AZE | RUS | ENG |


Ermənistanın inkişaf üçün resursları tükənib

Ermənistanın inkişaf üçün resursları tükənib
Erməni ekspertlər ölkədəki iqtisadi böhranın yeni mərhələyə qədəm qoyduğu qənaətindədirlər

Yeni 2017-ci ildə Ermənistanı nə gözləyir? Jurnalistlərin bu sualını cavablandıran əksər erməni ekspertlərinin gəldikləri nəticə pessimizmə, problemlərin daha da artacağına söykənir. Onların gəldiyi qənaət budur ki, Ermənistanda keçən il olduğu kimi, bu il də problemlərin öhdəsindən gəlmək çətin olacaq. Çünki ölkənin inkişaf üçün resursları tükənib. Bu qənaətdə olanlar sırasında olan erməni iqtisadçı Aşot Yegizaryan söyləyib ki, Ermənistan 2013-cü ildə Avrasiya İqtisadi İttifaqına qoşulmaqla ümumi iqtisadi məkandan təcrid edilib. Onun sözlərinə görə, Ermənistan üçün Avrasiya xarakterli artım resursları da yox olub. Ölkəyə şəxsi transfertlərin axını minimal səviyyədədir. Bunun faktiki sübutu ümumdaxili məhsulun artımının sıfır səviyyəsində olması, xarici investisiyaların azalması, kapital axınıdır. Ermənistan xarici borcunu artırmaq imkanlarını da itirib. Ona görə ki, ölkənin xarici borcu təhlükəli səviyyəyə çatıb və bütün problem də bu prosesin sona çatmaq istəməməsi ilə bağlıdır. "Vəziyyətin yaxşılaşması üçün heç bir əlamət görünmür”, - deyə o bildirib. 

"Ermənistanda iqtisadi tənəzzülü tək bu il deyil, qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır”. Bunu isə Ermənistanın sabiq baş naziri, millət vəkili Qrant Baqratyan söyləyib. O deyib ki, məhz hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir: "Artıq ölkə məhv olmaq həddindədir”. Sabiq baş nazir Ermənistan iqtisadiyyatında bu il də dirçəliş gözlənilmədiyini deyib. Onun sözlərinə görə, hökumət tərəfindən bütün faktlar formal olaraq kağız üzərində göstərilir. Daxildə isə tamam başqa abı-hava hökm sürür: "Hazırda Ermənistan iqtisadi cəhətdən geriləmə cədvəli üzrə MDB dövlətləri arasında son pillələrdə qərarlaşıb. Qiymətli kağızları sabit saxlamaq məqsədilə xaricdən vəsait alınır. Bu belə problemləri azaltmır. Əksinə, əhali əziyyət çəkir, məhrumiyyətlərlə üzləşir, borclar isə artır. Çünki Ermənistanın pul ehtiyatları hər il azalır. Bununla yanaşı, transfertlərin həcmi də bir neçə dəfə aşağı düşüb”. Qrant Baqratyan hesab edir ki, bütün bunlar ölkənin tənəzzülü ilə nəticələnəcək. Deputatın qənaətincə, Ermənistan inamla defolta doğru gedir. Deputatın qənaətincə, dövlət tədricən borc alır və inamla defolta doğru irəliləyir ki, bir neçə ildən sonra o artıq elan olunmalıdır: "Heç bir əsas olmadan dövlətin özülünü dağıtmağa başlayırıq. Bizim yaratdığımız dövləti siz dağıdırsınız”. 

Başqa bir iqtisadçı Vilen Xaçatryan isə daha maraqlı və konkret faktlardan bəhs edir. Onun dediyinə görə, "ölkədə borc artımı indiyə qədər görünməmiş səviyyədədir”. Buna görə də bu il üçün 3,2 faizlik artıma nail olmaq məqsədilə yaradılmış Sərmayə Fondu faktiki olaraq səmərəsiz olacaq: "Ən yaxşı halda, əvvəlki mövqelərə qayıtmaqdan danışmaq olar. Bizdə sərmayə göstəricisi mənfidir, yəni bizdən daha çox sərmayə gedir, nəinki daxil olur. Və Ermənistana sərmayə qoymuş ölkələr onu çıxarmağa başlayırlar. Bunlara borcun 410 milyon dram artacağını da əlavə etsək... vəziyyət aydın olar”. Maraqlıdır ki, belə bir çətin durumda ölkə prezidenti Serj Sarkisyan qış tətilinə çıxıb. Özü də o, məzuniyyətini ölkə xaricində keçirəcək. 

