• cümə, 29 Mart, 08:38
  • Baku Bakı 5°C

Ermənistanda yeni siyasi böhran

29.06.20 16:33 772
Ermənistanda yeni siyasi böhran
"The Insider”: "Hakimiyyətin populist resursları tezliklə tükənəcək və...”

Rusiyanın "The İnsider” internet nəşri Ermənistandakı mövcud durumla bağlı vəziyyəti analiz edib. Ölkədə yeni böhranın yetişdiyi qənaətinə gələn müəllif yazır ki, ötən həftə Yerevan məhkəməsi 2017-ci il parlament seçkilərində seçicilərə rüşvət verməkdə ittiham olunan müxalif "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanı həbs etməkdən imtina etdi. Bundan əvvəl isə parlament onun deputat toxunulmazlığını ləğv edərək həbsinə yol açdı. Koronavirusla mübarizədə fəaliyyətsizlik göstərən hakimiyyətə qarşı təpkilər artır, siyasi vəziyyət günbəgün ağırlaşır. Erməni politoloq Artur Atanüsyan nəşrə açıqlamasında "məxməri inqilab”dan sonra baş nazir Nikol Paşinyanın siyasi elitanı yeniləyə bilməməsinin, eləcə də, islahatlar əvəzinə ölkədə qarşıdurmanı daha da dərinləşməsinin səbəblərinə toxunub. Onun sözlərinə görə, iki il bundan əvvəl Nikol hakimiyyətə gələndə cəmiyyət ona böyük ümidlər bəsləyirdi. Əvvəlki baş nazir Serj Sarkisyanı devirən etiraz aksiyalarının iştirakçıları Paşinyandan çox, ölkədə siyasi sistemin dəyişəcəyinə ümid edirdilər. Əlavə edib ki, insanlar Serj Sarkisyanın onillik hakimiyyəti ərzində güclənən korrupsiya və sosial-iqtisadi problemlərdən, miqrasiyasının yüksək həddindən yaxa qurtarmağa çalışırdılar: "2017-ci ilin sorğuları göstərirdi ki, hər üç vətəndaşdan biri ölkəni birdəfəlik tərk etməyə hazırdır. İnqilab eyforiyası öz işini gördü. Paşinyan tərəfindən inqilabdan sonra yaradılan "Mənim addımım” alyansı parlament seçkilərində səslərin böyük əksəriyyətini qazandı. Müxtəlif siyasi qüvvələri birləşdirmək və yığılıb qalan problemləri həll etmək zəruriliyi qüvvədən düşdü. Nəticədə Çarukyanın "Çiçəklənən Ermənistan” və Edmon Marukyanın "Maarifçi Ermənistan” Partiyası siyasi qərarların qəbul edilməsi prosesindən sıxışdırılıb çıxarıldılar və parlament çoxluğuna və şəxsən Nikol Paşinyanla qarşıdurmaya getdilər. Baş nazir isə belə vəziyyətdə sosial şəbəkələr vasitəsilə cəmiyyətin aktiv təbəqəsinin dəstəyini qazanmağa üstünlük verməyə başladı - demək olar ki, hər gün "Facebook”da birbaşa efir edir. "Məxməri inqliab”dan bir il sonra Paşinyanın populyarlığı ciddi şəkildə enməyə başladı”.
Politoloq qeyd edir ki, iqtisadi göstəricilər, əhalinin rifahı sahəsində hər hansı bir ciddi nailiyyət əldə olunmayıb. Birinci mərhələdə Paşinyanın imici və yeni elita ölkənin idarə olunması ilə məşğul idi və cəmiyyəti də bu qane edirdi. Lakin sonrakı mərhələdə idarəedici institutlara etibar getdikcə azalmağa başladı. Əvvəlki rejimin dövründə olduğu kimi, yenidən hər şey bir şəxsin ətrafında formalaşmağa başladı və fərq yalnız yeni populist formatda idi. "Yeni hakimiyyətin kadr siyasətinin effektivliyi daha çox şübhə doğurur: elə bil ki, məsələ peşəkar kadrların cəlb olunması deyil, daha çox populyarlığı baş nazirdən aşağı olan şəxslərin toplanmasından gedir. Son iki il ərzində Milli Təhlükəsizlik Xidmətinin və polisin rəhbərliyi iki dəfə dəyişdirilib. Nəticədə polisin rəisi peşəkar ordu zabiti və Paşinyanın yerlisi, KİV-in yazdığı kimi, sinif yoldaşı olub. MTX rəhbəri isə bu qurumda təcrübəsi olmayan bir polkovnik oldu”, - deyə bəyan edib.
Növbəti hücum daha sonra məhkəmə sistemində də müşahidə olunmağa başladı. Baş nazir mütəmadi olaraq nəinki icra strukturunun, eləcə də, məhkəmə sistemini hədəfə alır - oradakı potensial korrupsionerlərdən bəhs edir: "Onların necə saxlanıldığını şərh edir, sonra isə əvvəldən nəticəsi bəlli olan məhkəmə prosesi keçirilir. Bununla da məhkəmə sistemi üçün ictimai rezonans yaradır və faktiki olaraq təqsirsizlik preambulasını pozur. Hazırda məhkəmə prosesi keçmiş prezident Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş rəhbəri Yuri Xaçaturov üzərində qiyabi keçirilir. Paşinyan hökumətinin və parlament çoxluğunun bütü səyləri, nəticədə onların öz mövqelərinin möhkəmlənməsinə və digər siyasi qüvvələrin əzilməsinə gətirib çıxardı. Nəticədə çoxluğu təmsil edən fraksiyanın deputatları tərəfindən "Maarifçi Ermənistan”a qarşı təzyiqlər artmağa başladı. Bu qurumun lideri Marukyanın hər hansı bir tənqidi çıxışı düşməncəsinə qarşılanırdı. Belə çıxışların birində hakim partiyanın deputatı tərəfindən Marukyana yumruq zərbəsi endirildi. Baş nazir özü də iclasda iştirak edirdi və sonra Marukyanı "təxribatçı fəaliyyət”də günahlandırdı. "Maarifçi Ermənistan”a qarşı təzyiqlər, parlamentdə sayca ikinci olan "Çiçəklənən Ermənistan”ın narahatçılıq keçirməsi üçün bir siqnal oldu. Bu partiya əvvəlki hakimiyyətlər dövründə hər zaman hökumətlərlə bir olub. Paşinyan hakimiyyətə gələndə isə onunla işbirliyinə getdi. Lakin onlar vahid siyasi qüvvə ola bilmədilər, pandemiya olmasaydı, bu cür partiyalarda daxili siyasi mübarizə heç bir effekt verməzdi. Məhz virus onları hakimiyyətə qarşı vahid cəbhədən birləşməyə məcbur etdi. Başqa ölkələr yeni virusun qarşısını almaq üçün təcili tədbirlər gördükləri halda, Ermənistan hökuməti pandemiyaya qarşı ümidsizlik nümayiş etdirərək, adekvat olmadı”. Qeyd edilir ki, baş nazir koronavirusu "it” adlandıraraq ona diqqət yetirməməyə çağırırdı. Səhiyyə naziri isə uzun müddət xəstə sayını şişirdirmiş sayırdı. Bir çox ölkələr özünütəcrid vəziyyəti elan etdikləri halda, Ermənistanda deputatlar maska taxmır və sosial məsafəni gözləmir, kütləvi tədbirlərə belə gedirdilər. Nəticədə baş nazirin özü xəstələrin sırasına düşdü. Hazırda ölkə, xəstə sayına görə regionda liderdir. O da bildirilir ki, ölü sayının artması və yüzlərlə xəstə göstəricisi paralel olaraq Paşinyana qarşı ittihamların artmasına səbəb olub. Onun, ölkəni idarə edə bilməməyi, adekvat olmadığı barədə diskussiyalar artıb. İctimai müzakirələrə sosial qrup və qüvvələr, o cümlədən köhnə və yeni müxalifət partiyaları da qoşulub. Paralel olaraq Paşinyan və tərəfdarları sosial şəbəkələrdə KİV-ə qarşı aqressiv kampaniyanı davam etdirməkdədir. Bu sırada Çarukyanın səsləndirdiyi ittihamlar aranı bir-birinə vurdu. Ardınca baş nazir onu korrupsiya əməllərində ittiham etdi.
Rusiya nəşri sonda belə bir qənaətə gəlir ki, Çarukyanın alternativ lider kimi potensialını artırmaq gərək deyil. Hətta Sarkisyan dövründə nüfuzlu fiqur olsa belə, strateji qərarlar qəbul etmək qabiliyyətində deyildi. Eləcə də, xarici və hərbi siyasət məsələlərində də özünü büruzə verə bilməyib. Bu səbəbdən də erməni cəmiyyətinin ona üstünlük verəcəyi gözlənilən deyil. Çox güman, bunu onun özü də başa düşür. Bu səbəbdən də bu gün Ermənistan alternativ liderə ehtiyac duyur. Elə bir lider ki, cəmiyyətin qütbləşməsinə son qoya və köhnə ilə yeni elitalar arasında körpü qura bilsin. Lakin hakimiyyət belə bir liderin yetişməsinə hər cür mane olur və "inqilab” oyunu oynamaqda davam edir. Cəmiyyət daxilində yeni düşmən axtarışına çıxır, cəmiyyəti parçalayır və bir sosial təbəqəni digərinin üstünə qaldırır. Bir məsələ də var ki, hakimiyyətin populist resursları tezliklə tükənəcək. Real göstəricilər, layihələr və planlar olmadan, hakim çoxluq azlıqda və izolə vəziyyətində qalacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər