• cümə, 29 Mart, 13:21
  • Baku Bakı 14°C

Ermənistanda doğulan körpənin kürəyinə elə beşikdə ikən 4300 dollarlıq borc yazılır

10.11.20 13:00 435
Ermənistanda doğulan körpənin kürəyinə elə beşikdə ikən 4300 dollarlıq borc yazılır
Müharibədə itirdiklərinin və dağılmış iqtisadiyyatın bərpasının kompensasiyası Ermənistanın xarici borclanmasını daha da artıracaq. Bu iqtisadi təlatüm nəticəsində növbəti bir il üçün xarici dövlət borcunun 7-7,3 milyard dollara, ümumi xarici borcun isə 13,8 - 14 milyard dollara çatdıracağı gözlənilir.
Bunu Trend-ə iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Ermənistanın astanasında olduğu bu tənəzzül eyni zamanda ÜDM-in həcmini də kəskin azaldacaq. Bu halda isə ölkənin xarici borcun ümumi daxili məhsula olan nisbəti 115-120 % -ə yüksələcək.
Ekspert əlavə edib ki, iqtisadi inkişafa nail olmaqda uğur qazana bilməyən Ermənistan daxili sosial-iqtisadi vəziyyətin stabilliyi naminə vaxtaşırı xarici donorlara, maliyyə qurumlarına üz tutub. Eyni zamanda bu tendensiya azalmaq və ya heç olmasa stabil qalmaq əvəzinə, əksinə ildən-ildə artımla müşahidə edilib. 2017-ci ildə 9.9 milyard dollar xarici borcu olan bu ölkə sonrakı iki ildə ciddi dərəcədə borclanmanı artırdı. Belə ki, xarici borc səviyyəsi 2018-ci ildə 10.8 milyard, 2019-cu ildə isə 11.6 milyard dollara gəlib çatmışdı.
E.Əmirovun sözlərinə görə, əksər mənbələrdə Ermənistanın xarici borcunun son olaraq məhz 11.6 milyard dollar göstərilsə də, əslində, bu statistika artıq dəyişilərək 12.5 milyarda çatıb:"Həm də bu rəqəm müharibədən 2 ay əvvələ aid olan statistikadır. İndi bu borcun 13 milyard dollara yaxınlaşmaq üzrə olduğunu ehtimal etmək olar. Xarici borclanmanın Ermənistan üçün qorxulu həddə yüksəlməsi həyəcanını Beynəlxalq Valyuta Fondu hələ bu borc 11.6 milyard dollar olarkən vermişdi".

İqtisadçı qeyd edib ki, həmin vaxt, yəni ötən il ümumi xarici borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 84.8 faiz idi. 2020-ci iliyin iyulda isə bu faiz nisbəti artıq 91%i keçmişdi. Dövlətin birbaşa xarici borclarda payı isə 5.9 milyarda çatıb. Bu isə adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 2 min dollar olması deməkdir: "Lakin nəzərə alsaq ki, xarici borcun dövlət borcu hesab edilməyən hissəsi belə birbaşa Ermənistan dövlətilə əlaqədardır. Çünki oradakı iqtisadi sistemdə müstəqil təsərrüfat subyektlərinin mütləq mənada yoxluğu borcun bütün hissəsində dövlətin yük altında saxlamasına səbəb olub. Məsələyə bu konteksdən yanaşdıqda isə adambaşına düşən xarici borcun daha da qorxulu həddə olduğu aydın olur".
E.Əmirov bildirib ki, artıq Ermənistanda xarici borcun adam başına düşən məbləği 4300 dolları keçib. Bu, ölən hər qoca ermənin, Qarabağda məhv edilən hər erməni əsgərinin 4300 dollar borcunu digər ailə üzvünün adına yazaraq ölməsi deməkdir. Bu, eləcə də doğulan erməninin kürəyinə elə beşikdə ikən 4300 dollarlıq borcun yazılması deməkdir:"İstər iqtisadi proseslərdə, istərsə də həyatın digər sahələrində, vəziyyəti müsbətə doğru dəyişmək üçün mütləq əvvəlcə mənfi tendensiyanı saxlayıb, sıfır dinamikası almaq lazımdır. Yalnız bundan sonra müsbət meyllər haqqında düşünmək olar. Amma Ermənistan bu qorxulu tendensiyanı saxlamaq bir yana, sürətini belə stabilləşdirə bilmir. Hər hesabat dövrü daha mənfi dinamikalı statistika qaçılmaz olur. Azərbaycanın sərvətlərini talayıb, xarıcə satdıqları halda yenə də bu dövlətin ticarət dövriyyəsində 154 milyon dollarlıq kəsr hissə mövcud idi. İndi təsəvvür edin, bu sərvətlər əlində çıxması ticarət balansını nə vəziyyətə salacaq! Xarici borclanma səviyyəsi isə yuxarıda qeyd etdiyim statistikadan görünür ki, hər il təxminən 800-900 milyon dollar həcmində artır. Yeri gəlmişkən qeyd edim ki, bütün bu mənfi tendensiyalar Ermənistanın müharibəyə qədərki göstəricisi idi. İndi bu tendensiya daha sürətlə dəyişəcək".
Ermənistan höküməti bu borcun altından uzun illər çıxa bilməyəcək. Bunun ağır fəsadları ilə qarşılaşan isə bu ölkədə fəaliyyət göstərən rezidentlər və sadə ermənilər olacaq. Çünki, mövcud şərtlər daxilində orada hansısa qeyri-rezidentin qalacağı inandırıcı görünmür.
banner

Oxşar Xəbərlər