• şənbə, 27 Aprel, 02:38
  • Baku Bakı 14°C

“Ermənistan prezidentinə qarşı müxalifətin birləşmiş gücü dayanır”

29.03.17 11:30 3015
“Ermənistan prezidentinə qarşı müxalifətin birləşmiş gücü dayanır”
Ermənistan prezidenti Serj Sarkisyan işğal altında saxlanılan Azərbaycan torpaqlarında keçirilən hərbi təlimlərin son mərhələsində iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər edib, "döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif edib” və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar verib. Ermənistandakı hərbi xunta rəhbərinin bu sayıqlamalarına, təxribatçı fikirlərinə Azərbaycan Müdafiə Nazirliyi dərhal tutarlı cavab verib. Paralel olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədarATƏT üzv dövlətlərinə, həmçinin ATƏT-in Daimi Şurasının sədrinə və ATƏT-in katibliyinə, eləcə də müvafiq təsisatlarına məktub ünvanlayıb. Son bir neçə gündə baş verən bütün bu hadisələrlə bağlı "Kaspi”nin suallarını politoloq Qabil Hüseynlicavablandırır.
- Qabil bəy, Ermənistanda daxili vəziyyətin gərgin olduğu bir vaxtda prezidenti S.Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, Dağlıq Qarabağ separatçıları qarşısında çıxış edərək ölkəmiz ünvanına hədə-qorxu gəlməsi nədən qaynaqlanır?
- Sarkisyanın Dağlıq Qarabağa qanunsuz səfər edərək oradan Azərbaycan ünvanına hədələyici tonda fikirlər səsləndirməsi bu adamın ilk növbədə intellektual səviyyəsini nümayiş etdirir. Təcrübəli, yetkin siyasətçi belə addım atmaqla özünü çətin vəziyyətə salmaz. Ən azından ona görə ki, bu, hərbi ritorikadır, müharibəyə çağırışdır. Bu davranışla o, öz ölkəsinin təcavüzkar dövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Digər tərəfdən, Sarkisyan indi olduqca gərgin vəziyyətdədir. Ona həm Kremldən, həm də ölkə daxilindən ciddi təzyiqlər var. Qarşıdan gələn parlament seçkilərində Serj Sarkisyana qarşı müxalifətin birləşmiş gücü dayanır. Həmin gücü təmsil edənlər kifayət qədər elektoral bazaya sahibdirlər. Əgər aprel seçkilərində saxtakarlıq olmazsa, proses hansısa gizli əlin işarəsi ilə idarə edilməzsə, Sarkisyanın uduzacağı gün kimi aydındır. Belə olan halda, Sarkisyan açıq təbliğat vasitələrindən istifadə edir, bütün mümkün kartlardan yararlanmağa çalışır. Təbii ki, bu təbliğatda ermənilərin həssas nöqtəsi Dağlıq Qarabağ, azərbaycanlılara olan kin və küdurətdir. Sarkisyan məhz bu kin-küdurəti alovlandırmaqla elektrol bazada müəyyən insanları özünə tərəf çəkməyə çalışır. Lakin bir qədər əvvəl söylədiyim kimi, bu zaman yanlışlığa yol verir və ölkəsinin təcavüzkarlığını rəsmi səviyyədə ortaya qoyur. Prezident statusu daşıyan adamın bu cür ucuz təbliğata əl atması qüsurludur. Ermənistanın sabiq baş naziri vaxtilə çirkli nüvə bombası ilə Azərbaycanı hədələdiyi kimi, indi də prezident Sarkisyan "İsgəndər” raketləri ilə bizə hədə-qorxu gəlir. Ancaq anlamır ki, Azərbaycanın hərbi potensialı Ermənistandan dəfələrlə üstündür və ölkəmizə qarşı hər hansı təhlükə, raket zərbəsi olarsa, buna ondan qat-qat ağır cavab veriləcək. Bu cavablar isə Ermənistan üçün öldürücü, məhvedici ola bilər. Azərbaycan bölgədə müharibənin alovlanmasını istəmir. Lakin hər hansı düşmən təxribatına, hücumuna hər an layiqli cavab verməyə hazırıq.
- Ermənistanın sabiq nazirləri Vardan Oskanyan, Seyran Ohanyan, həmçinin sabiq baş nazir Ovik Abramyan indi prezident Sarkisyan əleyhinə ittifaqda yer alıblar. Sarkisyan komandasını hər hansı səbəbdən tərk edənlərin dərhal müxalifətə keçərək prezidentə qarşı çıxmasına səbəb nədir?
- İndiyə qədər Ermənistanda keçirilən seçkilərdə "Qarabağ klanı”nın daxilində parçalanma olmayıb. İlk dəfə müşahidə olunan haldır ki, parlament seçkilərinə "Qarabağ klanı” ciddi parçalanmış halda gedir. Bu parçalanmış klan üzvləri yerli ermənilərin birləşmiş elektoratı ilə eyni hədəfə vurmağa çalışırlar. Bu vəziyyət Sarkisyanın indiyə qədər yürütdüyü siyasətin iflasa uğramasının, yarıtmaz idarəçiliyinin göstəricisidir. Ölkənin maddi rifah halı hədsiz dərəcədə aşağı düşüb, sənaye istehsalı yox dərəcəsindədir, mühacirət axını hər il daha da artır. Sarkisyanın yürütdüyü siyasi kurs nəticəsində Ermənistan öz suverenliyini tamamilə itirib, Rusiyanın quberniyalarından birinə çevrilib, dövlət alçaldılmış vəziyyətə gətirilib. Bu da nəinki sadə erməniləri, eyni zamanda hakim komandada təmsil olunanları da Sarkisyana qarşı çevirib.
- Sarkisyan əleyhinə ittifaqda yer alan şəxslərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibəti, baxışı necədir?
- Sabiq müdafiə naziri, azərbaycanlılara qarşı Xocalı soyqırımını törədən Seyran Ohanyan vaxtilə nümayiş etdirdiyi hərbi ritorikadan imtina edib. Düzdür, o, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması ilə barışmasa da, kompromislərə getməyin, barışıq yolunu tapmağın zəruriliyini vurğulayır. Bununla barışa meyilli siyasətçi təəssüratı yaratmağa çalışır. Keçmiş xarici işlər naziri Oskanyan daha praqmatik siyasi xəttin yürüdülməsi tərəfdarıdır. O, başa düşür ki, uzun müddət Azərbaycanla qarşıdurmada yaşamaq Ermənistan dövlətçiliyini süquta uğradacaq, yaxud da ölkəsi çox ciddi problemlərlə baş-başa qalacaq. Raffi Ovanesyan isə ABŞ vətəndaşlığı daşıdığına, həmçinin bu ölkədə böyüdüyünə görə, onun da baxışlarında millətçilik hisləri ciddi formada təzahür etmir. O, Qarabağ probleminin həllini Ermənistanın inkişafı və Qərbə inteqrasiyası üçün vacib element sayır. Raffi Ovanesyan digərləri ilə müqayisədə daha liberal, demokrat, barışa meyilli siyasətçi təsiri bağışlayır. Ancaq müstəqil blokda çıxış edən sabiq prezident Ter Petrosyanın komandası, seçkiqabağı platforması daha cəlbedicidir. Reallıqları dərk etməsi, Ermənistan üçün faydalılığı baxımından praqmatik rəy oyadır. Petrosyan Dağlıq Qarabağ probleminin Azərbaycanın təklif etdiyi kompromislər halında həllini qəbul edir, bunun Ermənistanın bu günü və gələcəyi üçün çox vacib olduğunu bəyan edir. Bu nöqteyi-nəzərdən, Ermənistan müxalifətinin çoxrəngli seçki kampaniyası içərisində əvvəllər olduğu kimi indi də Petrosyanın bəyanatları, vədləri bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün daha çox diqqət çəkir.
- Yenidən hərbi təlimlər və Sarkisyanın bəyanatına qayıdaq. Baş verənlər Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində bu ölkənin maraqlı olmadığını açıq-aydın göstərir. Belə olan halda ATƏT, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, eləcə də münaqişənin dinc yolla həllinə məsul olan Minsk qrupunun həmsədr ölkələri nə üçün işğalçı Ermənistana təsir və ya təzyiq göstərmir, hadisələrə yalnız seyrçi qalırlar?
- Ermənistan prezidentinin, həmçinin digər rəsmi şəxslərin hərbi ritorikası son bir neçə ay ərzində daha da artıb, dəyişib. Hərbi ritorikanı dəyişən amillər içərisində Sarkisyanın Moskva və Parisə səfərlərinin də rol oynadığı qənaətindəyəm. Fikrimcə, Rusiya və Fransa həmsədr dövlətlər olaraq problemin həllində ortaq mövqedən çıxış edirlər. Bu mövqe Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqedir. Düzdür, Fransua Olland naşılıq edərək "Artsax respublikası” ifadəsini işlətmiş, münaqişənin həllinə statusun müəyyən edilməsindən başlamağı doğru yol kimi qələmə vermişdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfəri oldu, Fransua Ollandın başının üstünü aldı, yol verdiyi səhvi onun öz dili ilə səsləndirilən bəyanatla düzəltdi. O baxımdan, həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər və bu, olduqca mühüm məsələdir. Ancaq son zamanlar münaqişə bölgəsində baş verənlərə, xüsusən də Sarkisyanın hərbi ritorikasına həmsədr dövlətlərin seyrçi qalması məni də təəccübləndirir.
- Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üçün iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda Moskvada bir araya gələcəyini bildirib. Baş tutacağı təqdirdə bu görüşdən müsbət nəsə gözləməyə dəyərmi?
- Xarici işlər nazirlərinin görüşməsi vacibdir. Çünki, bu zaman danışıqlar prosesinə yenidən start verilir. Eyni zamanda bu o deməkdir ki, Ermənistanın özünü naza çəkərək danışıqlara gəlməmək, bununla Azərbaycana təzyiq göstərmək niyyəti boşa çıxıb. Beynəlxalq qurumların, o cümlədən ATƏT-in Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsi istiqamətində gördüyü işləri qənaətbəxş hesab etməsəm də, hər halda ATƏT öz potensialından istifadə edə bilib, danışıqlar prosesinə yenidən start verilməsi ehtimalı yaranıb. Xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq prezidentlərin də bir araya gələcəyini düşünmək olar. Amerikalı həmsədr Riçard Hoqland son açıqlamaları ilə problemin həllinə dair 3 variantın hazır olduğunu və onlardan birinin tərəflərə qəbul etdiriləcəyinə eyham vurur. Lakin burada hər hansı yeniliyin, sensasiyanın olacağını düşünmürəm. Çünki, danışıqlar prosesində həmsədrlər prinsipiallıq nümayiş etdirmirlər. Xüsusən də Rusiyadan və Fransadan olan həmsədrlər prinsipiallıq göstərmirlər. Amerikalı həmsədr də vəziyyət barədə müəmmalı fikirlər səsləndirir. Ümumilikdə həmsədrlərin davranışlarında bir tərəfi müdafiə etmək, hadisələrə ikili standartlardan yanaşmaq cəhdləri də var. Bütün bunları təhlil edəndə xristian təəssübkeşliyinin ortada olduğu qənaətinə də gəlmək olur. Hansı ki, Sarkisyan da Minsk qrupunun həmsədr dövlətlərinin xristian olmasına arxayınlaşaraq, Dağlıq Qarabağa qanunsuz səfərində özünə tərəfdar toplamaq üçün Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandırıb, münaqişəyə dini çalar verməyə cəhd edib. Sarkisyan Dağlıq Qarabağ problemini xristian-müsəlman qarşıdurması kimi beynəlxalq aləmə təqdim etməyə, bununla xal toplamağa çalışır. Bu kimi səbəblərdən hələlik danışıqlar prosesini obyektiv, beynəlxalq hüquq normalarının diktə etdiyi axara salmaq xeyli çətin görünür. Amma xarici işlər nazirləri səviyyəsində danışıqların başlamasını müsbət hadisə kimi səciyyələndirmək olar.
- ABŞ-ın dövlət katibi Reks U. Tillerson Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib. Həm bu fikirlər, həm də amerikalı həmsədrin son açıqlamaları əsasında demək olarmı ki, rəsmi Vaşinqton problemin həllində aktivlik göstərmək qənaətinə düşüb?
- Mən də hesab edirəm ki, ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsində aktivliyi ələ almaq fikrindədir. Belə qənaətə gəlməyə sabiq amerikalı həmsədr Ceyms Uorlikin səsləndirdiyi fikirlər də əsas verir. O, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməklə bərabər, Ermənistanın işğalçı olduğunu, təcavüzkar dövlətin işğal altındakı ərazilərdən öz qoşununu geri çəkməsini dönə-dönə vurğulayır. Uorlik həmsədr olarkən diplomatik qaydaları aşa bilməmək səbəbindən söyləyə bilmədiyi fikirləri indi dilə gətirir. Bu onu göstərir ki, ABŞ Dağlıq Qarabağ probleminin anatomiyasını dəqiq bilir. Ancaq təəssüf ki, Amerika bunu bildiyi halda təcavüzkarı öz adı ilə çağırmaqda çətinlik çəkir. Ümid edək ki, ABŞ-ın yeni administrasiyası və amerikalı yeni həmsədr münaqişənin həllinə beynəlxalq hüquq normalarına söykənən yeni yanaşma tərzini mütləq nümayiş etdirməyə çalışacaq. Rusiya da dəfələrlə bəyan edib ki, problemin həllində Amerika ilə razılığın əldə edilməsi, ortaq fikrə gəlmək olduqca böyük əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, ABŞ-ın xeyir-duası olmadan Rusiya təkbaşına bu problemi həll edə bilməyəcək.
- Amerikalı həmsədr R.Hoqland münaqişənin həllinə dair dövriyyədə 3 mərhələli planın olduğunu vurğulasa da həmin sənədin detallarını açıqlamadı. Sizcə, bu həll planı nədən ibarətdir və o Azərbaycanın milli maraqlarına uyğundurmu?
- Fransua Ollandın, eləcə də Rusiyadakı müəyyən siyasi dairələrin Dağlıq Qarabağın statusunu ön plana çıxarmaq cəhdləri Amerika tərəfindən vurulmağa başlanılıb. ABŞ Dağlıq Qarabağ ətrafı 5 rayondan işğalçı qoşunun geri çəkilməsini birinci mərhələ adlandırır. Rəsmi Vaşinqton bunu dəfələrlə bəyan edib. Yeni həmsədr də bu fikri üstüörtülü formada təkrarlayır. İkinci mərhələdə iki rayonun boşaldılması və Dağlıq Qarabağın statusu məsələsi dayanır. Ancaq statusun müəyyən edilməsindən öncə bölgədən zorla köçürülən qaçqın və məcburi köçkünlər öz evlərinə qaytarılmalı, orada yaşayış üçün tələb olunan infrastruktur qurulmalıdır. Yalnız azərbaycanlıların bölgəyə qayıdışından sonra Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsindən danışmaq olar. ABŞ bu həll variantına tarixi ardıcıllıqla yanaşır və hesab edir ki, azərbaycanlıların bölgəyə qayıdışı təmin olunmadan böyük və möhkəm sülh sazişini əldə etmək mümkün deyil. Amerika əl altından Rusiyanın buradakı təsirlərini də zəiflətməyə çalışır. Çünki, Cənubi Qafqazda Amerikanın uzağa gedən ciddi strateji maraqları var. Bu maraqların təmin olunması üçün Cənubi Qafqazın lider dövləti Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmaq zəruridir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər