Ermənistan tərəfindən hazırlanmış siyasi təxribat
Millət vəkilləri hesab edirlər ki, Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edənləri ya özü cəzalandırmalı, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana təhvil verməlidir
Sentyabrın
22-də Türkiyədən olan bir qrup şəxs - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq
millət vəkili "Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı
və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın
təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Qrup üzvləri səfər
müddətində təşkil edilən tədbir və görüşlərdə anti-Azərbaycan, anti-Türkiyə
xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Təbii olaraq onların bu
addımı Azərbaycan və Türkiyə cəmiyyətlərində böyük narazılıqla qarşılanıb,
həmin şəxslər ciddi qınaq obyektinə çevriliblər. Bununla yanaşı, Azərbaycan Baş
Prokurorluğunda Dağlıq Qarabağa getmiş Türkiyə vətəndaşlarına cinayət işi
açılıb. Baş Prokurorluğun bu barədə yaydığı məlumatına görə, Türkiyə
vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu, E.Katırçıoğlu Ermənistanda və
Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub ölkəmizin
beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin
razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış
məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qəsdən keçiblər.
Onların Xankəndi
və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan
28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər
üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi
başlanıb. U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Cinayət
Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək
dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb
olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda
cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Türkiyə
vətəndaşlarının bu addımına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisinə - Dağlıq Qarabağa
qanunsuz səfər edən və orada ant-Aazərbaycan təbliğatı aparan şəxslərə ziyalı
deməyin qəbahət olduğunu vurğulayıb. Bildirib ki, bu səfər Ermənistan
tərəfindən hazırlanmış siyasi təxribatdır. Millət vəkilinin sözlərinə görə,
bunun arxasında Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən Ermənistan və
xaricdəki müəyyən dairələr dayanır: "Türkiyə hər zaman Azərbaycana qardaş ölkə
olub və iki ölkə arasındakı münasibətlər bütün dünyaya bəllidir: 80 milyonluq
Türkiyədə bir-iki nəfər belə xainin olması təbiidir. Türkiyə həmişə bütün
problemlərdə Azərbaycanın yanında, Azərbaycan isə Türkiyənin yanında olub. Bu
şəxslərin Dağlıq Qarabağa qanunsuz səfəri yalnız Ermənistanın və xaricdə
yaşayan erməni diasporunun təxribat xarakterli addımıdır. Bu hadisənin Türkiyə
dövlətinin mövqeyi olmadığını bilirik. Azərbaycanın Baş Prokurorluğu bu səfərlə
bağlı cinayət işi başlayıb və həmin şəxslərin qanunsuz hərəkətlərinə hüquqi
qiymət veriləcək. İnanıram ki, qardaş Türkiyə də bu məsələdə Azərbaycana dəstək
olacaq, həmin şəxsləri qısa müddətdə saxlayaraq Azərbaycana təhvil verəcək və
onlar Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar”.
Milli
Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş
redaktoru, politoloq Hikmət Məmmədov da Türkiyə
vətəndaşları olan bir qrup şəxsin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər
etməsini, bu barədə Türkiyə dövlətinin heç bir tədbir görməməsini təəssüflə
qarşılayıb. Qeyd edib ki, bu, ilk növbədə Türkiyə - Azərbaycan münasibətlərinə,
ölkələrimiz arasındakı strateji əməkdaşlıq ruhuna yaraşmır: "Türkiyədən olan
bir qrup "ziyalı”nın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinə səfər etməsi, təkcə Azərbaycanın əleyhinə deyil, həm də Türkiyə
əleyhinədir. Onlar orda öz ölkələrinin əleyhinə də fikirlər səsləndiriblər. Türkiyə
güclü dövlətdir və bu qanunsuz səfərlə bağlı mütləq tədbirlər görülməlidir. Bu
cür hərəkətlər, addımlar birinci dəfə deyil. Bilirik ki, bir neçə dəfə bəzi
türkiyəli jurnalistlər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə
səfər ediblər. Bu məsələnin bu şəkildə davam etməsi Azərbaycan ictimaiyyətində
haqlı olaraq çox ciddi hiddət doğurub. Azərbaycan ictimaiyyəti bu səfəri
şiddətlə qınayır. Ona görə də Türkiyə dövləti bu şəxslər haqqında ən ciddi
tədbirləri görməlidir”.
H.Məmmədovun sözlərinə
görə, münasibətlər hər şeydən öncə qarşılıqlı hörmət və beynəlxalq hüquqa
əsaslanmalıdır: "Azərbaycan bu məsələdə çox həssasdır. Çünki Azərbaycanın
əraziləri işğal olunub. Türkiyənin belə bir həssas, milli məsələsində
azərbaycanlılar buna bənzər addımlar atsa, tutaq ki, Azərbaycanın bir qrup
tanınmış şəxsi Cənubi Kipr Respublikasına səfər edir və orada müxtəlif görüşlər
keçirib anti - Türkiyə fikirləri səsləndirirsələr, görəsən Türkiyənin
münasibəti necə olar? Türkiyə özünü Azərbaycanın yerinə qoymalıdır və buna
əsasən də qərar qəbul etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarda, hər yerdə
hər zaman Türkiyəni dəstəkləyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni
hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti
cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu. Azərbaycan xalqı daim
Türkiyənin yanında olduğunu bildirir. Ona görə də Azərbaycan ictimaiyyəti, bu
qətiyyəti Türkiyədən gözləyir. Türkiyə ya o şəxsləri özü cəzalandırmalıdır, ya
da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana təhvil verməlidir.
Burada mütləq cəza tədbirləri görülməlidir ki, bir də belə hallar təkrar
olunmasın. Hazırkı vəziyyətdə Azərbaycan ictimaiyyəti bu məsələnin necə başa
çatacağını gözləyir. Ümid edirik ki, Türkiyə dövləti bu şəxsləri ciddi şəkildə
cəzalandıracaq”.
Rufik İSMAYILOV