• şənbə, 20 Aprel, 19:32
  • Baku Bakı 24°C

Ermənistan Suriyada mina təmizləyəcək?

17.09.20 13:00 471
Ermənistan Suriyada mina təmizləyəcək?
Hafiz Səfixanov: "Ermənistanın Suriyada mina təmizləmə missiyasında iştirak etməsi ABŞ-ı narazı salıb”
"Son günlər bəzi erməni saytları məlumat yayıblar ki, Echimiədzində yerləşən "Humanitar mina təmizləmə və ekspertiza” mərkəzində təlim keçmiş Ermənistanlı mina təmizləyənlərin növbəti – 6-cı qrupu Suriyaya gedəcəklər”.
Bu fikirləri Kaspi.az-a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirdi. Onun sözlərinə görə, bu məlumatı oxuduqda mina problemləri ilə məşğul olan hər bir insanın ağlına ilk gələn fikir "özünə umac ova bilmir, başqasına əriştə kəsir” məşhur atalar məsəli olur: "Belə ki, Ermənistan hökumətinin rəsmi məlumatına görə 5.7 km2 ərazinin minalarla çirkli olması təsdiq olunmuş və əlavə 3.8 km2 ərazidə isə minaların olması ehtimalı vardır. Ermənistanın 11 vilayətindən dördündə minalara rast gəlindiyi bildirilir. Aydın məsələdir ki, Azərbaycanla sərhəddə minalar vardır, Türkiyə ilə sərhəddə isə minalar hələ keçmiş SSRİ dövründə basdırılıb, Gürcüstanla sərhəd barəsində dəqiq informasiya verilmir. Rəsmi məlumatlara görə, 2017-ci ildən Ermənistanda mina təmizləmə əməliyyatları aparılmır.
"Gələcək imkanların qeyri-müəyyənliyi və maliyyə səbəbindən ümumiyyətlə Ermənistanda mina təmizləmənin son tarixi bilinmir”. Bu məlumat isə Ermənistan hökumətinin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hər il yenilənən "Landmine Monitor Report” layihəsinə verdiyi rəsmi məlumatlardır. Əgər həqiqətən də Ermənistan humanitar mina təmizləmə əməliyyatlarında səmimi iştirak etmək istəyirsə, minaların qadağan olunmasını nəzərdə tutan BMT konvensiyasına qoşulmasa da bu konvensiyadan irəli gələn məsələləri, birinci olaraq öz ərazilərini minalardan təmizləməklə insanlarının təhlükəsizliyini təmin etməli, piyadalar əleyhinə mina istehsalına və istifadəsinə son qoymalıdır”.
H.Səfixanov qeyd etdi ki, Ermənistanda istehsal olunan minalar bu gün Azərbaycanın işğal olunmuş ərazilərində istifadə olunur: "Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dəfələrlə üzərində Ermənistanda istehsal olunduğu bildirilən minaları zərərsizləşdirib. Məlumat üçün bildirim ki, BMT standartlarına uyğun humanitar mina təmizləmə əməliyyatı böyük maliyyə vəsaiti tələb edir. Bütün bunlardan sonra kasıb Ermənistanın Suriyada humanitar mina təmizləmə missiyasında iştirak etməsi Ermənistandakı mina təmizləmə mərkəzinin indiyədək əsas donoru olmuş ABŞ-ı narazı salıb. ABŞ müxtəlif proqramlar çərçivəsində Ermənistanda və onun işğal altında saxladığı Azərbaycan ərazilərində humanitar mina aksiyalarının həyata keçirilməsinə küllü miqdarda maliyyə vəsaiti ayırıb. İndiyədək bu vəsait Ermənistana ayrılıqda, Dağlıq Qarabağda fəaliyyət göstərən "Halo Trust” təşkilatına ayrıca verilirdi. Lakin son zamanlar verilən məlumatlarda bildirilir ki, ABŞ hökuməti bu maliyyə yardımlarını dayandırmaq qərarına gəlib və bu barədə Ermənistanı xəbərdar edib. Aydın məsələdir ki, ABŞ-ın belə qərar verməsinə səbəb onun patronajı altında olmayan bir missiyada heç bir maliyyə imkanı olmayan Ermənistanın başqa bir ölkənin yedəyində gedərək Suriyada humanitar mina təmizləmə əməliyyatında iştirak etməsidir.
Maraqlı bir vəziyyət yaranıb. Ermənistan maliyyə vəziyyəti imkan vermədiyinə görə öz ərazilərini minalardan təmizləyə bilmir, beynəlxalq donor ictimaiyyətindən kömək istəyir, amma Suriyada humanitar mina təmizləmə əməliyyatı həyata keçirməkdə iştirak edir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər