• cümə, 19 Aprel, 09:19
  • Baku Bakı 13°C

Ermənistan prezidentinin “çirkin rəqs”i

05.03.21 16:30 694
Ermənistan prezidentinin “çirkin rəqs”i
Paşinyan Sarkisyanı impiçment edə bilərmi?
Ermənistanda yeni trend, hakimiyyəti kökündən laxladan "saray intriqaları”dır. Və sözsüz ki, burada başlıca kombinator rolunda prezident Armen Sarkisyan çıxış edir. Məhz onun Ermənistandakı "səyləri” nəticəsində müxalifət və hakimiyyət arasında müharibə sistemli böhrana gətirib çıxarıb. Prezident artıq ikinci dəfə baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Niko Paşinyanın qərarına imza atmayıb. Beləliklə də, açıq şəkildə göstərir ki, siyasi intriqalarla məşğuldur. Nikol Paşinyanın zəif durumundan istifadə edərək öz hakimiyyətini möhkəmləndirməklə məşğuldur. A.Sarkisyanın bütün insinuasiyaları nəticəsində Ermənistan hökuməti çox ciddi böhrana sürüklənir. Sarkisyanın sayəsində Paşinyan məmuru vəzifəsindən qova bilmir və ciddi dilemma qarşısında qalıb.
Hakim "Mənim addımım” fraksiyasından olan bir sıra deputatlar artıq Sarkisyanın hərəkətlərində antikonstitusion əlamətləri görürlər. Onların qənaətincə, Paşinyanın qərarına imza atmamaqla bütün işləri, o cümlədən hökumətin işini şübhə altına alır. Bu səbəbdən də impiçmentə layiqdir. Bir faktı da qeyd edək ki, Armen Sarkisyan bu günədək sənədi imzalamayıb. Əgər onun ölkə konstitusiyasına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməsə, qanuna əsasən, baş nazirin fərmanı avtomatik olaraq qüvvəyə minir. "Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etməklə bağlı Baş nazirin sərəncamının konstitusiyaya uyğun olmadığına etiraz etmək üçün martın 4-nə qədər Konstitusiya Məhkəməsinə müraciət etməsə, faktiki olaraq konstitusiyanı pozacaq”. Bunu konstitusiya məsələləri üzrə erməni ekspert Aram Vardevanyan deyib. Onun sözlərinə görə, Ermənistan prezidenti tərəfindən sözügedən sərəncamla bağlı qərar qəbul etmək məsələsi üzrə üç günlük müddətin martın 1-dən hesablandığı daha öncə qeyd olunub. "Yəni martın 4-də sərəncamla bağlı müraciət Konstitusiya Məhkəməsinə təqdim olunmasa, hüququn qüvvəsi ilə sərəncam qüvvəyə minəcək”, - deyə Vardevanyan şərh edib.
Beləliklə, artıq ikinci həftədir ki, bir-birinin istefasını tələb edən Ermənistan siyasi və hərbi rəhbərliyi ümumi razılığa gələ bilmir. Yerevanın küçələrində münaqişə tərəflərinin mitinqləri davam edir. Paşinyanın istefasını tələb edən müxalif qüvvələr parlament binasının yerləşdiyi prospektdə çadırlar qurub, Paşinyan getməyincə, burada qalacaqlarını deyirlər. Yaranmış vəziyyət, siyasi icmalçı və politoloqlar tərəfindən siyasi böhran kimi səciyyələndirilir.
Mövcud durum 2018-ci il hakimiyyət dəyişikliyindən nə ilə fərqlənir? Qafqaz İnstitutu təhlil mərkəzinin direktoru, politoloq Aleksandr İsgəndəryan mövcud siyasi böhranın noyabrın 9-dan başlandığını deyir: "Lakin buna "inqilab” demək olmaz, Ermənistanda inqilab 2018-ci ildə olduğu kimi, yüz minlərlə insanın küçəyə çıxdığı məqamda uğurlu olur. Bu böhranın gözə çarpan xüsusiyyəti odur ki, nə müxalif qüvvələrin, nə də Paşinyanın tərəfdarlarının mitinqləri kütləviliklə seçilmir”. Təhlilçilərə görə, cəmiyyətin əksər hissəsində süstlük, laqeydlik, yorğunluq hiss olunur. İnsanlar küçəyə çıxıb iki il yarım ərzində ikinci dəfə "inqilab” etmək həvəsində deyil, çünki onlar nəyinsə dəyişməsinə heç bir imkan, perspektiv olmadığını görür.
"Kimin təsiri hazırda daha güclüdür - müxalifətin yoxsa ordunun” sualına İsgəndəryanın cavabı belədir ki, yüksək rütbəli hərbçilərin istefa tələbi etiraz hərəkatının mövcudluğu ilə bağlı qarışıq vəziyyətin tərkib hissəsidir: "Bunu üsyan da adlandırmaq olmaz, hərbçilər 15 dəqiqəyə tankları küçəyə çıxara bilər, lakin onlar bunu etmirlər. Digər tərəfdən, baş nazirin istefasına çağırış - ordunun siyasətə qarışmaması prinsipini pozmaqdır. Müxalifətə gəldikdə, onlar da hələ ki, dönüş yaradacaq miqdarda insan meydana çıxara bilmir. Paşinyanın hökumətinə qarşı kilsə də, universitet müəllim və professorları da, elmlər akademiyası da çıxış edib, bəzi icma və rayon başçıları etiraz olaraq vəzifələrini tərk edib, ölkə prezidenti növbədənkənar seçkilər keçirməyi təklif edib. Lakin küçədə yetərli sayda insan yoxdur”. Politoloqun sözlərinə görə, şüarlar da aydındır: "Qarabağ, ordu, məğlubiyyət sazişi, uduzulmuş müharibə və s. Lakin burada siyasi ritorikadan başqa bir şey yoxdur. İnsanlara bu, çox da təsir etmir. Onlar sadəcə "keçmişlərin” hakimiyyətə gəlmək niyyətlərini görür. 2018-ci ildə Paşinyan hakimiyyətə sosial, solçu ritorikası ilə gəlib: korrupsiya ilə mübarizə, oliqarxiya ilə mübarizə və s. İnsanların müəyyən bir qismi Paşinyanı, digəri müxalifəti dəstəkləyir, bunlardan qat-qat çoxu isə apatiya içindədir. Onlarda barrikadalara çıxmaq həvəsi yoxdur”.
Son məlumatlara görə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair razılaşma əldə olunmayıb. Bunu müxalif "Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəriEdmon Marukyan bildirib. Razılaşmanın əldə olunmasını qəlizləşdirən, Edmon Marukyanın hökumətə eyni zamanda iki şərt qoymasıdır. Marukyan bildirir ki, hakimiyyət həm erkən seçkilərə razılaşmalı, həm də Nikol Paşinyan Ermənistan silahlı qüvvələri baş qərargah rəisiOnik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair fərmanını geri götürməlidir. Nikol Paşinyanın hökuməti bu iki məsələnin bir-biri ilə bağlanmasına qarşıdır. Görünən odur ki, proseslər hələ uzun müddət gərginliyini saxlayacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər