• cümə, 29 Mart, 06:31
  • Baku Bakı 5°C

“Ermənistan öz avantürist siyasətinə KTMT-ni cəlb etməyə çalışır”

16.07.20 18:11 773
“Ermənistan öz avantürist siyasətinə KTMT-ni cəlb etməyə çalışır”
Dünya mediası işğalçı ölkənin təxribatlarının mahiyyətini açır

İşğalçı Ermənstanın cəbhə zonasında törətdiyi təxribatlar neçə gündür ki, dünya mediasının diqqətindədir. Təqdirəlayiq haldır ki, əksər KİV-lər baş verənlərə obyektiv mövqe nümayiş etdirir - Rusiya, Türkiyə, İsrail, Ukrayna mediası ilə yanaşı, Qərb ölkələrinin mediasında da obyektiv informasiya və məqalələrə yer ayrılır. Birinci Qarabağ müharibəsində informasiya blokadası hiss olunacaq dərəcədə idi. İllər uzunu aparılan məqsədyönlü təbliğat nəticəsində dünya birliyi Azərbaycanın deyil, məhz Ermənistanın işğalçılıq siyasət yürütdüyünü anladı. Məsələn, Belarusun "Belarusskaya pravda” qəzetində dərc olunan "Ermənistan öz avantürist siyasətinə KTMT-ni cəlb etməyə çalışır” başlıqlı məqalədə son günlər cəbhə xəttində baş verənlərə geniş yer verilib. "Ermənistan artıq birinci dəfə deyil ki, məhz dövlət sərhədində bu cür təxribatlar törədir. Bu hərbi təxribatlar nəticəsində Azərbaycan əsgərləri və mülki şəxslər qətlə yetirilir. Rəsmi məlumata görə, ermənilərin son hücumu nəticəsində 11 Azərbaycan əsgəri və bir mülki şəxs həlak oldu. Ermənistan Azərbaycan ərazisinin 20% -ni işğal edən bir ölkə olaraq qalır. Son zamanlar Ermənistan rəsmiləri dəfələrlə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa və hətta yeni əraziləri işğal etməyə hazır olduqlarını bildirdilər. Mövcud vəziyyətlə əlaqədar prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırıb. Azərbaycan prezidenti bu iclasdakı çıxışında baş verənlərə görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını bildirib”, - deyə məqalədə bildirilib. "Ermənistan hakimiyyətinin silahlı hücumunun səbəbi aşağıdakıdır - beynəlxalq təşkilatların, o cümlədən Şərq Tərəfdaşlığı Proqramına daxil olan dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı rəsmi açıqlamasından sonra Ermənistan tərəfi diqqəti münaqişə zonasından yayındırmaq qərarına gəldi və hərəkətlərini sərhəd bölgəsinə yönəldərək münaqişə yaratdı. Qeyd edək ki, Ermənistan KTMT üzvüdür və bu təşkilatı özünün avantürist siyasətinə cəlb etməyə çalışır.
Digər tərəfdən, onun bu hərəkətinin səbəbi də erməni ictimaiyyətinin diqqətini çətin sosial-iqtisadi vəziyyətdən, o cümlədən COVID-19 ilə əlaqədar yaranmış acınacaqlı vəziyyətdən yayındırmaqdır”, -deyə bildirilib.
Ukraynanın "Vzqlyad” qəzetində dərc edilən "Rusiya Ermənistanı Azərbaycanla müharibədə müdafiə etməlidirmi?” başlıqlı məqalə rəsmi Kiyevin son sərhəd münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi ilə başlayır. "Vəziyyətin maraqlı olan halı odur ki, indi Moskvanın Bakı ilə münasibətləri Yerevanla olan münasibətlərdən xeyli yaxşıdır. Lakin Yerevan KTMT üzrə müttəfiqdir. Belə olan halda Rusiya qərbyönümlü Paşinyana kömək göndərməlidirmi?”- deyə məqalədə bildirilir. Ukrayna analiz və menecment İnstitutunun rəhbəri Ruslan Bortnik təəccüb etmir ki, Kiyev nədənn birmənalı şəkildə Azərbaycanı müdafiə edir. Onun sözlərinə görə, Ukrayna Ermənistandan Azərbaycanın "ərazi bütövlüyünü” bərpa etməsini tələb etdi və bu da əsaslıdır. Onun öz əraziləri hazırda işğal altındadır.
"Bununla birlikdə, merkantil mülahizələr də mühüm rol oynadı. Azərbaycanın Ukraynaya təklif edəcəyi bir şey var: ilk növbədə Kiyevin etibar etdiyi neft. Bundan əlavə, Azərbaycan biznesi ermənilərdən fərqli olaraq, ölkəmizdə çox ciddi işləyir " - deyə Bortnik vurğulayıb.
Bir çox ekspertlər qeyd edir ki, Cənubi Qafqazda yeni hərbi böhran qaçılmaz olaraq təkcə Türkiyəni deyil, qonşu respublikaları, o cümlədən Rusiyanı da əhatə edəcək. Ancaq paradoks budur ki, hazırda Moskva ilə Yerevan arasında siyasi münasibətlər olduqca sərindir.

"Bildiyiniz kimi, 2018-ci il "məxməri inqilab” dan sonra ölkənin yeni lideri Nikol Paşinyan KTMT baş katibi Yuri Xaçaturovu (qiyabi) və prezident Putin ilə çoxdan dost olan keçmiş prezident Robert Koçaryanı həbs edib, Qərblə yaxınlaşma yolunu elan etdi. Koçaryan bir il yarım həbsxanada yatdı və yalnız bu yaxınlarda ödənc müqabilində ev dustağı oldu. Rusiya prezidenti Koçaryana açıq dəstək verdi, hətta onun həyat yoldaşı ilə görüşdü. Bununla yanaşı, Paşinyan Xaçaturovun yerinə yeni baş katib təyin olunmasına mane olmaqla il ərzində KTMT-nin işinə mane oldu. Putin və Əliyev arasındakı münasibətlər, əksinə, olduqca isti hesab olunur. Məsələn, ötən payız Soçidə Valday Siyasi Elm Klubunun iclasını yada salaq”, - deyə məqalədə bildirilir. Geosiyasi Problemlər Akademiyasının birinci vitse-prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov Yerevanın Rusiyanın hərbi müttəfiqi olaraq qaldığını, hərbi bazalarının Gümrüdəki Ermənistan ərazisində olduğunu xatırladır. Ekspert irimiqyaslı hərbi əməliyyatlar başlarsa, Azərbaycanın qələbə qazanacağına şübhə etmir. Sivkov müharibə sürətlə gedərsə və əhəmiyyətli itkilər olarsa, Yerevanın çətin anlar yaşayacağını proqnoz edir. Öz növbəsində hərbi ekspert Pavel Felgenhauer Bakının daha müasir xarici silahlara, o cümlədən İsrail dronlarına sahib olduğunu bildirib. Əlavə edir ki, Yerevan isə yalnız Rusiya və sovet silahlarına etibar edə bilər.
Ukraynanın "dialoq. ua” nəşrində dərc olunan "Qafqazda müharibə: Nədən Ukrayna Ermənistandan daha çox Azərbaycanı dəstəkləyir” başlıqlı məqalədə qeyd edilir ki, "Qafqazda baş verənlər müharibəni özündə hiss edən Ukraynanı narahat etməyə bilməzdi. Problemimiz aşağıdakılardır: Ermənistan-Azərbaycan sərhədində münaqişənin yeni kəskinləşməsindən sonra Ukrayna tərəfi vəziyyətin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğunu bildirdi. Bundan sonra rəsmi Yerevan Kiyevin bu açıqlamasından məmnun olmadığını ifadə etmək üçün Ukrayna səfiri İvan Kulebanı Xarici İşlər Nazirliyinə çağrıldı”.
Müəllif yazır ki, ukraynalılar Ermənistandakı inqilaba ümidlər baxırdılar. Ümid etdik ki, rejim dəyişikliyindən sonra Moskva ilə lütfkar olmağı dayandıracaqlar və nəhayət, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəklər. Ancaq Paşinyanın Krımla bağlı qəribə açıqlamaları onları məyus edb. Hər kəs bilməlidir: yarımadanı Ukraynanın hesab etməyənə, ölkəmizin suverenliyinə hörmət etməyənə biz də hörmət etmərik. Bir daha vurğulayırıq: erməni xalqına qarşı heç bir şikayətimiz yoxdur, onları bizə yaxın hesab edirik və daima kömək əli verməyə hazırıq. Ancaq ölkələrin ərazi bütövlüyünə hörmət bizim üçün əsas amil və göstəricidir”.
Yeri gəlmikən, qeyd olunan ölkələrin mediası ilə yanaşı, qardaş ölkə - Türkiyənin də mediası silsilə yazılar dərc etməkdədir. "Türkiyə”, "Hürriyet”, "Sözçü”, "Yeni akit”, "Yenicaq” qəzetləri, informasiya agentlikləri son hərbi əməliyyatları geniş şəkildə işıqlandırıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər