• cümə, 29 Mart, 11:28
  • Baku Bakı 5°C

Ermənistan yenə Avropaya tərəf boylanır

16.11.17 09:15 2144
Ermənistan yenə Avropaya tərəf boylanır
10 gündən sonra Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı” sammiti iki aspekti ilə diqqət çəkir. Birinci məsələ odur ki, Belarus prezidenti Aleksandr Lukaşenko tədbirə dəvət olunacaqmı? Əgər dəvət baş tutacaqsa, onda bu, Avropanın artıq Lukaşenkoya vurduğu "Avropanın sonuncu diktatoru” damğasını götürdüyü anlamına gələcək. Lakin məsələ ondadır ki, Belarusda elə də ciddi dəyişikliklər baş tutmayıb. Qərb mediası yazır ki, ikinci məsələ daha mürəkkəbdir. Söhbət Ermənistan və Aİ arasında geniş tərəfdaşlıq sazişinin imzalanmasından gedir. Özü də Yerevanın bu sayca ikinci şansıdır. Birinci cəhd 2013-cü ildə yekunlaşıb. O zaman Serj Sarkisyan Moskvaya səfərindən dərhal sonra bəyan etdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üstünlük verir. Onun belə bir bəyanat verəcəyi gözlənilən idi. Lakin erməni xisləti burada da özünü büruzə verdi. Rəsmi Yerevan bəyan etdi ki, "Şərq tərəfdaşlığı”ndan birdəfəlik imtina etmir. Lakin böyük ümidlərlə Rusiyanın himayəsi altında qurulan Avrasiya İqtisadi İttifaqına üzv olan ermənilərin arzuları puç oldu. Belə ki, Sarkisyan hökuməti gözləyirdi ki, ölkəyə rus kapitalının axını güclənəcək, investisiyalar artacaq. Lakin bunun əksi yaşandı. Öz canının hayında olan ruslar nəinki bu ölkəyə yardım əlini uzatdı, əksinə, yardımların miqdarını azaltdı. Bu səbəbdən də ermənilər yenə də üzlərini Avropaya tutmağa can atırlar.
Ermənistan Rusiya ilə anlaşıb
Neçə müddətdir ki, erməni tərəfi fəxrlə bəyan edir ki, Avropa İttifaqı ilə Assosiativ sazişi imzalamaq üçün bütün şərtləri yerinə yetirib. Rusiya mediası da yazır ki, Ermənistan MDB məkanında əsas inteqrasiya layihəsi olan Avrasiya İqtisadi İttifaqının üzvlərinin biganəliyindən inciyib. Onun inteqrasiya axtarışlarına Minsk və Astana tərəfindən lazımı diqqət yetirilmədi. Daha çox da Astana Yerevanın quruma üzvlüyünə qarşı çıxıb. İndi isə vəziyyət belədir ki, Moskva Yerevanın Avropaya inteqrasiya "uğurlarından” narahat olmağa başlayıb. Artıq yeni saziş hazırdır. Rusiyanın buna reaksiyası hələ ki, bəlli deyil. Ola bilsin, erməni rəhbərliyi Moskvaya etdiyi çoxsaylı səfərlərin gedişində qarşı tərəfi inandıra bilib. Əks halda, Rusiya buna razılıq verməzdi. Əgər noyabrın 24-də sazişin imzalanması baş tutarsa, onda Ermənistan rusiyaayönümlü KTMT və Aİİ üzvü kimi Aİ ilə çərçivə sazişi imzalayan ilk ölkə olacaq. Rusiya mediası yazır ki, saziş bir halda baş tutmaya bilər – Moskva onun Cənubi Qafqazdakı maraqlarına zidd olacağını bildirərsə. "Nezavisimaya qazeta”nın analitikləri dərhal Dağlıq Qarabağ məsələsini qabardırlar. Bununla da açıq şəkildə Ermənistana qarşı hər hansı təzyiq göstərilə biləcəyini qeyd ediblər. Ermənistanda isə ümid edirlər ki, Avropa İttifaqı onlarla sazişi imzalayacaq.
Avropa obyektiv olacaq, yoxsa xristian təəssübkeşliyini əsas götürəcək?
Yeri gəlmişkən, erməni tərəfi həm də dünyaya car çəkərək Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrin onu izolə etdiyini qabardır. Yəqin ki, avropalı dostları da xristian təəssübkeşliyindən çıxış edərək ona "yox” deməyəcəklər. Lakin məsələ ondadır ki, Avropa uzun müddətdir ki, Ermənistanla əməkdaşlıq üçün mühüm bir şərtin yerinə yetirilməsini tələb edir. Söhbət Metsamor AES-dən gedir. Avropa bu stansiyanı ətraf aləm üçün ciddi təhlükə mənbəyi adlandıraraq, onun bağlanmasını tələb edir. Hətta bunun üçün Ermənistana 100 milyon avro təklif etsə də, ermənilər razılaşmırlar. Bəyan edirlər ki, bu stansiya onların enerji tələbatını ödəmək üçün əvəzsizdir. Ümid etmək olar ki, Avropa ailəsi bədnam və işğalçı dövlət statusuna malik Ermənistanla saziş imzalamaq istəyindən əl çəkəcək. Aİ ondan üst qurum olan BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxarılması barədə məlum qətnamələrinə nəzər salacaq. Əks halda, özünün qərəzli və erməni təəssübkeşi obrazını daha da möhkəmlətmiş olacaq.
"LeMonde Diplomatique”: "Metsamor – daha bir Çernobıl”
Metsamordan söz düşmüşkən, Avropanın nüfuzlu nəşrləri bu stansiya ilə bağlı ardıcıl reportaj və məqalələr dərc etməkdə davam edir. Bu dəfə Fransanın "LeMonde Diplomatique” nəşri "Metsamor – daha bir Çernobıl” başlıqlı məqalə dərc edib. Müəllif yazır ki, Çernobıl və Fukusimadan sonra dünya birliyi hələ də dərs götürməyib. Stansiya ətrafında insanların qorxu içində yaşadıqları, onların yeni zəlzələnin baş verə biləcəyindən necə ehtiyatlandıqları vurğulanır. "Bu ətrafda vulkan ocaqları mövcuddur. Stansiya seysmik zonada, Ərəbistan və Avrasiya geoloji ərazisində inşa edilib. 1989-cu ildə zəlzələ baş verdikdə stansiya bağlanılsa da, 1991-ci ildə Ermənistan enerjiyə tələbat hiss edildiyi bəhanə edilərək onu yenidən işlətməyə başladı. 1995-ci ildə isə hakimiyyət ikinci reaktoru işə salmaq qərarını verdi ki, bu da ətraf ölkələrdə ciddi narazılığa səbəb oldu. Bu stansiya əvvəlki tək bütün Avropa üçün təhlükə mənbəyidir”, - deyə qəzet əraziyə baş çəkən Avropa İttifaqı nümayəndəsinə istinadən yazır. Aİ-nin xarici əlaqələr xidmətindən Şaron Zarb bildirir ki, stansiyanın dərhal qapadılması prioritet olaraq qalır. Müəllif yazır ki, yerli qeyri-hökumət təşkilatları dəfələrlə stansiyanın necə təhlükəli olması barədə hakimiyyət və beynəlxalq qurumlar qarşısında məsələ qaldırıblar. Yeri gəlmişkən, "LeMonde Diplomatique”nin əməkdaşı stansiyanın içinə girməyə müvəffəq olub. Stansiyanın rəhbəri jurnalisti inandırmağa çalışıb ki, burada təhlükəsizlik qaydalarına güclü şəkildə əməl olunur. Müəllif köhnə blokların bərbad vəziyyətdə olduğunu yazır. İkinci blokun birincinin analoqu olduğunu, reaktor ətrafında germetik buludun mövcud olmadığını vurğulayıb. Direktor Movses Vardanyan bildirib ki, onun inşası mümkün deyil. Jurnalist məqaləsində nüvə tullantılarının saxlanması problemindən də danışıb: "Təcrübə göstərir ki, tullantını 50 il saxlamaq olar, lakin artıq bir neçə ildən sonra problemlər ortaya çıxa bilər”. Stansiyanın rəhbəri jurnalisti inandırmağa çalışıb ki, hökumət 300 il üçün nəzərdə tutulan tullantı yeri ilə bağlı layihə üzərində iş aparır. Jurnalist stansiyanın təhlükəlilik dərəcəsi ilə bağlı MAQATE rəhbərliyindən mövqe öyrənməyə çalışsa da, müvafiq cavab ala bilməyib.
1992-ci ildə hazırlanan hesabat gizlədilir
Ən dəhşətlisi isə stansiya ətrafında yaşayan insanların şikəst uşaqlarının dünyaya gəlmələridir. Bu faktı qəzetə Armavirin inkişafı üzrə Mərkəzin rəhbəri Naira Arakelyan bildirib. Rəsmilər bu xəstəliklərin irsi olduğunu iddia etsələr də, qarşı tərəf bunu təkzib edir. Yerevanın sabiq meri, prezidentin keçmiş müşaviri Vaaq Xaçatryan da narahatdır. O bildirib ki, bu günlərdə onun stansiyada çalışan cavan dostu vəfat edib. O da bunu stansiyanın işi ilə əlaqələndirir. Qeyd edilir ki, bir neçə il bundan əvvəl stansiyada olan yapon mütəxəssisləri gördüklərindən təəccübləniblər. Onlar təhlükəsizlik qaydalarının acınacaqlı halda olduğunu vurğulayıblar. Bundan əlavə, zəlzələ təhlükəsinin ciddi faktor olduğu xüsusi qeyd edilib. Ermənistan Yaşıllar İttifaqının rəhbəri Akob Sanasaryan bildirir ki, hökumət ictimaiyyətdən 1992-ci ildə hazırlanan hesabatı gizlədir. Bu hesabat isə dörd tədqiqat institutu tərəfindən hazırlanıb.
Qəzetin əməkdaşı sonda belə bir qənaətə gəlir ki, təhlükəyə baxmayaraq, Ermənistan nüvə energetikasından imtina etməyə tələsmir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər