• cümə, 29 Mart, 01:11
  • Baku Bakı 7°C

Ermənistanda parlament seçkiləri qeyri-rəsmi start götürüb

20.01.17 11:00 1602
Ermənistanda parlament seçkiləri qeyri-rəsmi start götürüb
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik güclənir. Təxminən üç aydan sonra keçiriləcək parlament seçkilərinin rəsmi startı elan edilməsə də, qeyri-iqtidar siyasi partiyaları seçki blokları yaratmağa başlayıblar. Bəlli olduğu kimi, ötən il qəbul olunmuş yeni konstitusiyadan sonra ilk dəfə keçiriləcək seçkilər nəticəsində ölkədə parlament idarəetmə sistemi tətbiq ediləcək. Yeni konstitusiyaya görə, prezident seçkiləri keçirilmir, ölkə prezidentinin seçilməsi və hökumət kabinetinin formalaşdırılması ilə Milli Məclis məşğul olur.
Beləliklə, erməni nəşrlərinin yaydıqları məlumata görə, artıq prezident Serj Sarkisyana qarşı çox ciddi qruplar yeni bloklarda birləşməyə başlayıblar. Keçmiş müdafiə naziri Seyran Ohanyan siyasi blok yaradılması ilə bağlı müzakirələrin yekunlaşmaq üzrə olduğunu bildirib. O qeyd edib ki, cəmiyyət dəyişiklik gözləyir və onların bu tələbini məsuliyyətli insanlar yerinə yetirməlidir. Ohanyan özünün Feysbuk səhifəsində yazıb: "Müxtəlif partiyalar, ictimai təşkilatlar, tanınmış xadimlər və ziyalıların nümayəndələri ilə siyasi müzakirələri davam etdirir, ölkənin yaranmış vəziyyətdən çıxarılması ilə bağlı ictimaiyyətə real proqram və yol xəritəsi təqdim edəcək eynifikirli insanlardan ibarət komanda, sıx ittifaq yaradıram”. Amma Ohanyan məhz hansı partiya və xadimlərlə danışıqlar aparıldığına aydınlıq gətirməyib. Xatırladaq ki, keçmiş müdafiə naziri ötən ilin sonlarında aktiv siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq istədiyini bildirmişdi. Bu, rəsmi şəkildə təsdiqlənməsə də, yerli KİV-lər Sergey Ohanyan-Vardan Oskanyan-Raffi Ovanisyan blokunun mümkünlüyündən yazırlar. Ohanyan ötən gün "Birlik” partiyasının sədri, keçmiş xarici işlər naziri Vardan Oskanyanla görüşüb. "Birlik” partiyasının məlumatına görə, görüşdə daxili və xarici siyasət məsələləri, həmçinin qarşıdan gələn parlament seçkisi müzakirə olunub. Amma partiya siyasi danışıqlar barədə məlumat verməkdən imtina edib. Partiya sədri Oskanyanın həftənin sonunda açıqlama verəcəyi gözlənilir.
Müxalifətdə olan "İrs” partiyasının lideri Raffi Ovanisyan isə bu günlərdə belə bir bəyanatla çıxış edib: "Seyran Ohanyanın çox vacib dövlətçilik təcrübəsi var. O, gələcək lider ola bilər, amma heç kim məhkəmə istintaqından azad deyil və bu hamımıza aiddir”. O qeyd edib ki, "İrs” partiyası parlament seçkisinə tək və ya blok şəklində getmək və yaxud hansısa başqa bir yol tutmaq barədə qərar qəbul etməlidir.
Onu da bildirək ki, bundan əlavə, ilk üç müxalif partiya da hələ ötən ilin dekabrında parlament seçkilərinə vahid blokla qatılacaqlarını elan etmişdilər. Ermənistanın sabiq müdafiə və baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın rəhbərlik etdiyi "Respublika”, sabiq jurnalist, millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” və müstəqil millət vəkili Edmon Marukyanın başcılıq etdiyi "Maariflənmiş Ermənistan” partiyaları dekabrın 12-də seçkilərdə vahid blokla iştirak etmək haqqında memorandum imzalayıblar. "Biz hakim rejimlə birgə mübarizə üçün birləşirik”, - deyə Aram Sarkisyan bəyan edib. Nikol Paşinyan və Aram Sarkisyan əvvəlki prezident seçkilərində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresiylə sıx əməkdaşlıq ediblər. Hələlik Erməni Milli Konqresinin başqa qüvvələrlə birləşəcəyi məlum deyil, partiya yalnız seçki siyahısına Ter-Petrosyanın başçılıq edəcəyini bəyan edib. Bu yaxınlarda "Üçüncü respublika” partiyasını yaradan Ermənistan prezident aparatı rəhbərinin sabiq müavini Viktor Dallakyan da əvvəl bəyan etdiyi kimi, 2017-ci il parlament seçkilərində "müxalif meydanda” iştirak edəcək. Daha əvvəl Viktor Dallakyan təsis etdiyi partiyaya bu il istefaya göndərilən müdafiə naziri Seyran Ohanyanın da qatılacağınıbildirmişdi.
Nəhayət, Ermənistanın ən varlı və nüfuzlu sahibkarlarından biri, 2015-ci ildə prezident Serj Sarkisyanın tənqidi və təhqiranə çıxışından sonra "siyasətdən çıxmağa” məcbur edilən "Çiçəklənən Ermənistan” partiyasının təsisçisi olmuş Qaqik Tsarukyan da yenidən böyük siyasətə qayıdıb, 2017-ci il seçkilərində iştirak etmək qərarını elan edib. "Daxili və xarici təhdidləri, eləcə də ictimai tələbləri nəzərə alaraq, elan edirəm ki, siyasi fəaliyyətimin bağlı səhifəsini açıram və geniş blok yaradaraq 2017-ci il parlament seçkilərində iştirak edəcəyəm”, - deyə yaxın qohumuna məxsus televiziya kanalı ilə çıxışında Tsarukyan bəyan edib. Tsarukyan hakimiyyətdə olmağa can atmadığı, hər hansı vəzifə tutmaq istəmədiyini bildirib. Hələlik Tsarukyanın seçkilərdə başqa siyasi qüvvələrlə birlikdə iştirak edib-etməyəcəyi məlum deyil, lakin onun qayıdışının seçkilərin nəticələrinə ciddi təsir edəcəyini heç kəs inkar etmir. Tsarukyan öz xeyriyyəçiliyi ilə tək yaşadığı Kotayk vilayəti deyil, bütün Ermənistanda ad çıxarıb. Onun təsis etdiyi "Çiçəklənən Ermənistan” partiyası da Ermənistan parlamentində hakim Ermənistan Respublika partiyasından sonra sayca ikincidir. Yerli təhlilçilər hesab edirlər ki, seçkilərdə yalnız Tsarukyan öz nüfuzu və maliyyə imkanları ilə hakim Ermənistan Respublika partiyasına rəqabət təşkil edə bilər, lakin onun seçkilərə qatılması heç də müxalifətin qələbə şanslarını artırmır. "Təbii ki, Tsarukyanın qayıdışı seçkilərin nəticələrinə təsir edər, onun müəyyən elektoratı var. Hazırda yaradılan bir çox partiya və seçki blokları onun qayıtması ilə bağlı parlamentə keçə bilməz. O isə səsləri iqtidardan, Ermənistan Respublikaçılar Partiyasından deyil, müxalif və qeyri-iqtidar partiyalardan alacaq”, - siyasi texnologiyalar üzrə ekspert Karen Koçaryan jurnalistlərə deyib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər