• cümə, 29 Mart, 19:11
  • Baku Bakı 14°C

Ermənistanda növbəti qalmaqal

13.01.20 18:58 679
Ermənistanda növbəti qalmaqal
Vaneçyan-Paşinyan "dueli” start götürür

Ermənistan siyasi gündəmi növbəti bir qalmaqala qədəm qoyub. Bu dəfə qalmaqalın mərkəzinə baş nazir Nikol Paşinyan və onun ailə üzvləri düşüb. Baş nazirin böyük qızı Maryam Paşinyan sosial şəbəkədə atasının bir vaxtlar müxbiri olduğu "Aykakan jamanak” qəzetində dərc olunan materialı yerləşdirib. Məqalədə Vaneçyan Paşinyan və onun ailə üzvlərinə qarşı kampaniya təşkil etməkdə, onu həyata keçirməkdə ittiham olunur. "Biz çox vaxt ailəlikcə bir yerə yığışar, kofe içər, müzakirələr aparardıq. Həmin günləri hələ də yadımdan çıxarmıram. Mən tam şəkildə onun bizimlə dost olmaq istədiyinə inanırdım. Təəssüf ki, bu istilik onlar tərəfindən səmimi deyildi. Vaneçyan tərəfindən bizim ailəyə qəsd toxumu səpilirdi”, - deyə Paşinyanın qızı sosial şəbəkədə yazdığı statusda bildirib. "Aykakan jamanak”da dərc olunan məqalədə iddia olunur ki, qəzet kütləvi informasiya vasitələrində Paşinyanın xanımı və qızlarına qarşı aparılan kampaniyasının arxasında Vaneçyanın durduğu barədə məlumatlar əldə edib. Nəşr yazır ki, bütün bunlar Vaneçyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olan zamanlardan başlayıb. Vaneçyan məşhur kriminal avtoritet Aram Vardanın köməyi ilə Anna Akopyan və Maryam Akopyan barəsində yalan və iftira üzrə ixtisaslaşan erməni nəşrlərindən birini ələ alıb. Qəzetin versiyasına görə, Nikolun ailə üzvlərinə qarşı kampaniya aparmaqda Serj Sarkisyanın kürəkəni Mikael Minasyan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan da aktiv kömək göstərib. Feyk xəbərlər köməyi ilə onlar baş naziri gözdən salmağa cəhd göstərir, uzaq perspektivdə isə onu vəzifədən uzaqlaşdırmağı qarşıya məqsəd qoyublar.
A.Vaneçyan da ünvanına səslənən ittihamlara cavab verib. Bildirib ki, bu ittihamların əsası yoxdur: "Qeyd etməyi borc bilirəm ki, bütün bunlar yalandır. Onun haqqında aparılan spekulyasiyalar və feyk hücumları – adi haldır. Bu nəşrin müəllifi və sifarişçiləri birinci dəfə deyil ki, məni gözdən salmağa çalışırlar. Bunları gizli qorxu hissilə edirlər. Lakin "mübarizənin” bu qədər cılız səviyyəyə düşəcəyini təsəvvür edə bilməzdim”. Vaneçyan jurnalistlərə bu məsələ ətrafında ona müraciət etməməyə çağırıb. Onun sözlərinə görə ailə onun üçün müqəddəsdir: "Və kiminsə ailəsini buna görə hədəfə almaq yolverilməzdir. Əlavə edib ki, "qəzetdə dərc olunan məqalə cavabsız qalmayacaq və artıq bu işlə vəkilləri məşğul olur. Paşinyanın böyük qızı Maryama gəldikdə "ata” kimi ondan xahiş edirəm, Maryam, can qızım, bu işə qarışma! Səni böyüklərin aydın olmayan işlərinə qoşulmamağa çağırıram”. Xatırladaq ki, Vaneçyan ötən ilin sentyabrında vəzifəsindən çıxarılıb. O, Paşinyan baş nazir seçildikdən sonra 2018-ci ildən MTX-yə rəhbərliyi həyata keçirib.
Qeyd olunur ki, Vaneçyanın xidmətindən istifadə etdiyi şəxs kriminal avtoritet Aram Vardanyandır. O da hakimiyyətyönümlü "Aykakan jamanak” qəzetində dərc olunan materiala münasibət bildirib və adının siyasi oyunlarda qabartmamalarını xahiş edib. Bildirib ki, siyasətlə məşğul olmur, bu sahə onun maraq dairəsində deyil: "Əgər mənim belə bir arzum olsaydı, bunu kütləvi, gizli intriqalarsız edərdim. Siyasətlə məşğul olanları bu gün və gələcəkdə məni özlərinin siyasi oyunlarına qoşmamağa çağırıram”. O bildirib ki, gec-tez həqiqət üzə çıxacaq və yalan, dezinformasiya yayanlar biabır olacaqlar.
Lakin erməni nəşrləri yazır ki, bu şəxs vaxtilə Vaneçyan tərəfindən tutulub və sonradan azadlığa buraxılıb. "Politoloq.org” saytının rəhbəri olan Aram Vardanyanla sövdələşməyə gedən Vaneçyan onu özünün qara təbliğatında aktiv iştirakçıya çevirib. Əsas hədəf isə baş nazir və onun ailə üzvləri olub. Bütün prosesləri vaxtilə Vaneçyanın mətbuat xidməti olmuş, indi isə onun PR meneceri kimi tanınan Vaaqn Boyadjyan həyata keçirib. Vəzifəsindən getməzdən əvvəl Vaneçyan Boyadjyana odlu silah da hədiyyə edib. Belə bir addım isə anlaşılan deyildi. Milli Təhlükəsizlik Xidmətində uzun illər işləyənlərə və xidməti olanlara belə, bu cür silah vermədikləri halda, cəmi bir neçə ay işləyən biri üçün bu edilib. "Siz artıq anladınız ki, hansı xidmətlərinə görə. Bu şəxs baş nazirin ailə üzvlərinə qarşı aparılan informasiya kampaniyasını koordinə edib. Siyasi sxemin ideoloqu isə Ara Saqatelyandır. O, Serj Sarkisyan hökumətində bir nömrəli təbliğatçı, Mikael Minasyan tərəfindən ən etibarlı şəxs kimi ad çıxarıb. Saqatelyan Vaneçyanın uşaqlıq dostudur və Vaneçyanın MTX-də karyera əldə etməsində önəmli rol oynayıb. 2018-ci ildən Minasyan və Vaneçyan arasında cari məsələlər üzrə rabitəçi olub. Ara Saqatelyan Vaneçyandan Serj Sarkisyan və ailə üzvlərini Paşinyandan qorumağı xahiş edib”, - deyə erməni nəşrləri yazır. O da qeyd edilir ki, Saqatelyan Minasyan və Vaneçyan arasında isti münasibətlər yenidən bərpa olunduqda Vaneçyanı hakimiyyəti tez bir zamanda ələ almağa inandıra bilib. Lakin necə? Tərəflər arasında Mikael Minasyan və Saqatelyanın iştirakı ilə strategiya hazırlanır. Mümkün qədər Paşinyanın ailə üzvlərini gözdən salan faktlar yaymaq. Digər mühüm bir istiqamət o olub ki, Paşinyanın psixi durumu barədə ara-sıra məlumatlar yaymaq gərəkdir. Bu şayiələrin yayılmasında da Saqatelyan və Boyadjyan məşğul olub”, -deyə erməni mediası yazır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər