• cümə axşamı, 25 aprel, 14:15
  • Baku Bakı 23°C

Ermənistanda Rusiya əleyhinə aksiyaların arxasında kim dayanır?

29.04.16 10:42 1477
Ermənistanda Rusiya əleyhinə aksiyaların arxasında kim dayanır?
Ölkəmizlə Ermənistan arasında baş vermiş 4 günlük müharibədən sonra işğalçı dövlətdə yaranan antirusiya ovqatı müzakirə mövzusuna çevrilib. İrəvanda keçirilən aksiyaların kim tərəfindən təşkil olunduğu ciddi sual doğurur. Ermənistanın Rusiyanın forpostu olduğu heç kimə sirr deyil. Belə vəziyyətdə Rusiya əleyhinə aksiyalar keçirilməsi, hətta bayraqlarının yandırılması bunun razılaşdırılmış məsələ olması ehtimalını artırır.
Əvvəlki illərin faktları Rusiyanın ona qarşı çıxanlara yumşaq yanaşa bilməsinə şübhə yaradır. Ona görə də bu cür aksiyaların keçirilməsi üçün hakimiyyətə şərait yaradıldığını söyləmək mümkündür. Amma gündəmdə olan suala – təşkilatçının kim olmasına cavablar müxtəlifdir. Aksiyaların arxasında Qərbdən maliyyələşən şəxslərin dayandığını deyən, onların fürsəti əldən verməyərək kütləni Rusiyaya qarşı kökləyə bildiklərini qeyd edənlər də var. Əksər siyasətçilər isə bunun Sarkisyanın öz planı olduğu qənaətindədirlər. Hesab edirlər ki, rəsmi İrəvan Rusiyadan daha çox dəstək almaq üçün xalqın ondan narazı olduğunu nümayiş etdirir.
Millət vəkili Elman Nəsirov "Kaspi”yə açıqlamasında dedi ki, Rusiyadan son dərəcə asılı olan Ermənistan rəhbərliyi sanki müstəqil siyasət yürütdüyü, münaqişənin həlli ilə bağlı təkliflərin əksinə çıxdığı görüntüsünü yaratmağa çalışır: "Erməni ictimaiyyəti etiraz aksiyaları keçirir, Rusiya bayrağını yandırırlar. Doğrudanmı, Ermənistanın Rusiyadan asılılığı yoxdur və ondan qorxmurlar? O, müstəqil qərar qəbul edib danışıqlardan imtinamı edir? Düşünürəm ki, belə hal mümkün deyil və baş verənlər sırf görüntü xarakterli aksiyalardır. Reallıqda Ermənistan forpost ölkədir və onun gələcəkdə də Rusiyanın təsir dairəsindən çıxmaq imkanları sıfra bərabərdir. Sarkisyan fərqindədir ki, aprelin əvvəlində baş vermiş 4 günlük döyüş prosesi, Azərbaycanın onlara öldürücü zərbə endirməsi bir çox məsələləri tam çılpaqlığı ilə ortaya qoydu. Belə ki, Ermənistan ordusunun bərbad vəziyyətdə olduğu üzə çıxdı. Əslində, bu fakt Ermənistanın hazırkı durumunu, dövlətin büdcəsinin nə vəziyyətdə olduğunu nümayiş etdirir. Həmçinin Sarkisyanın sosial dəstəyi də yoxdur. Bu, onsuz da bəlli idi. Amma son hadisələrdən sonra o, sosial bazanı tamamilə itirdi. Sarkisyan xalqa güvənə bilməz, çünki onu xalq seçməyib. Onun yeritdiyi siyasət xalq tərəfindən dəstəklənmir. Ona görə də düşünürəm ki, baş verənlərdə Sarkisyan sadəcə öz oyununu oynayır və bu, razılaşdırılmış oyundur. Guya işğalçı prezident kompromisə getməyən, danışıqlar prosesindən imtina edən, hətta Rusiyanın gətirdiyi təkliflər paketi ilə razılaşmayan şəxsdir. Bir məqamı xatırladım ki, Rusiya xarici işlər naziri Bakıda olarkən belə bir fikir işlətdi. Dedi ki, münaqişə ilə bağlı bütün detallar hazırdır. Amma Sarkisyan özünü bunları qəbul etməyən obrazda aparır. Guya o, müstəqildirmi? Guya "yox” demək onun əlindədir?”
Millət vəkili qeyd etdi ki, Ermənistanın müstəqil daxili və xarici siyasət yürüdə bilmədiyi hamıya məlumdur. Ona görə də heç imitasiya etməyə də ehtiyac yoxdur: "Bütün bunlar sosial dəstəyi olmayan Sarkisyanın dalana dirənmiş bir vaxtda atdığı məntiqsiz, mənasız addımlardır. Ağılsızlıq, sərsəmlik o səviyyəyə gəlib çatıb ki, o, özünü xilas etmək üçün növbəti səhv addımlar atır. Bunu ona əsasən deyirəm ki, Sarkisyan indiyə qədər danışıqlar prosesində iştirak edirdi, amma heç bir sənədə imza atmırdı. Bununla beynəlxalq aləmə belə bir ismarıc göndərirdi ki, Ermənistan danışıqlardan qaçmır və münaqişənin dinc yolla həllinə tərəfdardır. İndi o, Azərbaycan ordusundan aldığı zərbədən elə bir nokdauna düşüb ki, başı silkələnib və verdiyi bəyanatların əleyhinə işlədiyinə diqqət etmir. Danışıqlardan imtina etməklə məlum oldu ki, prosesləri pozan Ermənistandır və onlar münaqişənin dinc yolla həllini istəmirmişlər. Sarkisyan indiyə qədər bunu gizlədə bilirdi, daha bu, mümkün deyil. Faktlar Ermənistanın əleyhinə işləyir. Özlərini faş etdilər. Ermənistan bunun fəsadlarını yaxın zamanlarda hiss edəcək. Rusiya bayrağını yandırmaqla rus ictimaiyyətində də Ermənistan əleyhinə fikirlər formalaşdı. Sarkisyanın öz hakimiyyətini qorumaq üçün getdiyi bu oyunlardan sonra həm Rusiyada ona etimad azaldı, həm də rus ictimaiyyətində onlara qarşı kəskin fikirlər səsləndirildi. Azərbaycan 147 ölkədən minlərlə insanı, dövlət başçılarını, beynəlxalq təşkilatların təmsilçilərini, fond rəhbərlərini və digər nüfuzlu şəxsləri qəbul edərək multikultural dəyərlərdən, xalqlar arasında dostluqdan, mehriban birgəyaşayışdan danışır, bunu təbliğ edir. Amma Ermənistan prezidenti danışıqlardan imtina edir, monoetnik dövlət yaradır və ermənilərlə azərbaycanlıların bir yerdə yaşaya bilməyəcəyini təlqin edir. Bu, artıq faşist təfəkkürüdür, irqçilik nəzəriyyəsidir. Bunlar Hitlerin "Mənim mübarizəm” kitabından irəli tələn tezislərdir. Bunu Sarkisyanın dilindən 2016-cı ildə eşidirik. Sarkisyan həmin dövrün təfəkkürünü dövrümüzə daşıyır. Və bütün bunlar dünyanın gözü qarşısında baş verir”.
E.Nəsirov Sarkisyanın dalana dirənmiş siyasətinin sonunun çatdığını düşünür: "Sarkisyanın siyasəti ölkəni labirintə salıb. O, çıxış yolu tapa bilmir. Hər dəfə səhv addımlar atmaqla özünü bir az da çıxılmaz vəziyyətdə qoyur. Düşünürəm ki, özü də sonunun başladığının fərqindədir. Buna görə də sərsəm addımları, qərarları daha da çoxalıb. Yaratdığı vəziyyət müharibəni qaçılmaz edir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət diqqətli olmalı, ATƏT-in Minsk qrupu keyfiyyətli addımlar atmalıdır. Məlumdur ki, münaqişənin iki yolla həlli var. Əgər məsələni dinc yolla həll etmirlərsə, Azərbaycan qeyri-dinc yolu seçəcək. Bu zaman isə bütün məsuliyyət Sarkisyanın, beynəlxalq ictimaiyyətin, ən çox da ATƏT-in Minsk qrupunun üzərinə düşür. Təəssüf ki, onlar məsələyə dondurulmuş münaqişə kimi baxırlar. Bu, heç bir halda belə deyil. Göründüyü kimi, cəbhə xəttində gərginlik davam edir. Bu şəraitdə hansı dondurulmuş münaqişədən danışırlar?”
Politoloq Fikrət Sadıqov da Ermənistandakı aksiyaların qurulmuş tamaşa olduğunu düşünür: "Bunu rəsmi İrəvanın təşkil etdiyinə şübhə etmirəm. Onlar narazılıqlarını Rusiyaya bu formada çatdırırlar. Son hadisələr zamanı ruslar konkret şəkildə ermənilərin yanında olmadılar. Yəni gəlib onların əvəzinə Azərbaycanla döyüşmədilər. Bundan əlavə, onlar Azərbaycana silah satırlar. Ölkəmiz isə bu silahlardan yararlanaraq ermənilərə güclü zərbələr endirir. Belə məqam erməniləri razı sala bilməz. Onların ruslardan gözləntiləri çoxdur. Belə görünür ki, Ermənistanda qorxu hissi hökm sürür. Belə başa düşürəm ki, ictimaiyyət arasındakı narahatlıq hakimiyyətdə də var. Yəni, mövqelər üst-üstə düşür. Odur ki, hakimiyyət də bu narahatlığı, qorxunu Rusiyaya çatdırmaq istəyir. Elə görüntü yaradırlar ki, sanki Azərbaycan onları dağıdır, öldürür. Rusiya isə ermənilərə ciddi şəkildə dəstək nümayiş etdirmir. Ona görə də ermənilər əziyyət çəkdiklərini Rusiyanın diqqətinə çatdırmaq istəyirlər. Müttəfiqlərindən daha çox dəstək istəyirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər