• şənbə, 20 Aprel, 02:51
  • Baku Bakı 15°C

“Ermənistan prezidenti papağını qarşısına qoyub fikirləşsin ki...”

14.12.16 13:33 1516
“Ermənistan prezidenti papağını qarşısına qoyub fikirləşsin ki...”
"Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır”. "Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan deyib. Bildirib ki, bu məsələ ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olub. İşğalçı ölkənin prezidenti həmçinin, Dağlıq Qarabağ sakinlərinin çətin dövrə hazır olmalı olduqlarını qeyd edib. Bu açıqlama haqda fikirlərini bölüşən ekspertlərin qənaəti budur ki, işğalçı ölkənin başçısı danışıqlardan qaçdığını dolayısı ilə etiraf edib. Bundan əlavə, o, çətin vəziyyətdə olduqlarını da dilə gətirmiş olub.

Millət vəkili Elman Nəsirov "Kaspi”yə açıqlamasında dedi ki, aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı prosesdə bir intensivlik müşahidə olunmağa başladı. Vyana və Sankt-Peterburq görüşləri bunun birbaşa təsdiqi idi: "Təəssüf ki, bu kəmiyyət intensivliyi keyfiyyət göstəricisində öz əksini tapa bilmədi. Bunun da məsuliyyəti ilk növbədə, Ermənistanın üzərinə düşür. Çünki o, cidd-cəhdlə çalışdı ki, vəziyyət dəyişməsin, status-kvo qorunub-saxlanılsın. Lakin bu niyyətin reallaşmasına görə məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür. Çünki onlar özləri buna şərait yaradırlar. Təbii ki, beynəlxalq ictimaiyyətin də üzərinə də böyük məsuliyyət düşür, onlar da bu vəziyyətə lazımi davranış nümayiş etdirmirlər. Nəticədə, indiki vəziyyət formalaşıb. ATƏT-in Minsk qrupunun həmsədrləri elə bir vəziyyətə düşüblər ki, nəinki prezidentlər səviyyəsində, heç xarici işlər nazirləri səviyyəsində də görüş təşkil etməyi bacarmırlar və Hamburqda planlaşdırılan, amma baş tutmayan görüş bunu bir daha təsdiqlədi. Bunu təbii ki, Ermənistan prezidenti də görür. Görür ki, onun cinayətkar əməlinə beynəlxalq birlik lazımi adekvat reaksiya vermir. O, cəzalandırılmır. Cinayətkar da cəzasız qalanda elə bəyanatlar verir ki, necə deyərlər, "dəymişin dura-dura, kalın tökülür”. Ermənistan prezidenti qeyd etməyib ki, danışıqların kəsilməsi məhz onların tutduğu mövqe ilə əlaqədardır. Onlar istəmirlər ki, danışıqlar olsun. Guya danışıqların Azərbaycanın mövqeyi ucbatından dayandığını göstərmək istəyirlər, beynəlxalq ictimaiyyəti yenidən aldatmağa çalışırlar. Reallıq isə başqadır. Azərbaycan münaqişənin həlli ilə bağlı sülh danışıqlarına hazırdır. Ölkəmizin ən böyük güzəştini prezident açıqladı. Bildirildi ki, biz Dağlıq Qarabağa Azərbaycanın sərhədləri çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırıq. Amma təəssüf ki, Ermənistan tərəfdən analoji bir davranışın, sülhpərvər bir addımın şahidi olmadıq”.

Millət vəkili bildirdi ki, Ermənistan hər zaman münaqişənin həlli ilə bağlı bir kövrək ümid yaranarkən növbəti təxribatlara əl atır ki, həmin ümidlər də tamamilə puç olsun. Bu baxımdan, 2016-cı ilin aprel ayından sonrakı bir neçə ay münaqişənin həlli ilə bağlı prosesdə intensivliklə yadda qalsa da, sonrakı aylar göstərdi ki, Ermənistan öz köhnə oyununu oynayır. Ən pisi isə odur ki, belə oyunun oynanmasına beynəlxalq müşahidəçilər şərait yaradırlar. Bu isə nəticə etibarilə, münaqişənin indiki vəziyyətinə gətirib çıxarıb: "Amma hər halda, aprel döyüşlərinin çox mühüm dərsi var. Bu da ondan ibarətdir ki, Dağıq Qarabağ münaqişəsi "dondurulmuş” deyil. Münaqişə istənilən an müharibəyə çevrilə bilər. Heç kim bunun müharibəyə çevrilməyəcəyinə təminat verə bilməz. Bu, aprel döyüşlərinin ən mühüm nəticəsidir. Təəssüf ki, bu reallıqlar fonunda Ermənistanın, ATƏT-in Minsk qrupunun, beynəlxalq ictimaiyyətin dırnaqarası fəaliyyəti sayəsində biz 2017-ci ilə bu münaqişə ilə daxil oluruq. Və 2017-ci ildə münaqişənin həlli ilə bağlı 2016-cı ildə elə də yaxşı fundament yaradılmadı. 2017-ci ildə Ermənistandan münaqişənin həlli ilə bağlı daha populist bəyanatlar, yeni-yeni təxribatlar gözləyə bilərik. Ən azı o səbəbdən ki, Ermənistanda 2017-ci il seçki ilidir və həmin seçkilərdə hakim Respublika Partiyasının lideri Sarkisyan ölkədaxili ictimai fikri aldatmaq, çaşdırmaq üçün populist bəyanatlardan eninə-boluna istifadə edəcək. Daxili auditoriyanı rahatlatmağa çalışacaq. 2017-ci ildə münaqişənin həlli ilə bağlı Ermənistan tərəfdən nə isə mütərəqqi ideya, nə isə bir güzəştli kompromis siyasət olacağına elə də böyük ümidlər yoxdur. Başqa bir həqiqət də ondan ibarətdir ki, Azərbaycan bütün bu müddət ərzində güclənmək strategiyasını həyata keçirməkdədir. Azərbaycan 2016-cı ildə 2015-ci ildən daha güclü idi, xüsusilə, hərbi baxımdan. 2017-ci ildə isə 2016-cı ildən də güclü olacaq. Qoy bundan Ermənistan tərəfi nəticə çıxarsın. Ermənistan prezidenti papağını qarşısına qoyub fikirləşsin ki, tutduğu bu yol nə vaxta qədər davam edə bilər? Bir gün gələr, vəziyyət kökündən dəyişə bilər. Elə bir vəziyyət yarana bilər ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dediyi kimi, Azərbaycan bu gün getdiyi güzəştlərə, sabah getməyə bilər. Bu reallığı gərək yaddan çıxarmasınlar”.

Politoloq Mübariz Əhmədoğlu da dedi ki, Sarkisyan özü danışıqlardan qaçır: "Ölkə başçımız həmişə deyib ki, Ermənistan prezidenti ilə görüşməyə, məsələnin sülh yolu ilə həllini tapmasına razıdır: "Danışıqlar prosesi sırf işğalçı ölkə üzündən dayanıb. Sarkisyan dayandırıb. Onlar işğal etdikləri torpaqları qaytarmaq istəmirlər. Sarkisyan həmin görüşdə başqa fikirlər də deyib. Dolayısı ilə bildirib ki, Ermənistanın vəziyyəti yaxşı deyil. Ələlxüsus da, ordu ilə bağlı. Ona görə də onları çətin vəziyyətin gözlədiyini gizlətməyib”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər