• cümə axşamı, 18 aprel, 15:51
  • Baku Bakı 22°C

Ermənistanın baş naziri gülüş obyektinə çevrilib

08.01.20 18:30 729
Ermənistanın baş naziri gülüş obyektinə çevrilib
"Paşinyan tərəfdaşları tərəfindən stabil, proqnozlaşdırıla bilinən siyasətçi kimi nəzərdən keçirilmir”

Nikol Paşinyan Ermənistan iqtisadiyyatının 2019-cu ildə uğurla başa vurduğu barədə bəyanatı ilə gülüş və tənqidlərin mərkəzində qalmaqdadır. Baş nazirin adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Ermənistanın regionda lider dövlətə çevrildiyi barədə açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onu növbəti dəfə yalan və populist bəyanatlar səsləndirməkdə ittiham etməyə başlayıblar. Qeyd edək ki, baş nazir bu günlərdə bildirib ki, ötən il Ermənistan adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Gürcüstan və Azərbaycanı üstələyib. Lakin sonradan məsuliyyətsiz bəyanat verdiyini başa düşərək, sözlərini redaktə etməli olub. Bildirib ki, Ermənistan hələ ki, Azərbaycanı üstələyə bilməyib. Lakin bunu da 2020-ci ildə reallaşdırmağa çalışacaq. Erməni saytları yazır ki, Ermənistanın bu il də Azərbaycanı üstələyəcəyi həqiqəti əks etdirmir. Məsələn, sabiq baş nazir Qrant Baqratyan Paşinyanı sərt tənqid edib və sosial şəbəkədə yazıb ki, "Ermənistan nə 2019-cu il, nə də 2020-ci ilin yekunları üzrə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Gürcüstan və Azərbaycanı üstələyə bilməyəcək. Bundan əlavə, Baqratyan vurğulayıb ki, Ermənistanın adambaşına düşən ümumdaxili məhsulun həcminə görə hətta Gürcüstanın belə göstəricilərinə yaxın düşməsi mümkün deyil: "Paşinyan Beynəlxalq Valyuta Fondunun səhifəsinə istinad edir. Lakin orada belə bir hesabat məlumatları yoxdur. Ümümdaxili məhsul barədə məlumatı Beynəlxalq Valyuta Fondu vermir, Dünya Bankı təqdim edir. Dünya Bankı isə 2019-cu il barədə rəqəmləri 2020-ci ilin aprel-may aylarında təqdim edir. 2020-ci ilin statistikası barədə söhbət belə gedə bilməz”.
"Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Mikael Melkumyan da Paşinyanın Ermənistan adambaşına düşən ümumdaxili məhsulun həcminin artması barədə bəyanatını sərt tənqid edib: "İlk növbədə biz niyə bildirməliyik ki, Azərbaycan üstələyirik, sonra isə düzəlişlər edirik ki, bu, belə deyil. Əgər rəsmi təsdiqedici faktlar yoxdursa, bu cür bəyanatlar vermək gərək deyil”.
Öz növbəsində "Sputnik Armeniya”ya müsahibəsində iqtisadçı Tadevos Avetisyan bildirib ki, "Ermənistan hakimiyyət orqanları ölkə iqtisadiyyatı barədə məlumatları təqdim edərkən yalnız müsbət göstəricilərə əsaslanırlar. Bu rəqəmlər isə real vəziyyəti əks etdirmir”. Əlavə edib ki, ölkədə yalnız sənaye sahəsində irəliləyişlər mövcuddur. Lakin bütövlükdə bizim iqtisadiyyatda xidmət sferası və oyunlardan gələn gəlirlər əsas rol oynayır. Bu da narahatçılıq doğurur”, - deyə Avetisyan bəyan edib. İqtisadçı baş nazirin 2050-ci ildə adambaşına düşən ümumdaxili məhsulun 15 dəfə artacağı barədə bəyanatını xatırladıb. Bunun üçün Avetisyanın qənaətincə, illik iqtisadi yüksəlişin 9,5 faiz artırılmasını təmin etmək gərəkdir: "Bu nöqteyi-nəzərdən erməni iqtisadiyyatı hələ qarşıya qoyulan məqsədə yaxın belə düşə bilməyib. 2020-ci il büdcəsinə görə, iqtisadi yüksəliş 4,9 faiz həcmində müəyyən olunub. Bu isə Paşinyanın nəzərdə tutduğu rəqəmdən faktiki iki dəfə aşağıdır”.
Öz növbəsində siyasi texnoloq Vigen Akopyan də hesab edir ki, 2019-cu ildə Ermənistanın nə daxili, nə də xarici siyasətində reverslər olmayıb. Onun qənaətincə, baş nazir N.Paşinyan hələ də, tərəfdaşları tərəfindən stabil, proqnozlaşdırıla bilinən siyasətçi kimi nəzərdən keçirilmir. "Müasir dövrdə dövlətlər və onların liderləri arasında münasibətlər qarşılıqlı etimad, insani yanaşmalar üzərində qurulur. Yəni, sən onlarla selfi çəkdirəndə hamı gülə bilər, lakin sonrası gün hər şey yaddan çıxır. Konkret işlər ortada olmur”, - deyə Akopyan vurğulayıb. Xatırladaq ki, hökumət başçısı ötən il bir neçə dəfə bəyan edib ki, Ermənistan xarici siyasət kursunu dəyişmək fikrində deyil. Ölkə Rusiya ilə müttəfiqlik münasibətlərini gücləndirməkdə davam edəcək. Bundan əlavə, Ermənistan Avropa İttifaqı və Birləşmiş Ştatlarla münasibətləri inkişaf etdirmək niyyətindədir.
Yeri gəlmişkən, Paşinyanın başı başqa bir qalmaqla qarışıb. Söhbət ABŞ-İran gərginliyi kontekstində onun ölkəsinin düşdüyü vəziyyətdən gedir. Artıq Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziriNikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidentiDonald Trampı təbrik etməsi barədə "facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb. Bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib. Xidmətin saytında qeyd edilir ki, keçirilmişoperativ əməliyyat-axtarış tədbirlərinəticəsində saxta "Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib”, - xəbərdə əlavə olunur. Saytda saxlanılan şəxsin ifadələrinin yer aldığı videoçarx da yerləşdirilib. Görüntülərdə həmin şəxs bildirib ki, "Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir”. Videoçarxda onun üzü bağlanılıb. Mətbuat mərkəzindən bildirilib ki, fakt üzrə cinayət işi qaldırılıb. Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittihamın irəli sürüldüyü açıqlanmır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər