• cümə, 29 Mart, 02:39
  • Baku Bakı 7°C

Ermənistanın ən çox silahlanmış ölkə olması nəyin təzahürüdür?

03.12.16 10:34 1252
Ermənistanın ən çox silahlanmış ölkə olması nəyin təzahürüdür?
"Global Militarisation Index”- Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair 2016-cı il üçün hesabatında deyilir ki, Ermənistan artıq dördüncü ildir, Avropada ən çox silahlanmış ölkədir. Növbəti sıralarda Rusiya, Kipr, Yunanıstan və Azərbaycan yer alır. Azərbaycan əvvəlki hesabatda Avropa üzrə 4-cü yerdə olub. Qeyd edək ki, 152 ölkəni əhatə edən hesabat hər min nəfər əhaliyə düşən hərbçilərin sayına, hərbi xərclərin ÜDM-ə nisbətinə, hərbi xərclərin səhiyyə xərclərinə nisbətinə, həmçinin ordunun və ağır silahların sayına görə müəyyən edilir. Ümumilikdə, Azərbaycan dünyada bu göstəriciyə görə hazırda 9-cu yerdə, Ermənistan isə 2013-cü ildən başlayaraq dünyanın 3 ən çox silahlanmış dövləti sırasında yer alır.

Bu fakt haqda fikirlərini bölüşən ekspertlər düşünürlər ki, belə hallar Ermənistanın işğal siyasətini davam etdirmək istəyinin real göstəricilərindəndir. Belə ki, illərdir işğal etdiyi torpaqlardan çıxmayan Ermənistan danışıqlardan da yayınır. Vaxt uzatmaqla əlavə silahlar əldə edir. Diqqət çəkən odur ki, Ermənistan kasıb ölkədir, büdcəsi Azərbaycanın büdcəsindən xeyli azdır. Amma buna baxmayaraq, sahib olduğu silahlara görə xeyli ölkəni qabaqlayır. Deməli, yenə də kompromisə gəlməyi düşünmürlər və işğal siyasətindən əl çəkmək fikrində deyillər.
"Hesabatdakı rəqəmlər Ermənistanın yox, Rusiyanın gücünün göstəricisidir”
Millət vəkili Elşən Musayev "Kaspi”yə açıqlamasında dedi ki, əslində, Ermənistanın iqtisadi gücü nə vəziyyətdədirsə, hərbisi də ona adekvatdır. Amma sırf öz potensiallarını nəzərə alsaq: "Fəqət,"Global Militarisation Index”- Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinədair 2016-cı il hesabatı daxil bütün hesabatlardakı rəqəmlər əslində Ermənistanın deyil, Rusiyanın gücünün göstəricisidir. O anlamda ki, Ermənistanı qüvvətli edən Rusiya ilə hərbi ittifaqdır. Elə onları başından, resursundan, gücündən yekə danışmağa məcbur edən səbəb də məhz budur. Sadəcə, bu ittifaq və sövdələşmə Rusiya tərəfindən başqa bir kontekstdə izah olunur. Onların əsaslandırması bundan ibarətdir ki, hətta Dağlıq Qarabağ qaytarılacağı təqdirdə belə, Ermənistanın Beynəlxalq hüquqla tənzimlənən sərhədləri guya gələcəkdə təhdid altında qala bilər. Təbii, yanlış fikirdir və onlar hamını öz arşınları ilə ölçdükləri üçün belə düşünürlər.Eyni zamanda, əsas məram və məqsədi gizlətmək üçün. Belədirsə, deməli, regionda münaqişənin var olması, davam etməsi böyük güclərin marağındadır. Ona görə "İsgəndər” raketlərindən tutmuş, digər hərbi avadanlıqlara qədər Ermənistana peşkəş edib, ardınca da bu cür hesabat ajiotajları yaratmağa çalışırlar. Hərgah, Ermənistanın elə gücü olsaydı, aprel döyüşlərindən bu cür məğlub çıxardımı? Deməli, ortada alt məqsədlər var. Hansı ki, bütün saxta hesabatlar da, sabun köpüyünə bənzər mif də, hərbi güc haqqında nağıllar da məhz həmin məqsədlərə hesablanıb. Hər halda, Azərbaycan üçün maraqlı olan reallıqdır, faktdır. Fakt isə ondan ibarətdir ki, torpaqlarımız düşmən tapdağı altındadır və Ermənistan istəyir hərbi potensialına görə Avropada deyil, lap dünyada birinci olsun, yenə haqq mübarizəsini uduzacaq”.
"Bütün bunlar Azərbaycan silahlı qüvvələri ilə müqayisədə, elə də böyük təhlükə yaratmır”

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlinin fikrincə, Ermənistanın bu gün dünyada və Avropada ən çox silahlanmış ölkələr sırasında olması yeni informasiya deyil: "Bu cür informasiyanın qabardılması son zamanlar Ermənistanın geriləməsi ilə bağlıdır. Onlar əvvəlki illərdə informasiya cəbhəsində çox böyük üstünlüyə nail olmuşdular. İndi artıq bu sahədə də geriləməkdə davam edirlər. Ona görə də bu informasiya məhz belə bir vaxtda üzə çıxır. Yəni hansı sahədə zəiflik varsa, o sahədə də informasiyalar dövriyyəyə buraxılır. Bu gün Ermənistana silah Rusiya vasitəsilə ötürülür. Özü də güzəştli şərtlərlə. Ermənistanın silahlanmasının əsas maddi bazası erməni lobbisinin dəstəyidir. Bu gün erməni lobbisi Qarabağla bağlı Ermənistanın silahlı birləşmələrinə külli miqdarda vəsait ayırır. Bu vəsait hesabına Ermənistan silah əldə edir. Mən fikirləşirəm ki, bütün bunlar Azərbaycan silahlı qüvvələri ilə müqayisədə, elə də böyük təhlükə yaratmır. Bütün hallarda, Ermənistanın silahlanma siyahısında ön yerlərdə dayanması onun aqressiyasından, hərbi təcavüz istəyindən xəbər verir. Onun bu sahədəki ümumi niyyəti üzə çıxır. Ermənistan silahlanmasını davam etdirməklə, Qarabağ problemin sülh yolu ilə həllini tapmasından yayınır və status-kvonun saxlanmasına çalışır. İşğalçının sülhə aparan yolda maneələr yaratması tamamilə gözləniləndir”.

İ.Rüstəmli vurğuladı ki, Ermənistan rəhbərliyinin son bəyanatları da işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində olmadıqlarını göstərir: "Məsələn, Ermənistan prezidenti Sarkisyanın son bəyanatını da bu yerdə xatırlamaq yerinə düşər. Onun son bəyanatında deyilirdi ki, əgər Azərbaycan yeni ərazilər itirmək istəmirsə, Ermənistana qarşı guya aqressiyanı dayandırmalıdır və mövcud vəziyyətlə barışmalıdır. Bu, bilavasitə Ermənistan siyasətinin hazırkı mövqeyini nümayiş etdirən bir bəyanat idi. Hansı ki, heç bir beynəlxalq hüquqa sığmayan bəyanatdır. Çünki Ermənistanın işğal etdiyi ərazilər hər hansı bir müstəqil dövlətin ərazisi kimi heç bir dövlət tərəfindən tanınmayıb. Hətta Ermənistanın özü də o əraziləri müstəqil bir dövlətin ərazisi kimi tanımayıb. Mən deməzdim ki, Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır. Əksinə, Ermənistan sadəcə, bununla indiki mövqeyini qorumağa çalışır və Azərbaycanın hərbi gücündən qorxur. İstər beynəlxalq hüquq, istər nüfuzlu beynəlxalq təşkilatların bəyanatları, istər qəbul olunmuş qətnamələr - bütün bunlar hamısı Azərbaycanın tərəfindədir. Azərbaycan beynəlxalq hüquq tərəfindən müdafiə olunan bir ölkədir. Yəni təcavüzə məruz qalmış, işğala məruz qalmış ölkə kimi tanınır. Ona görə də Ermənistanın bu sayaq hərəkətləri onun təcavüzkar siyasətinin davamı kimi dəyərləndirilə bilər”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər