Ermənistanda ərzaq məhsullarının bahalaşması gözlənilir
Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlüyün fəsadlarını hiss
etməyə başlayır. Belə ki, yeni ilin ilk günündən işğalçı ölkədə bir sıra ərzaq
məhsullarının qiymətləri qalxacaq. Bu onunla əlaqədardır ki, 1 yanvar 2018-ci
ildən Ermənistanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük rüsumları qüvvəyə
minəcək. Bunun nəticəsində Aİİ-yə daxil olmayan ölkələrdən idxal olunan mallara
əlavə rüsum qoyulacaq. Aİİ-yə daxil olmayan ölkələrdən gətirilən gündəlik
tələbat mallarından toyuq ətinin, südün, kərə yağının, bitki yağlarının, çayın
bahalaşacağı gözlənilir. Ermənistan iqtisadi inkişaf və investisiyalar
nazirinin müavini Hovannes Azizyan deyib ki, qiymət artımı nəzərəçarpacaq
olmamalıdır, çünki rüsumların cəmi 1-2 faiz artırılması nəzərdə tutulub. Onun
sözlərinə görə, toyuq əti 4 faiz, bitki yağlarının qiyməti isə 2 faiz artacaq. Azizyan
izah edib ki, Ermənistanın Aİİ-yə qoşulmasına dair müqaviləyə əsasən, Yerevana
900 adda məhsulun gömrük rüsumlarının tədricən qaldırılması üçün 2024-cü ilədək
vaxt verilib. Yanvarın 1-dən bu məhsulların yalnız 40-ı üçün rüsum
dəyişikliyinin tətbiqi nəzərdə tutulub.
Nazir müavinin sözlərinə görə, daxili rüsum siyasətinin yürüdülməsinə
səbəb Avrasiya İqtisadi İttifaqı daxilində ticarətin stimullaşdırılması
niyyətidir. Azizyan deyib ki, xarici mallara əlavə rüsumların tətbiqi yerli
istehsalın canlanmasına təkan verəcək.
Nazir müavini etiraf edib ki, yeni rüsumların tətbiqi nəticəsində,
məsələn, ucuz xarici toyuq ətinin qiyməti yerli malın qiyməti ilə
bərabərləşəcək. H.Azizyan son vaxtlar kərə yağının 40 faiz bahalaşmasından
danışarkən deyib ki, bu məhsul Ermənistanda kifayət qədər istehsal olunmur,
buna görə də hazırda geniş satışda olan Yeni Zelandiya yağının əvəzinə Rusiya
kərə yağından istifadə etmək olar. Belə ki, Rusiyadan gələn ərzaq məhsullarına
əlavə rüsumlar nəzərdə tutulmayıb. Erməni mətbuatı yazır ki, 2024-cü ilədək
dəyişdirilməsi nəzərdə tutulan rüsumların 90 faizi qiymətlərin bahalaşması ilə
nəticələnəcək. 2020-ci ildən ölkəyə avtomobil gətirilməsinin sənədləşdirilməsi
orta hesabla 5 faiz bahalaşacaq. Lakin bir sıra yerli iqtisadçılar hökumətin
verdiyi proqnozlara inanmırlar. İqtisadçı Artak Manukyanın fikrincə, yerli
istehsalın canlandırılması üçün xarici malların bahalaşdırılmasından daha
ağıllı vasitələr var. İqtisadçı bildirib ki, gözlənilən bahalaşmadan əlavə, Aİİ
ölkələrində 2018-ci ildən rüsum tariflərinin qaldırılması həm də aksiz
qiymətlərinin artmasına səbəb olacaq. Bunun nəticəsində siqaretin, arağın və
yanacağın qiymətləri bahalaşacaq.
Belə bir fikir də dolaşır ki, qiymət artımı Ermənistanın Avropa
İttifaqının "Şərq tərəfdaşlığı” proqramına qoşulması ilə də bağlı ola bilər.
Rusiya politoloqları bu fikri dönə-dönə xatırlayırlar. Məsələn, rusiyalı
politoloq, "Regnum” agentliyinin baş redaktoru Modest Kolerov "Joxovurd”
qəzetinə müsahibəsində bu məsələyə toxunub. O, Rusiya mətbuatında Ermənistan-Aİ
razılaşması ilə bağlı gedən antierməni bəyanatlara münasibət bildirib.
"Ermənistan-Avropa İttifaqı razılaşması daxili aspektdə problematik görünür, amma
yerinə yetirilməyəcək. Əgər yerinə yetirilməyə başlasa belə, bu, erməni iqtisadiyyatının
sonu demək olacaq. Ermənistanın düşməni, istənilən rəqibi bu razılaşmanın
reallaşmasını istərdi. Mən əminəm ki, Ermənistan hakimiyyət orqanları bu
razılaşmanı hərif-hərif reallaşdırılası bir əlifba kimi nəzərdən keçirmir.
Onlar bu razılaşmaya yerinə yetirilməyəcək siyasi bəyannamə kimi baxırlar”, -
deyə politoloq vurğulayıb. M.Kolerov onu da deyib ki, "əgər Rusiyada erməni
kütləvi informasiya vasitələrinin yazdıqlarını diqqətlə oxusaydılar, çoxdan
dəli olardılar”.
"Jamanak” da bu məsələyə münasibət bildirib. Qəzetdə dərc edilən
məqalədə vurğulanır ki, Rusiyanın yüksək səviyyəli rəhbərliyi Ermənistan
hakimiyyətinə son vaxtlar ölkə kütləvi informasiya vasitələrində antierməni
ritorikanın güclənməsi ilə bağlı izahat verib. Burada qeyd edilir ki, Rusiya
televiziyalarında gedən antierməni təbliğatın kökündə heç də Rusiya hakimiyyəti
dayanmır. Bundan əlavə, Moskvadan bildiriblər ki, sifarişçiləri Ermənistan
hakimiyyətinin daxilində axtarmaq gərəkdir.
Azər