• çərşənbə axşamı, 19 mart, 06:35
  • Baku Bakı 8°C

Regionda təhlükəsizlik və humanitar fəlakət

22.06.17 12:40 1223
Regionda təhlükəsizlik və humanitar fəlakət
Dünən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forum keçirildi.

BMAM sədri Rufiz Qonaqov bildirdi ki, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir: "Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, dinc qonşuluq prinsipinə hörmət etməsinə rəğmən, Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Prezident İlham Əliyev dəfələrlə Ermənistana, onun rəhbərlərinə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq. Əks təqdirdə, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək hüququna malikdir və bu, yaxın zamanlarda baş verəcək”.

Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və Xocalı soyqırımından danışdı. O bildirdi ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma "Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün xalqımıza qarşı terror və soyqırımı aktları həyata keçirib: "XX əsrin sonlarında monoetnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal altındadır. İşğal olunmuş ərazilərin hamısında etnik təmizləmə siyasəti həyata keçirilib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub”.

PA rəsmisi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb: "Azərbaycan dövlətinin əsas siyasi xətti də ərazi bütövlüyümüzün bərpasıdır. Aprel döyüşlərində Azərbaycan ordusu düşmən üzərində böyük qələbə qazandı. Prezident İlham Əliyev qeyd edib ki, ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Dövlət başçısının bu fikirləri də ərazi bütövlüyümüzün yaxın dövrdə bərpa olunacağına böyük ümidlər yaradır. Gənc nəsil bilməlidir ki, o torpaqlar bizim torpaqlarımızdır və o torpaqlara qayıdacağıq”.

Millət vəkili Elman Nəsirov ATƏT-in Minsk qrupunun yaradılması ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq xarakter aldığını söyləyib: "Azərbaycanla Ermənistanın, Rusiya ilə ABŞ-ın, NATO-nun, Türkiyənin, İranın mövqeləri üst-üstə düşdüyü zaman Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa, Rusiya, eləcə də işğalçı Ermənistan xristian dövlətləri, işğala məruz qalan Azərbaycan isə müsəlman dövlətidir. Yəni 4-ün 1-ə nisbətində münaqişənin həllinə çalışırıq. Bu nisbətin 4-ün 4-ə olmasını təmin etmək üçün həmsədrlər sırasına Türkiyə, Pakistan və Qazaxıstanın daxil edilməsi məntiqli olar. Bu halda münaqişənin həllində həm də iki sivilizasiyanın iştirakı təmin edilər. Biz mütləq bu münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik, torpaqlarımızı geri qaytaracağıq”.

Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov ermənilərin Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi ilə əlaqədar Ağdərədə "Marağa-150" abidəsinin qoyulduğunu xatırladıb: "Bu, ermənilərin Marağadan, yəni İrandan Dağlıq Qarabağa 150 il əvvəl köçürülməsi ilə bağlı idi. İrəvanda, Göyçə və Zəngəzurda da ermənilər yaşamayıblar. Ermənilər Dağlıq Qarabağa çar Rusiyasının işğalçılıq siyasətinin nəticəsi olaraq köçürülüblər. Çar Rusiyasının bu gün əldə etdiyimiz hərbi xəritələrində də hər hansı erməni toponimi yoxdur, bu ərazilərdə ermənilərin yaşamadığı aydın görünür, azərbaycanlıların yaşadıqları bölgələr olaraq əksini tapır”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev hazırda təmas xəttində baş verənlərə diqqət çəkib və qeyd edib ki, bu, II Dünya müharibəsi ssenarisini xatırladır: "Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdiddir. Bunun da kökündə Ermənistanın Azərbaycana təcavüzü dayanır. 1994-cü ildə imzalanan atəşkəs sazişi işğalın aradan qaldırılmasına zəmin yaratmalı idi. Lakin ötən müddət ərzində Ermənistan atəşkəs sazişindən, həmçinin bu müddətdə qəbul edilmiş sənədlərdən işğalçılıq siyasətini davam etdirmək üçün sui-istifadə edib. Hazırda təmas xəttində II Dünya müharibəsinin səngər döyüşünün ssenarisi var. Bu, regional təhlükəsizlik üçün böyük təhdiddir”.

H.Hacızadə qeyd edib ki, danışıqlar prosesinin hazırkı mərhələsində Ermənistanın strategiyası dəyişməyib: "Ermənistan danışıqları imitasiya edir və bunun arxasında gizlənərək, beynəlxalq ictimaiyyəti aldadır. Halbuki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri substantiv danışıqların aparılması çağırışını edir. Azərbaycan daim substantiv danışıqları dəstəkləyib və bu gün də belə danışıqlara tam hazırdır. Sonuncu dəfə prezidentlərin Sankt-Peterburq görüşündə substantiv danışıqlar aparılıb. Bu görüşdə Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, qaçqınların geri qayıtması məsələsi əsas müzakirə mövzusu idi. Lakin Ermənistanın işğal strategiyasının mahiyyəti dəyişməyib”.

Konfransda millət vəkili Hikmət Məmmədov, filologiya elmləri doktoru Rövşən Məmmədov, "Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, "Gündəlik Teleqraf” holdinqinin rəhbəri Aynur Camalqızı, "Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov, iqtisad elmləri doktoru Fikrət Yusifov məruzə ilə çıxış ediblər.

Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər