• cümə axşamı, 28 mart, 20:09
  • Baku Bakı 13°C

Ermənistan Rusiyaya düz-əməlli etiraz da edə bilmir

28.05.14 09:07 1252
Ermənistan Rusiyaya düz-əməlli etiraz da edə bilmir
Öz hərbi potensialını gücləndirən Azərbaycan Rusiya ilə daha bir iri silah sövdələşməsinə imza atıb. Rusiya nəşrləri yazır ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan “Bal-E” taktiki sahil raket komplekslərini almağa maraq göstərir. “Kommersant” qəzeti bu raketləri istehsal edən “Taktiki raket silahları” korporasiyasının baş direktoru Boris Obisnova istinadən xəbər yayıb. Onun sözlərinə görə, hələ konkret razılaşma əldə olunmayıb. Bununla belə, Azərbaycan tərəfi Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinə sahil raket komplekslərinin alınması üçün sorğu göndərib. Söhbət hələlik bir diviziyon “Bal-E” komplekslərindən gedir.
Bu raket komplekslərinin köməyi ilə Azərbaycan Xəzərdəki sahilyanı zonasının müdafiəsini möhkəmləndirmək niyyətindədir. Kremlə yaxın mənbənin bildirdiyinə görə, bu raket komplekslərinin Azərbaycana satılmasına dair ilkin razılıq artıq əldə olunub. Hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyası Azərbaycana “Bal-E” raketlərinin satılmasına icazə verib. Rusiya tərəfi bu silah sövdələşməsinə Ermənistanın neqativ reaksiyasını gözləmir. Çünki “Bal-E” raketləri dəniz məkanının müdafiəsi üçündür, Ermənistanın isə Xəzər dənizinə çıxışı yoxdur. Müqavilənin bağlanmasından sonra Azərbaycan dünyada “Bal-E” komplekslərinə malik üçüncü ölkə olacaq. Hazırda bu komplekslər ancaq Rusiyanın Xəzər donanmasının və Vyetnam silahlı qüvvələrinin sərəncamında var. Rusiya kompleksləri Liviyaya da satmağa hazırlaşırdı, ancaq 2011-ci ildə bu ölkədə baş verən inqilabdan sonra komplekslərin Liviyaya satışına qadağa qoyulub.
Məlumat üçün bildirək ki, “Bal-E” taktiki raket kompleksləri ərazi sularının və sahilyanı zonaların, hərbi-dəniz bazalarının və digər dəniz obyektlərinin, sahilyanı quru ərazilərinin desant təhlükəsi mövcud olan istiqamətlərinin müdafiəsi üçün nəzərdə tutulub. İlk dəfə komplekslər Rusiya donanmasına 2008-ci ildə verilib. “Bal-E” kompleksləri MZKT-7930 şassisinin üzərində yerləşən mobil sistemdən ibarətdir. Kompleksə özüyeriyən komanda və idarəetmə mərkəzi, gəmilər əleyhinə X-35 raketləri daşıyan buraxılış qurğusu daxildir. Kompleksin tərkibində raketləri qurğuya yükləmək üçün nəqliyyat-yükləmə maşını da var. Kompleks X-35 raketləri ilə 120 kilometr məsafədə hədəfi vura bilir, hər kompleks 8 belə raketlə təchiz olunub. Raketlər bir-birindən 3 saniyə intervalla buraxılır. Maksimal hərəkət sürəti şose yolda 60 kilometr, torpaq yolda 20 kilometrdir.
Qeyd edək ki, Azərbaycan son illər Rusiyadan milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alır. Bura 100 ədəd “T-90C” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən “Qaubitsa”lar və s. silah sistemləri daxildir. Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan Rusiyaya daha 100 ədəd “T-90C” tankı sifariş vermək niyyətindədir və bu barədə ilkin razılaşma var. “Rusiya Azərbaycana 100 ədəd “T-90C” tankı verib və bu qədər də satmağa hazırdır”. Bunu “Kadeks-2014” sərgisində jurnalistlərlə söhbətində Hərbi Texniki Əməkdaşlıq üzrə Federal xidmətin direktor müavini Konstantin Biryulin bildirib. Biryulin onu da deyib ki, Moskva ilə Bakı arasında Mi-171 və Mi-35 vertolyotları, zirehli döyüş maşınları və yüngül atıcı silahlar, minaatanlar və “Qaubitsa”lar alınması üzrə də danışıqlar aparılır.
Dərhal da bu sövdələşmə ermənilərin sərt reaksiyasına səbəb olub. Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana silah satmasına müsbət yanaşa bilmədiyini bəyan edib. S.Ohanyan bunu jurnalistlərə açıqlamasında Moskvanın Bakı ilə hərbi-texniki əməkdaşlığına münasibət bildirərkən deyib. “Ermənistanın strateji tərəfdaşı olan Rusiya şübhəsiz ki, ilk növbədə ölkəmizlə hərbi-texniki əməkdaşlığa önəm verir. Lakin Rusiya eyni zamanda müstəqil siyasət yürüdə bilər. Müdafiə naziri kimi buna müsbət yanaşa bilməsəm də, tənqid etmək hüququm da yoxdur” - deyə o vurğulayıb.
Ermənistanın Rusiyadakı səfirliyindən isə bildiriblər ki, Rusiya silahının Azərbaycana satılması regional təhlükəsizliyə ciddi təhlükədir.
Rusiya ilə Azərbaycan arasında silah sövdələşməsi barədə xəbərlər dərhal erməni və rus mətbuatının səhifələrində də yer alıb. Rusiya nəşrlərindən bəziləri “Rusiya Azərbaycanı niyə silahlandırır” sualı ilə çıxış ediblər. Onların gəldiyi qənaət bundan ibarətdir ki, Azərbaycan Rusiya silahı ilə silahlanmaqla müharibəyə hazırlaşır. Rusiyalı ekspertlər hesab edir ki, Azərbaycan əsas etibarilə Ermənistanla qarşıdurma səbəbindən silahlarının sayını artırır. Hərbi ekspert Pavel Felqenqauer isə bu qənaətdədir ki, Rusiya ilə Azərbaycan arasında silah sövdələşməsi Moskvanın Yerevanla münasibətlərinə təsirsiz ötüşməyəcək: “Lakin məsələ ondadır ki, əgər Rusiya Azərbaycana silah satmasa, onda qarşı tərəf bunu başqasından alacaq. Ermənilərə bu, xoş gəlməsə də, çıxış yolları yoxdur. Ermənilər də silah alır, özü də pulsuz. Belə ki, bizim ölkələr Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının üzvləridir”.
Azər Nuriyev
banner

Oxşar Xəbərlər