanın işğalçı qüvvələri, Prezident İlham
Əliyevin təbirincə desək, vəhşi-barbar erməni qəbiləsi azərbaycanlılara məxsus yaşayış
məntəqəsində daşı-daş üstündə qoymayıblar. Azərbaycanlılara məxsus daşınmaz
əmlak ermənilər tərəfindən dağıdılıb, talan edilib. İndiyə qədər salamat qalan
evlər isə erməni ordusu geri çəkilərkən qəsdən yandırılıb.
200 metr enində sahədə 7-8 mina xətti
İşğaldan azad
edilmiş yaşayış məntəqələrinə səfər etməyi mümkünsüz edən digər mühüm səbəbi
isə ermənilərin 30 il ərzində həmin ərazilərdə piyada və tank əleyhinə minalar
basdırmasıdır. Bununla yanaşı, müharibə müddətində ərazi partlamamış döyüş
sursatları ilə çirklənib ki, bu da insan həyatı üçün əlavə təhlükə mənbəyidir.
Darmadağın olan Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən geri
çəkilmək məcburiyyətində qalarkən kütləvi şəkildə əlavə minalar da basdırıb.
Sonradan məkrli düşmən minalı sahələrin xəritəsini Azərbaycan tərəfinə
verməyib. Bu gün də vermək istəmir. Məqsəd
mümkün qədər çox sayda insanın həlak olmasına nail olmaq və bu ərazilərə
azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində minatəmizləmə üzrə əməliyyat meneceri Mədəd Məmmədov
mediaya müsahibəsində bildirib ki, Ermənistan 27 illik işğal dövründə
ərazilərdə ciddi sayda mina döşəyib, ən çox da keçmiş təmas xətti küllü
miqdarda minalanıb. Minaların qarışıq döşəndiyini diqqətə çatdıran mütəxəssis
vurğulayıb ki, təmizləmə prosesində tank və piyada əleyhinə, həmçinin sürpriz
qurulmuş minalarla qarşılaşırlar. Onun sözlərinə görə, 30 metr enində bir mina
xəttinə rast gələndə oradan ən azı 100-150 mina tapıb çıxarılır. Ön xətdə
minalanmış sahədə 7-8 mina xətti ilə rastlaşdıqlarını dilə gətirən M.Məmmədov
deyir ki,təxminən 200 metr enində sahədə 7-8 mina xətti var və orada
minlərlə partlamamış mina mövcuddur.
Basdırılan minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər
"Svobodnaya Pressa”nın yazdığına görə, Ermənistan
2020-ci il üçün hərbi büdcəsinin 50, rəsmi valyuta ehtiyatlarının 15 və ya
dövlət büdcəsinin 10 faizini Azərbaycan ərazilərinin minalanmasına xərcləyib.
Qeyd olunur ki, 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan
mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. İstehkamçıların
qiymətləndirməsinə görə, işlərin artıq aparıldığı və ya gələcəkdə aparılması
planlaşdırıldığı ərazilərdə ümumilikdə, təxminən 4,5 milyon mina basdırıla
bilər. Mütəxəssislərin hesablamalarına görə, Ermənistan tərəfinin basdırdığı
minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər. Bütün bunlar
işğalçı Ermənistan dövlətinin mahiyyətini, insanlığa və bəşəriyyətə qarşı olan
terrorçu xislətini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, Vətən
Müharibəsindən indiyə qədər ötən vaxt ərzində ayrı-ayrı şəxslərin öz kənd və
şəhərini, vaxtilə yaşadığı evi görmək üçün qeyri-qanuni yollarla, icazəsiz
şəkildə işğaldan azad olunmuş ərazilərə səfər etməsi faciələrə səbəb olub.
Statistikaya görə, atəşkəsdən sonra Ağdam, Ağcabədi və Füzulidə polis və
hərbçilərin ciddi nəzarətinə baxmayaraq 40-dan çox adam mina partlayışından
həlak olub. Belə faciələrin baş verməməsi üçün Azərbaycanın daxili işlər və
müdafiə nazirlikləri dəfələrlə geniş ictimaiyyətə müraciət edib, əhalini
işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırıb. Bundan başqa,
Azərbaycan dövləti Türkiyə və Rusiyanın minatəmizləmə üzrə mütəxəssislərini,
hər iki dövlətə məxsus, həmçinin digər ölkələrin müasir minatəmizləmə
texnikalarını əraziyə cəlb edib. Azərbaycanlı mütəxəssislərlə birlikdə onlar işğaldan
azad olunmuş əraziləri minalardan təmizləyirlər.
Əgər
xəritə mövcud olmasaydı...
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı bildirib ki, 10 noyabrda
imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin
edilməsinə hesablanıb. Onun sözlərinə görə, Azərbaycan bu bəyanata uyğun olaraq
hərbi əməliyyatlarını dayandırıb, növbəti mərhələnin isə dinc şəkildə icra
olunması üçün əlindən gələni edir. Millət vəkili deyib ki, Ermənistan üçtərəfli
bəyanatın icrasını müəyyən qaydada təmin etsə də, özlərinin cinayətkar
əməllərindən əl çəkmir. A.Badamov söyləyib ki, tərəflər bütün məsələlərin sülh
danışıqları masası arxasında həll olunmasına razılaşsa da, Ermənistan işğaldan
azad olunmuş torpaqlarımızda minalanmış ərazilərin xəritəsini təqdim etmir:
"Beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələnin həll edilməməsi
ucbatından dinc insanların ölməsi və xəsarət alması hərbi cinayətdir.
Minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması
erməni hərbiçiləri tərəfindən 30 il ərzində aparılıb. Təbii ki, minalanmış hər
bir ərazinin xəritəsi mövcuddur. Əgər xəritə mövcud olmasaydı bu illər ərzində
ermənilərin də minaya düşməsi halları baş verərdi. Əgər baş verməyibsə, bu,
onlarda haraların minalandığı barəsində dəqiq sxemlərin olmasından irəli
gəlib”.
Ermənilər bunun da cavabını verəcək
Deputat vurğulayıb ki, məhz minalanmış ərazilərin
xəritələrinin Azərbaycana verilməməsi, işğaldan azad olunmuş ərazilərimizdə
hərbi və mülki insanların minaya düşməsinə və sağlamlıqlarının itirilməsinə
səbəb olur: "Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir
gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan
beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən
susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması
insanlığa qarşı növbəti hərbi cinayətlərdir. Bizim müvafiq strukturlar belə
cinayət hallarını sənədləşdirərək beynəlxalq təşkilatlara, ermənilərə
havadarlıq edənlərə göndərməli və ermənilər minalanmış ərazilərin xəritələrinin
verilməsi üçün məcbur edilməlidir”.
Məqsədli şəkildə
ediblər ki...
Milli Məclisin
deputatı Cavid Osmanov da
bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bitsə də, ermənilərin Azərbaycan xalqına
qarşı cinayətləri davam etməkdədir. Onun fikrincə, Ermənistan 30 ilə yaxın
müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı
minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayətlər
törədir. Deputat deyib ki, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları
dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina
partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar: "Ermənilər öz
çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də
minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də təbii ki, daha çox
insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr sazişinə əsasən bütün işlərin
həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik nümayiş
etdirsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir, öz təxribatlarını,
cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu
xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq
və bununla da daha çox insanın ölümünə bais olmaq beynəlxalq hərbi cinayətdir”.
Hardadır ATƏT-in Minsk qrupu?!
C.Osmanov qeyd edib ki, Ermənistan minalanmış
ərazilərin xəritəsini verməkdən boyun qaçırmaqla, həm də işğaldan azad olunan
ərazilərdə bərpa işlərini, insanların öz yurdlarına qayıtmasını ləngitməyə
çalışır: "Aydın görünür ki, Ermənistan öz cinayətkar əməllərindən əl çəkmək
niyyətində deyil. Ermənistan regionda davamlı sülhün əldə olunmasına,
əməkdaşlıq mühitinin yaranmasına mane olur. Onlar bu yolla 10 noyabr
razılaşmasının həyata keçirilməsinə mane olmağa çalışırlar. Təəssüf ki,
beynəlxalq təşkilatlar bu məsələdə də susqunluq nümayiş etdirirlər. 44 günlük
müharibə dövründə bir çox dövlətlər, beynəlxalq təşkilatlar döyüş
əməliyyatlarını dayandırmaqla bağlı Azərbaycana təzyiq göstərməyə çalışırdılar,
lakin indi hamısı sakit oturub, Ermənistanın cinayət əməllərinə göz yumurlar.
Hardadır ATƏT-in Minsk qrupu?! 30 ilə yaxın müddət ərzində heç bir nəticəsi
olmayan fəaliyyət göstərdi, döyüş əməliyyatları zamanı isə yenə danışıqlar
aparmağa cəhd edirdi, sanki Azərbaycan daha 30 il də bunların səmərəsiz fəaliyyətini
gözləməli idi. Elə sülh tərəfdarısınızsa, niyə Ermənistana təzyiq göstərib xəritələri
verməyə məcbur etmirsiniz?”.
Xəritələri
verməyəcəkləri halda...
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, minalanmış ərazilərin
xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir:
"Ermənilər dünyaya car çəkirlər ki, Azərbaycan əsirlərimizi geri qaytarmır,
halbuki qaytarılanların sayı getdikcə artır. Buna baxmayaraq, Ermənistan
rəsmiləri xarici həmkarları ilə danışıqlarda hər dəfə bu məsələni qabarırlar.
Biz işğaldan azad olunmuş əraziləri minalardan təmizləməyə çalışırıq, bu işə nə
qədər texnika cəlb olunub. Buna baxmayaraq, mina partlaması nəticəsində həlak
olanların sayı azalmır. Ermənistan minaladığı ərazilərin xəritələrini bizə
vermir. Halbuki bu xəritələrin varlığını rusiyalı hərbi ekspertlər də təsdiq
edirlər. Minaları, adətən, işğalçı tərəf harda gəldi basdırır ki, qarşı tərəf
hücuma keçə bilməsin. Bunu anlamayan yoxdur. Ermənilərin xəritələri verməməkdə
məqsədi aydındır. Fikirləşirlər ki, qoy Azərbaycanın itkiləri artsın. Bunu biz
bilirik, sadəcə bildiyimizi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara da
anlatmalıyıq. Ermənistanın xarici işlər naziri "əsirlər” mövzusundan ikiəlli
yapışıbsa, bizim də nazir minalanmış ərazilərin xəritəsi məsələsini dünyaya çar
çəkməlidir. Xəritələri verməyəcəkləri halda, əsirlərin qaytarılması prosesinə
ara verməliyik!”.
Rufik
İSMAYILOV