Ermənistanın niyyəti yenə də puç oldu
Gürcüstan bəyan edib ki, Rusiya ilə abxaz dəmir yolunun açılması
barədə hər hansı bir danışıqlar aparılmır. Gürcüstan baş nazirinin Rusiya
Federasiyası ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib
ki, hazırkı mərhələdə Rusiya tərəfi ilə qeyd olunan dəmiryolu xəttinin bərpası
barədə söhbət belə getməyib. Gürcüstan xarici işlər naziri Mixail Canelidze də Rusiya
ilə Ermənistan arasında birbaşa dəmiryolu əlaqəsinin bərpa edilməsinə dair
rusiyalı həmkarı Sergey Lavrovun iki gün əvvəl Abxazyada verdiyi bəyanatı şərh
edib.
Nazir Mixail Canelidze açıqlamasında bu barədə qərarın hökumət
tərəfindən qəbul edilməli olduğunu bildirib. Xarici işlər naziri bildirib ki,
Gürcüstan üzərindən istənilən tranzit daşımaları ölkə qanunvericiliyi ilə
nizamlanır."Bu cür daşımaların, o cümlədən işğal altındakı ərazilər üzrə
daşımaların təşkili barədə bütün qərarları Gürcüstan hökuməti qəbul etməlidir”,
- deyə Canelidze bildirib. Nazir əlavə edib ki, Lavrovun istinad etdiyi saziş
Gürcüstanın üzərinə işğal altındakı ərazilərdən keçən və nəzarət edə bilmədiyi
sərhədlərlə bağlı öhdəlik qoymur. Digər tərəfdən 2011-ci ildə imzalanmış saziş
hələ qüvvəyə minməyib.Sazişə görə, Rusiya ilə Gürcüstan arasında
Abxaziyadan keçən yüklərin daşınmasına üçüncü tərəf-İsveçrə şirkəti nəzarət
etməliydi. Həmin şirkətlə də müqavilə hələ bağlanmayıb.
Xatırladaq ki, S. Lavrov Suxumidə "prezident” Raul Xadjimba ilə
danışıqlar zamanı Abxaziyadan keçən və Ermənistanı Rusiya ilə birləşdirən dəmir
yolunun açılması imkanlarını da müzakirə edib. Lavrov jurnalistlərə deyib ki,
Xadjimba ilə danışıqların mövzusu Abxaziyanın təhlükəsizliyinin təmin edilməsi
və bu "respublikanın” ərazisi ilə Cənubi Qafqazın digər ölkələrinə yüklərin
tranzit daşınması imkanları olub. Abxaziyanın təhlükəsizliyinin təminatı
dedikdə, Rusiya xarici işlər naziri əlbəttə ki, bu separatçı ərazinin
Gürcüstandan müdafiəsini nəzərdə tutur. Lavrova görə, Gürcüstan və Abxaziya arasında
"güc tətbiqindən imtinaya” dair hüquqi sazişin imzalanması gələcəkdə tamamilə
mümkündür və realdır. İkinci məsələ isə Lavrovun da təsdiq etdiyi kimi,
Abxaziyadan və "dəmir yolunun açılmasını hamıdan çox istəyən” Ermənistandan
asılı deyil. Sergey Lavrov Suxumidə onu da bildirmişdi ki, Rusiya tərəfi
Abxaziya ərazisindən keçən dəmir yolunun açılmasını və "üçüncü ölkələrə”
tranzit yükdaşımalarının bərpa olunmasını istəyir. S.Lavrovun sözlərinə görə,
Abxaziya tərəfi də buna hazırdır, dəmir yolunun açılmasını ən çox istəyən isə
Ermənistandır. Rusiya xarici işlər naziri qeyd edib ki, dəmir yolunun açılması
üçün hüquqi baza da var. Bu, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü ilə
bağlı 2011-ci ildə Gürcüstanla bağladığı ikitərəfli sazişdir.
Hazırda Gürcüstanda müzakirə olunan əsas məsələ Rusiya xarici işlər
naziri Sergey Lavrovun separatçı bölgə Abxaziyaya səfər etməsi və antigürcü
bəyanatları səsləndirməsidir. Gürcüstan parlamentinin çoxluğunun üzvü Zviad
Kvaçantiradze bildirir ki, Lavrovun Suxumiyə səfəri o deməkdir ki, Rusiya
Gürcüstanla münasibətlərin normalaşmasında maraqlı deyil. Rusiya Cənubi
Qafqazda Gürcüstana qarşı təxribatçı siyasəti yürütməkdə davam edir. Lavrovun
səfəri də bundan xəbər verir. Xalq belə məsələlərdə vahid mövqedən çıxış etməli
və adekvat olmalıdır.
Öz növbəsində baş nazir Georgi Kvirikaşvili bəyan edib ki, S.Lavrov
məqsədli şəkildə işğal altında olan torpaqlara gedir və orada silahlanma
prosesi aparılır. Onun sözlərinə görə, buna baxmayaraq, Gürcüstan sabitlik
adası statusunu qoruyub saxlayır: "Biz qlobal problemlərin kəsişməsində
yerləşirik. 20 faiz torpağımız işğal altındadır. Biz münaqişələrin sülh yolu
ilə həllinin tərəfdarıyıq”.
Onu da qeyd edək ki, Gürcüstanda "Gürcü arzusu” koalisiyası yeni
hakimiyyətə gələndə də Abxaziyadan keçən dəmir yolunun açılması barədə bəzi
müzakirələr aparılıb. Hətta Rusiya dəmir yolunun Abxaziya hissəsinin bərpası
üçün özünün dəmiryol qoşunlarını da bölgəyə göndərib. Bu da Bakıda müəyyən
narahatlıqlar yaradıb. Lakin daha sonra məsələ gündəmdən çıxıb. Dəmiryolunun
açılması daha çox Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu ölkəni
Rusiya ilə ancaq Yuxarı Lars aşırımından keçən, qışda qar-çovğuna, yayda selə
görə tez-tez bağlanan avtomobil yolu birləşdirir. Ancaq Abxaziya münaqişəsinin
indiki statusunda nəqliyyat dəhlizinin açılması Gürcüstanda "xəyanət” kimi
qarşılanardı. Ermənistana dəmir yolları ilə Fars körfəzinə çıxış əldə etmək
imkanı verən başqa dəhliz barədə Lavrovla eyni vaxtda Tbilisidə İran xarici
işlər naziri Məhəmməd Cavad Zərif danışıb. O, gürcü həmkarı Mixeil Canelidze
ilə keçirdiyi mətbuat konfransında deyib ki, İran Fars körfəzini Qara dənizlə
birləşdirəcək dəhlizin yaradılmasını təklif edir. İran xarici işlər nazirinə
görə, bu dəhlizin reallaşması üçün Ermənistan, Azərbaycan, İran və Gürcüstan
arasında qarşılıqlı əməkdaşlıq şərtdir.
Lakin həm Gürcüstanda, həm Ermənistanda ekspertlər səviyyəsində
dərhal razılaşıblar ki, indiki vəziyyətdə bu dəhlizin yaradılması real deyil.
Çünki Ermənistanla Azərbaycan arasında münaqişə buna imkan vermir.
Azər