• şənbə, 20 Aprel, 11:14
  • Baku Bakı 14°C

Ermənistanı tərk edənlərin sayı on minlərlədir

10.01.17 09:00 1030
Ermənistanı tərk edənlərin sayı on minlərlədir
Ermənistanda demoqrafik vəziyyətin günbəgün ağırlaşması barədə erməni siyasiləri, Qərb nəşrləri həyəcan təbili çalmaqda davam edirlər. "2016-cı ildə Ermənistanı 60 min insan tərk edib. Bu da ötən ildəki dövrdən çoxdur”. Bu barədə erməni deputat, Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan bildirib.
Onun sözlərinə görə, Ermənistanı ötən il tərk edən 60 min insan ölkənin ən böyük itkisidir. "İlin ən ağrılı səhifəsi aprel hadisələri oldu və təəssüf ki, hakimiyyət bundan dərs götürmədi. Post-Patrul alayının ələ keçirilməsi isə gücsüz insanın çığırtısı oldu. Bu, xalq etirazının səsi idi. 2016-cı ildə yeni hökumət formalaşdı. Əvvəlcə bu kabinet nəsə ümid yaradırdı, lakin çox keçmədi ki, ümidlər puç oldu. Bu hökumət bərbad bir büdcə hazırladı və nəticədə son 25 ilin ən biabırçı büdcəsinin şahidi olduq. Nə əmək haqları, nə də pensiyalar artdı”, - deyə o bildirib. Onun sözlərinə görə, iqtisadi planda 2016-cı il Ermənistan üçün reqress ili kimi yadda qaldı. "İslahatçı hökumət bizim borcumuzu əlavə 180 mln. dollar da artırdı. İl ərzində adambaşına düşən borcumuz 1800-2100 dollara kimi yüksəlib”.
Öz növbəsində, Ermənistan parlamentinin müxalif "Jaranqutyun” partiya fraksiyasının rəhbəri Ruben Hakobyan hesab edir ki, əhalinin ölkədən axınını qadağa tədbirləri ilə dayandırmaq qeyri-mümkündür: "Ermənistanda insanların maddi rifah halının sürətlə pisləşməsi fonunda yenə bu ölkəni tərk edənlərin sayında dinamik artım müşahidə edilir. Ölkənin boşalması artıq fəlakət həddinə çatıb. İllərdir özünü göstərən problemin qarşısının alınmasında hakimiyyət hələ də acizlik nümayiş etdirir. Elə bu səbəbdən Ermənistanı birdəfəlik tərk edənlər ildən-ilə çoxalır. Bu gedişlə Ermənistanda heç kimin qalmayacağını elə ermənilərin özləri də açıq şəkildə etiraf edir”.
Erməni demoqraf Ruben Yeqanyan isə vəziyyətin əslində çoxdan təhlükəli həddə çatdığını vurğulayır və qeyd edir ki, ölkədə əhalinin sayı durmadan azalır. O qeyd edib ki, hər il ölkədə əhalinin sayı ən azı 1 faiz aşağı düşür və bu, əsasən miqrasiya hesabına baş verir: "Çünki Ermənistanda demək olar ki, iş tapıb ailəni dolandırmaq mümkün deyil. İnsanlar yaxşı həyat axtarışı üçün gedirlər. Özü də əmək qabiliyyətli əhali azalır ki, bu da əmək resursunun azalması ilə nəticələnib”. Demoqraf onu da bildirib ki, ölkə rəhbərliyi iqtisadiyyatla ciddi məşğul olmazsa, vəziyyət daha da pisləşəcək. "Jamanak” qəzeti də vəziyyətin bərbad gündə olmasını yazır və buna sübut kimi göstərir ki, Ermənistanın ixracatının azalması ölkədə kiçik və orta sahibkarlığı müflis vəziyyətinə gətirib.
Yeri gəlmişkən, Qərbin nüfuzlu "Osservatorio Balcani e Caucaso” nəşri də Ermənistanda demoqrafik vəziyyətin ağırlaşması və onun təhlükəli həddə çatdığını əks etdirən məqalə dərc edib. "31 yaşlı Məryəm Ermənistanda yaşayır. 3 qız övladı var. Növbəti övladının oğlan olacağı ümidi ilə yaşayırmış. Lakin onun da qız olacağını bildikdən sonra aborta əl atıb. Buna görə vicdan əzabı çəksə də, özünə haqq qazandırmağı bacarır. O bildirir ki, sosial problem onları sıxır. Əlavə edir ki, oğlan uşağı daha sərfəlidir”, - deyə məqalədə qeyd olunur. Müəllif yazır ki, hazırda Ermənistanda qadınların bir çoxunun düşüncəsi məhz belədir: "Övladı nəslin davamçısı yox, pul kimi qəbul edirlər. Ermənistanda demoqrafiya və sağlamlıq məsələlərinin öyrənilməsi üzrə aparılmış araşdırma zamanı məlum olub ki,ölkədə 4 yaşdan 5 yaşadək uşaqların 14 faizi məcburi əməyə cəlb olunur, uşaqların 4,7 faizi isə ailə biznesi sahəsində işləyir. Yalnız oğlan uşağı istəmək demoqrafik vəziyyəti daha da gərginləşdirib. Çünki bu tendensiya 20 ildən çoxdur davam edir. Belə ki, 1990-cı ildə ölkədə 79 822 doğuş faktı qeydə alınıbsa, 2010-cu ildə bu rəqəm 44 825 təşkil edib. Ermənistanda demoqrafik problemlərin kökündə duran əsas faktorlardan biri miqrasiyadır. Son illər gənclər arasında işsizlik səviyyəsinin yüksək olması ciddi narahatlıq doğurur. Ölkədə ayrı-ayrı yaş qruplarında işsizlik 60 faizə çatıb. Bu, aysberqin görünən tərəfidir. Lakin görünməyən tərəf qadın-kişi nisbətidir.Gender bərabərliyi haqqında qlobal hesabatın məlumatına görə, Ermənistan 2016-cı ildə selektiv abortların sayına görə Çindən sonra dünyada ikinci ölkədir”.
Daha sonra Ermənistanda fəaliyyət göstərən BMT Fondunun nümayəndəsi Tarik Ayrapetyan qəzetə bildirib ki,Ermənistanda süni abortlara səbəb uşaqların cinsidir: "Hər il təxminən 1400 uşaq cinsinə görə məhv edilir. BMT-nin hesabatına əsasən, Ermənistanda doğulan oğlan uşaqları sayına görə bir çox ölkələri qabaqlayır.Belə ki, 115 oğlana 100 qız düşür. Dünya üzrə orta göstərici 105 oğlan, 100 qızdır. Bu fərq getdikcə artır”.
Yerevanda Qadınlara Dəstək Mərkəzinin üzvü Cilozyan Ani qəzetə müsahibəsində deyib ki, ölkədə bu sahədə qanunlar effektli deyil: "Onların işlək olmasına nəzarət mexanizmi yoxdur. Digər tərəfdən, oğlan potensial pul mənbəyidir. Lakin bunun sonrası ölkəni pis vəziyyətə qoyacaq. Yaxın illərdə bunun qarşısı alınmasa, ölkədə qız çatışmazlığı yaranacaq. Nəticədə erməni kişilər qadın tərəfdaş axtarmaq üçün xaricə üz tutmalı olacaqlar. Digər tərəfdən, qadın olmasa, kimi uşaq dünyaya gələcək?Proqnozlar göstərir ki, əgər bu məsələ həll olunmasa, ölkədə qadınların sayı yaxın illərdə 93 000 azalacaq. Onsuz da miqrasiya yüksək həddədir. Sonda ölkənin demoqrafik tarazlığı da təhlükə altına düşəcək”.
Beləliklə, daha bir qrup ekspert və nüfuzlu nəşr ölkədəki vəziyyətin kritik həddə olduğunu bəyan edir. Ermənistan rəhbərliyi isə hələ də bütün bunları qulaqardına vurur və göstərilən rəqəmlərə biganəlik nümayiş etdirir. Əvəzində işğalçılıq siyasətini davam etdirməklə, ölkənin durumunu daha da ağırlaşdırır. Şübhə yoxdur ki, bütün bunlar qarşıdan gələn aprel seçkilərində özünü göstərəcək.
Azər
banner

Oxşar Xəbərlər