• çərşənbə, 24 Aprel, 07:16
  • Baku Bakı 13°C

Ermənistan Türkiyə üçün başlıca maneədir

14.12.13 09:52 1770
Ermənistan Türkiyə üçün başlıca maneədir
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Ermənistanda keçirilən 29-cu sessiyasında Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu, Azərbaycanı isə XİN-in şöbə müdiri Şövqi Mehdizadə təmsil edib. Sessiya çərçivəsində Ə.Davudoğlu Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüş keçirib. Lakin bu görüşdə əvvəlcədən gözlənildiyi kimi, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, işğal altındakı iki Azərbaycanın rayonunun azad edilməsi müzakirə olunmayıb. Halbuki, Türkiyə mətbuatı bu görüşlə bağlı əvvəlcədən fərqli məlumat yaymışdı.
Ehtimal olunurdu ki, Davudoğlu ölkəsinin Ermənistanla sərhədləri açmaqla bağlı şərtlərini rəsmən irəli sürəcək. Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən azı 2-nin azad olunması qarşılığında bu ölkə ilə sərhədləri aça biləcəyinə dair Ankaranın təklifini diqqətə çatdıracaq. Hətta diplomatik çevrələr bu təklifi Ermənistan üçün önəmli fürsət kimi də dəyərləndirirdilər. Lakin gözləntilər özünü doğrultmadı. Regionda baş verən son proseslər, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu, Ermənistan-Türkiyə sərhədlərinin açılması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, Davudoğlunun Ermənistan səfərinin nəticələrini necə qiymətləndirirsiniz?
- Hələ bu görüşdən əvvəl mətbuata açıqlamalarımda qeyd etmişdim ki, Əhməd Davudoğlunun Ermənistan səfərindən real nəticə gözləmirəm. Düzdür, Türkiyə xarici işlər nazirinin İrəvana səfəri xüsusi olaraq təşkil edilməmişdi. Ermənistandakı toplantı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının yığıncağı idi. Bu toplantı çərçivəsində Davudoğlu erməni həmkarı Nalbəndyanla da görüşdü. Erməni xarici işlər naziri ilə görüşdən öncə türk mətbuatı diplomatik mənbələrə istinadən xəbər yaymışdı ki, guya Azərbaycanın işğal altındakı iki rayonunun Ermənistan tərəfindən azad edilməsi müqabilində Türkiyə-Ermənistan sərhədləri açıla bilər. Ehtimal edirdilər ki, Davudoğlu Ermənistana məhz belə bir təkliflə gedib və erməni tərəfi bu şərti qəbul etsə, Ankara-İrəvan münasibətləri yaxşılaşacaq. Lakin burada xeyli suallar var idi. Hansı ki onlara heç cür cavab verilmirdi. Məsələn, Ermənistan prezidenti niyə belə bir addım atmalıydı ki? Yadınızdadırsa, hələ bir neçə il bundan öncə Sürixdə məşhur protokollar imzalanarkən sözügedən şərtlər orada da öz əksini tapmışdı. Ermənistandan tələb olunurdu ki, işğal altında saxladığı Azərbaycan rayonlarını azad etsin, bundan sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə başlanılsın. O zaman Ermənistan bunu etmədi. Sual olunur ki, indi nə dəyişib, Ermənistan niyə belə bir addım atmalıdır? Digər tərəfdən, Ermənistan prezidenti daxildəki qüvvələrlə də hesablaşır. Xatırlayırsınızsa, 1990-cı illərin ortalarında Ermənistanın keçmiş prezidenti Petrosyan faktiki olaraq, Azərbaycanla saziş imzalamağa hazır idi. Həmin ərəfədə onu devirdilər. Petrosyanı devirən indi hakimiyyətdə olan qüvvələrdir.
- Söylədiklərinizdən belə məlum olur ki, Ermənistan cəmiyyəti hər hansı güzəştdə maraqlı deyil və Sarkisyan da məhz daxildəki qüvvələrdən çəkinərək belə bir addım atmır...
- Bəli, Sarkisyan Petrosyanın aqibətini yaşamaq istəmir. Dağlıq Qarabağ və işğal altındakı digər 7 rayonun azad edilməsi məsələsində Sarkisyan daxili qüvvələrdən, Daşnaksütyun kimi partiyaların reaksiyasından çəkinir. Ona görə də Ermənistanın qeyd-şərtsiz işğal altındakı iki Azərbaycan rayonunu azad etməsini gözləmirəm. İkincisi, bu münaqişənin indiyə kimi davam etməsində, həllini tapmamasında Rusiya amili də var. Kremldəki müəyyən qüvvələr Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşmasında maraqlı deyillər.
- Rusiyanın burada başlıca marağı nədir ki?
- Bilirsiniz, bu ölkələrlə münasibətlərin normallaşması Rusiyanın Ermənistan üzərindəki təsirini azalda bilər. Bu kimi səbəblərdən, Ankaranın İrəvanla münasibətlərini yaxşılaşdırması qeyri-mümkündür. Bu, gediləsi uzun bir yoldur. Ola bilər ki, Davudoğlu Ermənistanla bağlı hansısa yol xəritəsi hazırlayıb. Əgər belə bir şey varsa, bu, bizim də maraqlarımıza uyğundur. Azərbaycanın işğal altındakı iki rayonunun azad edilməsi, avtomatik olaraq münaqişənin mərhələli həllini nəzərdə tutan “Madrid prinsipləri”nin işə düşməsidir. Biz, bütün qüsurlarına rəğmən, bu planı qəbul etmişik. Bu mənada, biz rəsmi Ankaranın çalışmalarına dəstək verməliyik. Çünki Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel aparır.
- Türkiyənin regionda fəallaşması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nə dərəcədə təsir edir?
- Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu dövlətin regionda artan rolu Azərbaycanın birbaşa maraqlarına uyğundur. Türkiyə xarici işlər naziri təkcə son iki ayda Dağlıq Qarabağ və Ermənistanla bağlı bir neçə açıqlama verib. Hiss olunur ki, rəsmi Ankara bu istiqamətdə fəallaşmaq, Cənubi Qafqazda öz rolunu artırmaq istəyir. Lakin rəsmi Ankara onu da başa düşür ki, Dağlıq Qarabağ problemi həllini tapmadan Türkiyənin bölgədə fəallaşması mümkün deyil. Bu yolda Türkiyəyə başlıca maneə Ermənistandır. Azərbaycanla strateji müttəfiq olan Türkiyə birlikdə iri layihələri həyata keçirirlər. Türkiyənin Gürcüstanla da yaxşı əlaqələri var. Bu dövlət Türkiyə-Azərbaycan layihələrinə cəlb olunub. Bölgədə təcrid olunmuş şəkildə yaşayan yeganə dövlət Ermənistandır. Onunla da əlaqələr qurmaq üçün Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır. Əgər belə olsa, Türkiyənin Cənubi Qafqazda hakim rolu bir qədər də artacaq. Bu səbəbdən rəsmi Ankara hər iki istiqamətdə fəallığını artırıb. Həm Ermənistanla danışıqlar prosesini canlandırmağa çalışır, həm də Dağlıq Qarabağ problemində irəliləyişə nail olmaq istəyir. Düzdür, hazırda müsbət nəticə yoxdur. Amma önəmli olan Ankaranın bu təşəbbüsləri davam etdirməsidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər