AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan parlament üsul-idarəsinə keçir?

Ermənistan parlament üsul-idarəsinə keçir?

Təfsilat
03 Sentyabr 2013, 09:27 1043
Ermənistanda siyasi gündəmini ölkənin üsul-idarəsinin dəyişdirilməsi ilə bağlı məsələlər tutub. Bəlli olan sensasion xəbər odur ki, hakim Respublika Partiyası ölkə konstitusiyasına dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edib. Ölkənin parlament respublikasına çevrilməsinə çalışan hakim partiya və bu istiqamətdə artıq müzakirələrə də başlayıb.

Parlamentin dövlət hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hakim Respublika Partiyasının icra komitəsinin üzvü D.Arutyunyan bildirib ki, müzakirələr yaxın vaxtlarda geniş formada davam edə bilər. O bildirib ki, bu barədə müzakirələr uzun müddətdir ki, aparılır və 2005-ci ildə ölkə Konstitusiyasına daxil edilən məsələlər qənaətbəxş deyil: “Artıq Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı fikirlər formalaşıb. Biz müəyyən təhlükələr görürük və bunun üçün Konstitusiyaya yenidən baxılmalıdır”. Hakim partiyanın üzvü bildirib ki, parlament idarəçilik formasına keçidlə yanaşı digər hakimiyyət modelləri də müzakirə olunur: “Əsas müzakirə mövzusu ondan ibarətdir ki, Ermənistanın geosiyasi və ölkədaxili mövcud durumunda hansı idarəçilik modeli daha effektiv olacaq”. D.Arutyunyan bildirib ki, bu ilin sonuna kimi müəyyən fikir formalaşana qədər müzakirələr davam etdiriləcək. D.Arutyunyan ümidvardır ki, müzakirələr bir neçə ay çəkəcək: “Əsas bunun üçün konsepsiyanın işlənib hazırlanmasıdır. Bu isə yeni ildən tez yaranmayacaq”. Qeyd edək ki, Arutyunyan istisna etmir ki, parlament üsul-idarəsinə keçid uğur gətirəcək: “Ermənistan Respublika Partiyasının siyahısına hazırkı prezident Serj Sarkisyan başçılıq edəcək və qələbə qazanılacağı təqdirdə ölkənin baş naziri olaraq ölkə idarəçiliyini həyata keçirəcək”. Qeyd edək ki, Serj Sarkisyan bundan əvvəl də hökumətə başçılıq edib. Belə ki, eks-prezident Robert Köçəryanın prezidentliyə dövründə baş nazir postunu tutub. Düzdür, onda baş nazir səlahiyyətləri o qədər də yüksək deyildi.

Ekspertləri isə hazırda bir sual düşündürür: Nədən indidən, parlament seçkilərinə iki ildən də çox qaldığı vaxtda, hakim partiya üsul-idarənin dəyişdirilməsi təşəbbüsünü ortaya atıb. Özü də prezident aprel ayında ikinci müddətə seçilib. Yəni tələskənlik nəyə lazım idi? Gözləmək də olardı. Bəziləri bu məsələni hakim partiyanın ictimai rəyi öyrənmək məqsədilə ortaya atıldığı qənaətindədir. Yəni bu mənfi qarşılanarsa, onda üstündən birdəfəlik xətt çəkilsin. Öz növbəsində erməni analitikləri bu qənaətdədir ki, hakimiyyət bununla özünü Avropaya yaxınlaşdırmaq məqsədi güdür. Qeyd olunur ki, rəsmi Yerevan o qədər bu təşəbbüsə vurulub ki, Rusiya ilə münasibətlərə zərər gətirmək bahasına addımlar atmaqda davam edir. Elə prezident Serj Sarkisyanın bu gün başlayan qəfil Rusiya səfəri də Rusiyanın könlünü almağa yönəlib. Lakin onun istəyinə çatacağı sual altındadır. Özünü Qərbyönümlü göstərmək istəyən Ermənistan Avropa Birliyi ilə sıx əməkdaşlıq qurmaq istədiyini bəyan edir. Bu yaxılarda isə Ermənistan AB-nin “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bağlı növbəti sazişə imza atacaq.

Erməni politoloq Aleksandr Markarov bu üsul-idarənin ölkəsində heç də yeni təşəbbüs olaraq ortaya atılmadığını, illər əvvəl bununla bağlı müzakirələrə başlandığını xatırladıb. “Belə bir təşəbbüs 90-cı illərdə başlayıb. Köçəryan hakimiyyətə gəldikdən sonra konstitusiyaya dəyişiklikləri həyata keçirildi. İndi də yenə bu yöndə siyasi müzakirələr start götürüb.

Hakimiyyət bununla qanunverici orqanla icra arasında münasibətlərdə yeni balans yaratmaq məqsədi güdür. Hakim partiyanın bu ideyanı ortaya atmaqla öz liderinə işlədiyini hamı gözəl başa düşür. Hakim partiya parlamentdə çoxluğa malikdir və bu üstünlüyü növbəti seçkilərdə də saxlamaq istəyir. Artıq sistem oturuşub və Sarkisyan rejimi hakimiyyət nəyin bahasına olursa-olsun saxlamaq istəyir. Bu səbəbdən də üsul-idarəni dəyişmək məsələsini ortaya atırlar” - deyə əlavə edib. Lakin erməni politoloq da bu məsələnin ortaya atılmasını tez sayır. Onun sözlərinə görə, bütün bunlar hələ ki, müzakirə formasında gedir: “Lakin Konstitusiya komissiyasının yaradılması və referendumun keçirilməsi məsələsi gələn il gündəmə gətirilə bilər. Respublika Partiyası daxilində bu məsələ ilə bağlı dəqiq müzakirələr aparılmayıb. Təkliflər səslənəcəyi təqdirdə, müzakirələr geniş xarakter alacaq”.

Ermənistan parlamentinin spikeri Ovik Abramyan isə bəyan edib ki, hələ ki, hakimiyyət orqanları prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçid məsələsini müzakirə etməyiblər. “İstənilən halda gəlin heç bir şeyi istisna etməyək. Lakin konkret olaraq prezident üsul-idarəsindən parlamentə keçid məsələsi müzakirə olunmayıb. Yadınıza salın ki, biz hələ prezident seçkilərindən sonra cənab Ovanisyana (“İrs” Partiyasının sədri) Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı yaradılan komissiyaya rəhbərlik etməyi məsləhət gördük. Belə bir komissiya Ermənistan prezidenti tərəfindən yaradılıb”. Spiker bildirib ki, komissiya siyasi partiyaların, ictimai təşkilatların, vətəndaş cəmiyyətindən gələn təklifləri nəzərə alacaq və hər bir problemi müzakirə mövzusuna çevirəcək. Ovik Abramyan bir etiraf da edib. Onun sözlərinə görə, mövcud idarəetmə üsul idarəsi öz funksiyalarının öhdəsindən gəlir və normal işləyir. Belə olan təqdirdə, niyə belə bir müzakirəyə başlanılır. “Biz əvvəldən də deyirdik ki, islahatlara ehtiyac duyuruq, o cümlədən Konstitusiya. Biz hələ baş nazirin müavinləri institutları üzrə islahatlara başlamalıyıq. Bir çox məsələlərin müzakirəyə ehtiyacı var”.

Azər NURİYEV