Ermənistanın sabiq baş nazirindən bədbin proqnoz

Ermənistanın sabiq baş nazirindən bədbin proqnoz

Siyasət
22 Oktyabr 2019, 17:48 1258
Nikol Paşinyan məxfi şəkildə nazirlər, onların müavinləri, nazirliklərin baş katiblərinin əmək haqlarının iki dəfə qaldırılması barədə göstəriş verib. Bu barədə Ermənistanın "hetg.am” qəzeti yazır. Nəşr bununla bağlı üç nazirliyə - Fövqəladə Hallar, Maliyyə və Ətraf Mühit Nazirliyinə müvafiq sorğu göndərib. Maliyyə Nazirliyindən onlara cavab verilməyib, digər iki qurumdan isə müvafiq sənədlər təqdim ediblər. Oradan da bəlli olub ki, Fövqəladə Hallar Nazirliyinin rəhbərinin əmək haqqı son dörd ay ərzində 12,5 min dollar təşkil edib. Elə bu məbləğdə də ətraf mühit naziri Erik Qriqoryan alıb. Maliyyə naziri Atom Canquzyanın əmək haqqı barədə isə məlumat əldə etmək mümkün olmayıb. Ermənistan qanunvericiliyinə görə, nazirin əmək haqqı 1660 dollar təşkil edir. Maraqlıdır ki, baş nazir əmək haqlarını məxfi şəkildə artırmaq qərarını şərh etmək istəməyib. Bununla bağlı suala cavab verməyərək xidməti maşınına əyləşərək ərazidən uzaqlaşıb.
Bəs görəsən, baş nazirin bunu məxfi şəkildə etməsinin səbəbi nədir? Sözsüz ki, bu, onun komandasında artan narazılıqla bağlıdır. Bir tərəfdən iqtisadi durğunluq, digər tərəfdən ölkədə artan narazılıq, işsizlik məmurlar və komanda üzvlərinə də sirayət edir. Baş nazir isə bütün bunların fonunda populist bəyanatlarını davam etdirir. Yenə də ölkədə işsizliyin səviyyəsinin aşağı düşməsindən dəm vurmağa başlayıb. Bu dəfə bildirib ki, ilin ikinci rübündən etibarən bu sahədə ciddi irəliləyişlər qeydə alınıb. Əlavə edib ki, "əgər ötən ilin ikinci rübündə işsizlərin sayı 237 min idisə, bu il bu göstərici 206 minə düşüb. İndi ölkədə işsizliyin səviyyəsi 18 faizdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə enmə 2,5 faiz təşkil edib”. Yenə də baş nazir yalan danışır. İqtisadçı ekspertlər bundan əvvəl də baş nazirin populizmə və yerli elektorat üçün nəzərdə tutulan bəyanatlarını konkret rəqəmlərlə alt-üst ediblər. Məsələn, sabiq baş nazir Qrant Baqratyan hesab edir ki, heç bir investisiya və gəlir olmadan hansı yüksəlişdən danışmaq olar? Paşiyanın  böyük ümid bəslədiyi "Amulsar” qızıl yatağının işlənməsinə olan qadağa isə vəziyyəti daha da ağırlaşdıracaq. Sabiq baş nazir eyni zamanda 70 faiz əmindir ki, əgər işğal altında olan Azərbaycan torpaqlarında hərbi əməliyyatlar başlarsa, bu təkcə Qarabağa deyil, Ermənistana da zərbə vuracaq. Onun sözlərinə görə, indiki idarəçilik sistemi pozitiv dəyişikliklərə gətirib çıxara bilməz: "Və siyasi proseslər gələcəkdə də, indiki istiqamətdə davam edəcəksə, biz nəinki Qarabağı, Ermənistanı da itirəcəyik”. Baş nazir Paşinyanı nəzərdə tutaraq "o, vəziyyəti ona aparır ki, məsələ belə qoyulacaq - ya o, ya da Ermənistan” deyib. Eks-baş nazir xalqa məsləhət görüb ki, inqilab etmək üçün küçələrə çıxmazdan öncə nəticələri fikirləşsələr yaxşı olar. Onun qənaətincə, hakimiyyəti ələ keçirdikdən sonra Nikol dəyişikliklər həyata keçirmək üçün barmağını barmağına belə vurmayıb.
Ölkənin əsas gəlir mənbələrindən hesab edilən dağ-mədən sənayesində sözün əsl mənasında kollaps yaşanır. Bu sözləri isə hakim "Mənim addımım” fraksiyasından olan deputat Artak Manukyan bəyan edib. BMT İnkişaf Proqramının Ermənistandakı daimi nümayəndəsi Dmitri Mariyasin bildirib ki, ölkədə ciddi problemlər yaşanır. İnsanlar hər hansı bir sahədə biznes qurmaqda maraqsız görünürlər, insanların beynində köhnə stereotiplər hökm sürür.
Paşinyanın populizmi artıq parlament kuluarlarında da müzakirəyə çıxarılıb. "İşıqlı Ermənistan”dan olan deputat Edmon Manukyan və "Mənim addımım” blokundan olan deputat Babken Tunyan arasında bununla bağlı qızğın müzakirələr gedib. Marukyan bildirib ki, hakim blokdan olan deputatların fəaliyyəti, özlərini aparmaları keçmiş Respublika Partiyasının idarəçiliyini xatırladır. "Siz mənə o zamankı hakim partiyanın deputatlarını xatırladırsınız. Onlar da müxalifətlə sizin kimi hədə-qorxu ilə danışırdılar. Populizm sizin artıq stilinizə çevrilib”
Öz növbəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov hesab edir ki, ölkə qarşısında duran ən ciddi məsələ təhlükəsizliklə bağlıdır: "Təəssüflə qeyd etmək gərəkdir ki, yeni hakimiyyət il ərzində bunu dərk etməyib, ola bilsin ki, heç istəməyiblər də”. Onun sözlərinə görə, bu müddət ərzində Türkiyə və Azərbaycan üç birgə təlim, parad keçiriblər. "Paşinyan parlamentdə bildirirdi ki, hərbi büdcəni artırmaq gərəkdir. Azərbaycanın hərbi büdcəsi 20 faiz artır, bizim isə praktiki olaraq heç bir artımımız yoxdur. Biz burada sözün əməllə düz gəlmədiyinin şahidi oluruq”. Əlavə edib ki, "baş nazir bunun əvəzində şərab şüşəsi ilə "party”lər keçirir. Belə hal bizim dövlət rəhbərimizin öhdəliklərinə daxil deyil”. Sabiq vitse-spiker baş naziri Qarabağ məsələsi ilə də bağlı dəqiq mövqe nümayiş etdirə bilməməkdə də ittiham edib. "Səhər bir bəyanat səsləndirir, axşam da tamam başqa. BMT tribunasından üçüncü, Xankəndində isə tamam başqa bəyanat verir”. Əlavə edib ki, Paşinyanın bəyanatlarındakı ziddiyyətlər Ermənistanın danışıqlar prosesindəki mövqeyini zəiflədir. Rusiya ilə münasibətlərə toxunan Şarmazanov bildirib ki, Paşinyan bu münasibətlərin "yüksık səviyyədə” olmasını bəyan edib. Halbuki, Valdayda Rusiya XİN rəhbəri Ermənistan rəhbərliyini Qarabağla bağlı destruktiv mövqe nümayiş etdirməkdə ittiham edib. "Heç bir prezidentin dövründə belə hal olmayıb”, - deyə E.Şarmazanov vurğulayıb.
 
 
Azər NURİYEV