Ermənistanı qorxuya salan Batumi görüşü
Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli
görüşü keçirilib. Gürcüstanın müdafiə naziri Levan İzoria üç ölkə arasındakı
əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və
dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb.Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi
əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, bölgədə həyata keçirilən
iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Bildirilib
ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional
layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda
sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan
verəcək.İclasda Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər
diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü
birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya
probleminin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar
olduqlarını bildiriblər. Sonda üç ölkənin
müdafiə nazirləri birgə protokol imzalayıb.
Bu görüşün əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən Milli Məclisin deputatı, politoloq Elman
Nəsirov bildirdi ki, Azərbaycan dövlətinin xarici siyasətində ikitərəfli
münasibətlər formatı prioritet təşkil edir: "Cənab prezident dəfələrlə,
xüsusilə diplomatlarla görüşlərində bunu qeyd edir ki, ikitərəfli münasibətlər
yüksək səviyyədə olanda, bu, çoxtərəfli münasibətlərin də inkişafına gətirib
çıxarır. İkitərəfli münasibətlərimiz ayrı-ayrı dövlətlərlə yaxşı olduqda, bu,
nəticə etibarı ilə üçtərəfli formatı formalaşdırır. Hazırda Azərbaycan
üçtərəfli formatda ayrı-ayrı region dövlətləri ilə sıx əməkdaşlıq edir. Bu
nöqteyi-nəzərdən Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox mühüm əməkdaşlıqdan
biridir”.
E.Nəsirovun sözlərinə görə, Azərbaycanın ikitərəfli formatda həm
Türkiyə, həm də Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var: "Belə olan
vəziyyətdə üçtərəfli format üçün çox münbit şərait yarandı və reallaşdı. Üçtərəfli
format nəticə etibarilə geniş spektrli məsələləri özündə ehtiva edir. Yəni
burada həm iqtisadi, ticarət, humanitar, həm də hərbi-texniki əməkdaşlıq
əlaqələrindən söhbət gedir. Eyni zamanda müdafiə sahəsində də əlaqələrin inkişafı
burada ehtiva olunur. Gürcüstanın Batumi şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan
müdafiə nazirlərinin keçirdiyi görüş də üçtərəfli formatın müdafiə sferasında
əlaqələrin inkişafını əhatə edən addımdır. Strateji tərəfdaş olan üç dövlət
müdafiə sahəsində əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyətlərini
müzakirə edir, eyni zamanda perspektivlərlə bağlı mövqelərini ortaya qoyurlar. Hər
üç dövlətin hərbi, o cümlədən müdafiə sahəsindəki əməkdaşlığını genişləndirməsi
nəticə etibarilə regionda sülhə və təhlükəsizliyə xidmət edən addımdır. Eyni
zamanda regionda bir çox çağırışlara və təhlükələrə qarşı birgə mübarizə
məsələlərini özündə ehtiva edir. Söhbət ilk növbədə beynəlxalq terrorizmə, o
cümlədən bu kimi müxtəlif qorxulu tendensiyalara qarşı birgə mübarizə
aparmaqdan gedir. Hesab edirəm ki, müdafiə nazirlərinin Batumi şəhərində
keçirilən görüşü regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi
yönümündə atılmış addımdır. Həmçinin üç dövlətin strateji tərəfdaşlıq
münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar açan bir görüşdür”.
"Atlas” Araşdırmalar
Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan-Türkiyə-Gürcüstan
müdafiə nazirlərinin Batumi görüşünün ölkəmiz üçün çox böyük əhəmiyyəti var:
"Çünki həm Türkiyə, həm də Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Bu
bölgə dövlətlərinin ortaq sərhədləri var. Ona görə də müttəfiq olan dövlətlərin
birgə hərbi təlimlər keçirməsi, müdafiə nazirlərinin tez-tez görüşməsi
zəruridir. Bu üç ölkəni ümumi sərhədlərdən əlavə, böyük enerji layihələri və
boru xətləri də birləşdirir. Üstəgəl, yaxın günlərdə Bakı-Tblisi-Qars dəmir
yolu da istifadəyə veriləcək. Bu layihələrin təhlükəsizlik məsələləri ön planda
tutulmalıdır. Çünki bölgəmizdə çox böyük təhlükəsizlik problemi var. Belə ki,
Gürcüstanın və Azərbaycanın torpaqları işğal altındadır. Qarabağda hər an hərbi
toqquşma ehtimalı ola bilər və əgər bu olarsa, böyük layihələrə də müəyyən
təhlükələr yaranar. Ona görə də hər üç dövlət birgə hərbi təlimlər keçirməklə,
təhlükəsizlik sahəsində daim əməkdaşlıq etməklə əslində həmin layihələrin
mühafizəsini təşkil edir”.
E.Şahinoğlu söylədi ki, bölgədə iki qeyri-rəsmi hərbi blok
formalaşıb: "Bunlardan biri Rusiya-Ermənistan hərbi blokudur. Rusiyanın
Ermənistanda hərbi bazaları var və faktiki, bu ölkənin işğalçı siyasətini
dəstəkləyir. Hətta erməni generalları deyirlər ki, Rusiya-Ermənistan qoşun
birləşmələri Azərbaycan ərazisində də müharibə apara bilər. Rusiya rəsmiləri bu
sözlərə etiraz etmirlər. Ona görə də bunun qarşılığında Azərbaycan-Türkiyə-Gürcüstan
hərbi ittifaqı güclənməlidir və buna ehtiyac var. Türkiyə NATO dövlətidir,
Gürcüstan bu quruma sıx inteqrasiyaya çalışır, Azərbaycan özü də ordusunu NATO
standartlarına yüksəldir. Bu üç ölkənin hərbi ittifaqı Rusiya-Ermənistan
blokuna qarşı deyil, amma öz təhlükəsizliyi baxımından əməkdaşlıq etmələri çox
vacibdir”.
Bəxtiyar MƏMMƏDLİ