• cümə, 19 Aprel, 10:05
  • Baku Bakı 13°C

Ermənistanda “qaynana sindromu”

30.09.16 13:20 1323
Ermənistanda “qaynana sindromu”
Sosial-iqtisadi problemlərin içində çabalayan Ermənistan hökuməti vəziyyətdən çıxış yollarını kadr dəyişikliklərində görsə də, aparılan islahatlar effekt vermir. Əksinə, atılan addımlar ölkənin sosial-iqtisadi həyatında daha da gərgin vəziyyət yaradır. Prezident Serj Sarkisyan baş nazir Ovik Abramyanın istefasından sonra bu vəzifəni Karen Karapetyana tapşırsa da, o da problemləri həll etmək iqtidarında deyil. Müşahidəçilərin gəldiyi rəy budur ki, eks-baş nazir hökm sürən siyasi böhrana görə "günah keçisi” seçilərək istefaya getməyə məcbur edilib. Əksəriyyət Karen Karapetyanın ölkədə hansısa ciddi dəyişiklik edə biləcəyinin inandırıcı olmadığını vurğulayıb. Bunu Karapetyanın özü də etiraf edir. Yeni baş nazir parlamentdə çıxışında vəziyyətin heç də yaxşı olmadığını bildirib. Və bəyan edib ki, iqtisadiyyat çox ağır vəziyyətdədir. Az sonra isə hökumətin iclasında Ermənistan hökuməti aparatının rəhbəri David Harutunyan dövlət orqanlarında çalışan məmurlara təyyarə biletlərinin alınmasında istifadə olunan elektron sistemi təqdim edib. Bu zaman baş nazir Karen Karapetyan kəskin bəyanat verib: "Kifayət qədər mürəkkəb sistemdir. Nəyə yönəldiyini də bilirsiniz. Elə buna görə də əmr verilir – biz xırda oğurluğa son qoymaqdan ötrü mürəkkəb mexanizmlər seçəcəyik. İdarələrinizi qaydaya salın. Hansı sxemlərə əl atıldığını mənə danışırlar... Bu insanlar bu ağlı başqa yerdə istifadə etsəydilər, effekti bundan qat-qat yaxşı olardı”.
Baş nazirin kəskin bəyanatından sonra hökumət üzvlərinin heç biri heç nə deməyib. İclasda iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri də sükutu pozmayıblar.Baş nazir hansı "primitiv oğurluq”dan söhbət getdiyini və onun kim tərəfindən törədildiyini açıqlamayıb. İclasda baş nazir oğurluqdan danışan zaman hüquq-mühafizə orqanlarının rəhbərlərinin heç bir reaksiya verməməsi "Haykakan Jamanak” qəzetinin iqtisadi şərhçisi Haik Gevorkyanı qəzəbləndirib. "Oğurluq konkret cinayət kateqoriyasıdır. Baş nazir oğurluğun olduğunu deyirsə, deməli, cinayət işi açılmalı, istintaq aparılmalı, adamlar cəzalandırılmalıdır. Ya da bu bəyanatı verən adam üzr istəməli, bunun səhv olduğunu deməlidir”, - deyə Gevorkyan bildirib. Onun sözlərinə görə, dövlət orqanlarının Ermənistan vətəndaşlarından toplanan vəsaiti səmərəsiz xərcləməsinə çoxlu misallar göstərmək olar. "Nümunələrdən biri Mərkəzi Bankın Dilicanda tikilmiş tədris mərkəzidir. Rəsmi sənədlərə görə, onu 153 milyon dollara tikiblər. Dövlət Gəlirləri Komitəsinin Dilicanda tikilmiş tədris mərkəzini də göstərmək olar. Ona 70 milyon dollara yaxın vəsait xərclənib”, - deyə Haik Gevorkyan vurğulayıb.
Müxalifət də baş nazirin hökumətdə oğurluq faktları barədə qalmaqallı bəyanatı ilə bağlı cinayət işinin qaldırılmasını tələb edir. Maraqlıdır ki, ədliyyə naziri Arpine Ovanisyan bildirib ki, cinayət işi qaldırılmayacaq. "Bunun üçün hüquqi əsas yoxdur”, - deyə nazir vurğulayıb. O bildirib ki, baş nazir oğurluq dedikdə, aviabiletlərin alınması ilə bağlı qanun pozuntularının olduğunu demək istəyib. "Daşnaksütyunun” parlament fraksiyasının üzvü, Armen Rustamyan hesab edir ki, baş nazirin bəyanatı cinayət işinin başlanması üçün kifayət edir. "Bu bəyanat cinayət, oğurluq haqqındadır - bu, Cinayət Məcəlləsinin konkret maddəsidir. Bu bəyanatın ardınca hüquq-mühafizə orqanları cinayət işləri açmalı idilər”.
Baş nazirin bəyanatı hakimiyyət daxilində də intriqalara yol açıb. Məlumatlara görə, yeni baş nazir bəzi kadr dəyişiklikləri etməyi nəzərdə tutur və bu məsələdə heç də prezidentin mövqeyini nəzərə almır. Ümumiyyətlə, bu şəxsin hələ paytaxt meri olan zaman əhalinin və rəhbərliyin fikrini nəzərə almadan atdığı addımlar və xalqa uzaq olması mütəmadi şəkildə narazılıq yaradırdı. Arxasında xarici qüvvələr duran baş nazir kabinet üzvlərinin 80 faizinin işinə xitam vermək istəyir. Yerli media yazır ki, Karapetyan əvvəlki iş yeri olan "Qazprom”da necə fəaliyyət göstəribsə, Ermənistanın bu şirkətə 300 milyon dollar borcu yığılıb. Hökumətin dəyişilməsinə xalqın münasibəti mövzusunda Gümrü şəhərində keçirilmiş ictimai rəy sorğusunda da nikbin nəticələr qeydə alınmayıb. Rəyi soruşulanlardan biri bildirib: "Baş nazir, nazirlər, prezident - onların hamısı özləri, öz şəxsi həyatlarını yaxşılaşdırmaq üçün işləyirlər. Baş nazir, yaxud prezident dəyişilsə də, biz yenə bir tikə çörək üçün ölkəni tərk etmək məcburiyyətindəyik”.
Vəziyyət o qədər ağırlaşır ki, artıq əksər məmurlar bütün mülklərini yaxınlarının adına keçirməyə tələsirlər.Məsələni hətta deputatlar parlamentdə qaldırıblar. Deputat Vaan Babayan parlamentdə deyib ki, "Bizim ölkədə bir pis ənənə var – "qaynana sindromu”. O izah edib ki, məmur öz mülkiyyətini çox vaxt qayınanasının adına yazdırır. O soruşub ki, yeni qanun layihəsi bu "qaynana sindromunu” necə həll edir?” "Aravot"qəzeti yazır ki, Babayan bu sualı Ermənistan parlamentində gəlir bəyannaməsi və gəliri haqda məlumat verənə yaxın olan adamların siyahısı haqda məsələ müzakirə olunarkən verib. Ədliyyə naziri vəzifəsini icra edən Arpine Hovanisyan bildirib ki, "qaynana sindromu” Antikorrupsiya komissiyasında müzakirə olunub. O deyib ki, gəlirini bəyan edənlə bağlı şəxslərin dairəsi gələcək qanunlarda genişləndiriləcək.
Yeri gəlmişkən, "Ermənistanda ədalət” adlı təşəbbüs qrupunun təşkilatçılığı ilə bir qrup diaspora üzvü, yerli ziyalılar ölkədə baş verən qanun pozuntuları ilə əlaqədar imzatoplama kampaniyasına başlayıblar. Kampaniyaya məşhur musiqiçilər və rok ifaçıları da qoşulub. Onlar Ermənistanda insan haqlarının kobud şəkildə pozulduğunu, polis zorakılığına yol verildiyini bəyan edirlər. 3000-ə yaxın insanın imza atdığı sənəddə bildirilir ki, onlar korrupsiyaya, avtokratiyaya "yox” deyirlər. Təşəbbüs müəllifləri Ermənistan hakimiyyət orqanlarından apreldəki parlament seçkilərini legitim və şəffaf qaydada keçirməyi tələb edirlər: "Biz sadəcə, Ermənistanda demokratiyanın formalaşmasını istəyirik”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər