• cümə, 29 Mart, 13:23
  • Baku Bakı 14°C

Ermənistanın iflasının müəllifləri

20.11.20 15:45 620
Ermənistanın iflasının müəllifləri
Hərbi xuntanın "din xadimləri” hələ də öz ampluasındadır

Dünya tarixinə İkinci Qarabağ müharibəsi kimi düşən 44 günlük hərbi əməliyyatlar Azərbaycanın zəfəri, Ermənistanın isə tam iflası ilə nəticələndi. Azərbaycanın bu zəfəri, torpaqlarını azad etməsi Ermənistanın fiaskosu, dövlətin az qala məhv olması ilə nəticələnməkdədir. Müharibə minlərlə erməninin məhvi ilə yanaşı, özü ilə çoxsaylı iqtisadi, siyasi və sosial problemlərə yol açıb və proses sürətlə davam edir. Ən acınacaqlısı odur ki, 44 günlük müharibə Ermənistanın bir dövlət kimi mövcud olmadığını, heç bir iqtisadi və siyasi əsaslara söykənmədiyini üzə çıxarmış oldu. İllər uzunu bu barədə yazılanda, fikirlər səslənəndə bəziləri bunu həddən artıq populist, şişirdilmiş təbliğat kimi qələmə verirdilər. Lakin cəmisi iki aydan da az vaxtda yaşanan hərbi əməliyyatlar illər uzunu yazılanların və söylənilənlərin tam həqiqət olduğunu üzə çıxardı. Erməni cəmiyyətində hakimiyyətsizlik, kütləvi etiraz aksiyaları, pessimizm və nifrət hissi pik həddədir. Hər gün etirazlar, qarşılıqlı ittihamlar, istefalar adi hal alıb. Yerevanda keçirilən aksiyalarda bədbin durumda olan ermənilərin ittihamlarının ardı-arası kəsilmir. Özlərinin alçalmış duruma düşmələrində kimlər təhqir və tənqid olunmur - Rusiya, Türkiyə, ABŞ prezidentlərindən tutmuş az qala Roma Papasına kimi, kim gəldi ittiham olunur. Əksəriyyət bu qənaətdə idi ki, tam məğlubiyyətdən sonra erməni xalqı heç olmasa hansısa bir dərs çıxarmağa çalışacaq. İyirminci birinci əsrdə başqa bir suveren dövlətin ərazisini işğal altında saxlamağın mümkünsüz olduğu qənaətinə gələcəklər. Görünən odur ki, erməni xalqı yenə də öz ampluasındadır və düşmənçilik, nifrət siyasətinin heç bir xalqa xeyir gətirmədiyi hissi hələ də onlarda formalaşmayıb. Təəssüf doğuracaq hal odur ki, yenə də erməni cəmiyyətində bu reallıqları anlayacaq bir qüvvə hələ də tapılmır.

Acı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə...

Maraqlıdır ki, erməni xalqının bütün bədbəxtliklərinin səbəbkarı olan erməni kilsəsi, din xadimləri cəmiyyətdə barışdırıcı, sülh çağırışları səsləndirməli olduğu halda, yenə də öz ampluasındadır. Acı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, qisasçılıq və itirilmiş ərazilərin geri qaytarılması çağırışları səsləndirməkdədir. Ən iyrənc olan odur ki, erməni kilsəsinin başqa xalqlara qarşı düşmənçiliyi prioritet kimi götürdüyünü elə erməni din xadimləri də təsdiq edir. Konkret misal: İkinci Qarabağ müharibəsində məcburi şəkildə döyüşə göndərilən, lakin əsir götürülən erməni din xadiminin etiraflarında bu, əsas xətt kimi keçir. Əsir erməni əsgəri erməni patriarxı 2-ci Qareqinin müharibə çağırışlarından bezdiklərin diqqətə çatdırıb: "Mənim mövqeyim müqəddəs kitabın mövqeyidir və müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orda olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmadım”. Adətən dinlər insanları sülhə, barışığa və əmin-amanlığa çağırır. Ermənistanda isə bunun tam əksini müşahidə edirik. İşğalçı ölkədə dindən siyasi və terror məqsədləri üçün istifadə artıq ənənə halını alıb. Tarixə nəzər saldıqda görərik ki, erməni kilsələri hər zaman qan tökməyin tərəfdarı olub və terrorun arxasında dayanıb, bu gün də öz çirkin missiyasını davam etdirir.

Əli silahlı din xadimləri

Qarabağda aktiv müharibə başlayandan indiyədək erməni din xadimləri, kilsə rəsmiləri sülhdən daha çox, müharibə çağırışları ilə diqqət çəkdilər. Erməni kilsələri yeni torpaqların zəbt olunması, döyüşlərin davam etdirilməsindən yana olduqlarını bəyan edərək, bu məqsədlə gəncləri düşmənçilik ruhuna köklədilər.
Xristianlıq pərdəsi altında gizlənən erməni kilsələri ASALA və bu kimi digər terror təşkilatlarının maliyyələşməsində də aktiv rol oynayırlar. Qarabağ döyüşlərində erməni din xadimləri özlərini kilsə görəvlisindən daha çox, terrorçu yaraqlısı kimi apardılar. Erməni dindarlar silaha sarılaraq gənclərə "döyüşə gedin” çağırışları edir, hərbi hissələrdə mülki şəxsləri öldürməyi hədəfləyən işğalçı əsgərlərə "müqəddəs” su paylayırdılar. Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmentində yüzlərlə foto və videolara rast gəlmək olar ki, əli silahlı erməni keşişləri, cəbhədə döyüşən din xadimlərini görəsən. Bir müddət əvvəl Ermənistan adına açılan "Twitter” hesabında "inam və güc" sözləri ilə paylaşılan fotoşəkildə erməni keşiş bir əlində xaç, digər əlində silahla görüntülənmişdilər. Xatırladaq ki, bir-iki həftə əvvəl "Artsax” kilsəsi də müharibə çağırışları etmiş, hamını silaha sarılıb qan tökməyə səsləmişdi. "Artsax” kilsəsi bir yana, bütün ermənilərin katolikosu II Qareqin də dini dəyərləri tapdalayaraq bəyan etmişdi ki, "Artsax” (Azərbaycanın işğaldan azad edilən Dağlıq Qarabağ bölgəsi) heç bir statusda Azərbaycanın bir hissəsi ola bilməz. Bu çıxışı ilə terrorçulardan heç nə ilə fərqlənməyən katolikos, erməniləri ölüm meydanına dəvət edib. "Əziz övladlarımız, bu həlledici məqamda sizə müraciət edirik. Vətənin və millətin müdafiəsi uğrunda fədakarlıqla mübarizəyə qoşulun, məkrli düşməni məğlub etmək, onun pis niyyətlərini pozmaq və doğma yurdumuzu daha da gücləndirmək üçün cəbhədə döyüşən əsgərlərimizi dəstəkləyin”- təəccüblü görünsə də, bu təxribatçı çıxışı məhz ermənilərin katolikosu II Qareqin edib. Yeri gəlmişkən, xaricdə yaşayan erməni din xadimlərinin də Qarabağ savaşına "töhfə” verməsinin şahidi oluruq. Bu günlərdə xaricdəki erməni din xadimlərindən birinin övladı Qarabağ döyüşlərinə qatılaraq ordumuz tərəfindən məhv edilmişdi. Belə ki, Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşən Özbəkistandakı Erməni Apostol Kilsəsinin keçmiş baş rahibi Qarnik Loretsyanın oğlu Narek Loretsyan zərərsizləşdirilmişdi. Bu barədə Özbəkistandakı erməni qəzetinin redaktoru Georgi Saakov "Facebook" səhifəsində məlumat yaymışdı. Onun sözlərinə görə, Qarnik bir neçə il ildir Rusiyanın Vladimir şəhərindəki erməni kilsəsinin baş rahibidir. Bütün bunlar bir daha onu göstərir ki, erməni kilsələri sülhü, asayişi deyil, terroru, çoxsaylı qətlləri dəstəkləyir, bu istiqamətdə var gücləri ilə çalışırlar. Erməni gəncləri qızğın döyüş meydanına təhrik edən Qareqin və onun kimiləri xristianlığın üz qarasıdır.

Erməni kilsəsinin Xudavəng həyasızlığı

Başqa bir misal: Azərbaycanın əzəli torpağı olan Kəlbəcərdəki qədim alban kilsəsi ətrafında erməni din xadimlərinin qaldırdıqları həyasız açıqlamalar və ağlaşma çağırışlarına nəzər salaq. Bəllidir ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. Və bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Məsələn, Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməkdədir.
Halbuki, bu məbəd VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib. Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub. Dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoyub. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunub. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və "ulu Artsak”ın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimaiyyətinə saxta tarixi məlumatlar çatdırırlar.

Nəticə

Beləliklə, bütün bunlardan hansı nəticəyə gəlmək mümkündür? Erməni xalqı hələ də, millətçilik, başqa xalqlara nifrət, torpaqlarını işğal altında saxlamaq mərəzindən qurtula bilmirlər. Bəlkə də qurtulmaq istəyərdilər, lakin onları bundan yaxa qurtarmağa qoymurlar. Və bu işdə faşist ideyalarının carçısı olan erməni kilsəsi, din xadimləri əvəzsiz rol oynayırlar. Həmin kilsə ki, illər uzunudur ki, korrupsiya, əxlaqsızlıq, yerlibazlıq yuvasına çevrilib. Bu faktlar dəfələrlə Rusiya və digər ölkələrin mediasında araşdırma mövzusu olub. Ümid etmək olar ki, heç olmasa, bu acı məğlubiyyət onları müəyyən dərslər çıxarmağa vadar edəcək. Əks təqdirdə, indikindən də rəzil duruma düşəcəklər.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər