• cümə, 19 Aprel, 19:15
  • Baku Bakı 24°C

Ermənistanda növbəti terror şousu

15.12.17 09:00 1447
Ermənistanda növbəti terror şousu
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində terror aktlarının hazırlanması və həyata keçirilməsini planlaşdıran cinayətkar şəbəkəni aşkar edib. Bu barədə "Ermənistan xəbərləri” portalı yazıb. Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində milliyyətcə erməni olan ABŞ vətəndaşının "Facebook” sosial şəbəkəsində səhifə açdığı və orada "Ədalət döyüşçüləri” qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında material dərc etdiyi müəyyənləşdirilib. Elə həmin səhifənin vasitəsilə hüquq mühafizə orqanlarının əməkdaşları və Ermənistan rəsmilərinə qarşı birbaşa zorakılığa çağırışlar yayılıb.
İlkin məlumatlara görə, saxlanılan şəxs Ermənistanda vəziyyəti qarışdırmaq, əhalini qorxutmaq, qorxu mühiti formalaşdırmaq, dövlət orqanlarına təsir, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləri vurmaq, eləcə də bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə cinayətkar qruplaşma yaratmağa cəhd edib. Bundan əlavə, saxlanılan şəxs məsləhətləri, göstərişləri və maliyyə vəsaitləri ilə əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayıb. Bu məsələ ilə bağlı açılan cinayət işində həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və axtarışa verilməsi qərara alınıb.
Beləliklə, rəsmi Yerevanın bəh-bəhlə ölkədə sabitliyin hökm sürdüyü barədə bəyanatları bu qalmaqallı insidentlə alt-üst olub. Məsələ ondadır ki, Sarkisyan hökuməti uzun illərdir beynəlxalq aləmi inandırmağa çalışır ki, ölkədə hər hansı bir terrorçu birləşmə və qruplaşmaya rast gəlmək mümkün deyil. Lakin baş verən insident bir çox mətləblərdən xəbər verə bilər. İlk növbədə, Serj Sarkisyan hakimiyyəti bu insidentdən yararlanaraq rəqiblərini sıradan çıxarmağa çalışacaq. Necə ki, belə bir hal əvvəl də baş verib. Söhbət separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri” Samvel Babayanın həbsindən gedir. Yada salaq ki, həmin hadisə "İqla” zenit raket kompleksinin satılması faktı açıldıqdan sonra start götürmüşdü. Hakimiyyət də bu faktdan yararlanaraq Babayanı həbs etdi. O zaman S.Babayan hakimiyyət üçün ciddi problemə çevrilmişdi. Nəticədə sabiq "nazir” barəsində 7 illik həbs qərarı çıxarıldı...
Bu dəfə isə S.Sarkisyan sabiq müdafiə naziri Seyran Ohanyanı hədəf ala bilər. Ohanyanın korrupsiya ittihamı ilə dolu bəyanatları hakimiyyəti əməlli-başlı narahat etməyə başlayıb. Onu zərərsizləşdirmək planı cox ciddi və hərtərəfli şəkildə hazırlanır. Buna səbəb də var. Belə ki, barəsində həbs qərarı çıxarılan Babayanın Ohanyanla sıx münasibətləri var. Qarabağdakı hərbi birləşmələrdə həm Ohanyanın, həm də Babayanın adamları olmamış deyil. Bu səbəbdən də hakimiyyət onların birlikdə hərəkət etməsinə yol verməmək üçün nazirə qarşı hücumları gücləndirə bilər.
Bir faktı da qeyd edək ki, 2018-ci ildən Ermənistan parlament üsul-idarəçiliyinə keçir. Sarkisyan gələn il keçiriləcək prezident seçkilərinə "hazırlıqlı” getmək istəyir. Belə ki, o, baş nazir kreslosuna oturub bütün səlahiyyətləri əlində cəmləməyə çalışır.
Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı dövrdə ölkədə vəziyyət heç də normal axarda getməyəcək. Deməli, Sarkisyan rejiminin "casus” qalmaqalları, şouları da davam edəcək.
Azər
banner

Oxşar Xəbərlər