Qeyd edək ki, erməni ekspertlər son vaxtlar davamlı şəkildə Sarkisyan hakimiyyətini tənqid edir, ölkəni rəzil günə salanların hesabat verməsini istəyirlər. Hətta Ermənistan hakimiyyətinin əlindən bezib, Azərbaycanda yaşamaq istəyənlərin də sayı artır. Bu kimi çıxışlara reaksiya verməyən Ermənistan prezidenti, görünür, bir müddət ölkədən kənarda qalmağa üstünlük verib. Öz növbəsində Sarkisyanın baş nazir təyin etdiyi Karen Karapetyan da ümidlərini doğrultmur. Onun atdığı addımların da real vəziyyətə uyğun olmadığından danışılır. Məsələn, K.Karapetyanın etiraf edib ki, ölkənin xarici borcu 5,8 milyard dollar təşkil edir. Bütövlükdə ümumi daxili məhsulun həcmi isə cəmi 10 milyard dollardır və borc ümumi daxili məhsula nisbətən sürətlə artır. Bunların fonunda yeni hökumətin seçkiyə qədər istefaya gedə biləcəyi proqnozu verilir. Ermənistan Milli Statistika Xidmətinin hesabatına görə, iqtisadiyyatın bütün sahələr üzrə geriləmə gözlənilir, o cümlədən kənd təsərrüfatı sahəsində. Bir sözlə, Ermənistanda iqtisadi böhran yeni səviyyəyə yüksəlir. 2017-ci ilin aprelində keçiriləcək parlament seçkiləri hakimiyyət üçün sürpriz nəticələr ortaya qoya bilər.

Yeri gəlmişkən, keçən il ölkənin Avrasiya İqtisadi İttifaqından gözləntiləri də özünü doğrultmayıb. Bu, artıq ən yüksək səviyyədə etiraf edilir. Məsələn, prezident Serj Sarkisyanın ötən ayın sonu Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqını açıq şəkildə tənqid etməsi buna sübutdur. O, açıq şəkildə qurumu fəaliyyətsizlikdə günahlandırıb. Baş nazirin isə bununla bağlı açıqlaması bir qədər müəmmalıdır. O deyib ki, əgər ölkə bu ittifaqa daxil olmasaydı, başqa vəziyyət yarana bilərdi. Sözsüz ki, bu, əslində cavab deyil, sualı başdan etməkdir. Əgər baş nazir hansısa fakt göstərib, onun əsasında müqayisə aparsaydı, konkret nəticə çıxarmaq olardı. Deməli, Ermənistanın yeni hökuməti də faktiki olaraq qeyri-müəyyən vəziyyətdədir. Bu səbəbdən onun seçkiyə qədər iflasa uğraması mümkündür. Erməni siyasətində artıq əksəriyyət hesab edir ki, ölkənin təcrid vəziyyətindən çıxması üçün xarici siyasətində köklü dəyişikliklər etməsi, ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazımdır. Bunlar olmasa, Yerevanın regional əməkdaşlıq prosesinə cəlb edilməsi imkansızdır. Lakin hələlik Yerevanın bu istiqamətdə dəyişiklik etmək istəyi müşahidə edilmir. İş o yerə çatıb ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da açıq şəkildə bəyan edib ki, son 18 ildə ölkə yalnız tənəzzülə doğru gedib və faktiki olaraq erməni dövlətçiliyi fəlakət qarşısındadır. Hakimiyyətin isə bu həqiqəti etiraf edib ciddi addımlar atmaması onu uçuruma doğru aparır.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN