• şənbə, 20 Aprel, 07:19
  • Baku Bakı 14°C

Ermənistan ordusunda intiharların sayı bir az da artacaq

18.02.20 18:34 1703
Ermənistan ordusunda intiharların sayı bir az da artacaq
Ekspertlərin fikrincə, işğalçı ölkənin ordusundakı psixoloji mühit pisləşməkdə davam edəcək

Ermənistanda sosial-iqtisadi vəziyyətin, siyasi proseslərin gərgin olması orduya da təsirsiz ötüşməyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvar ayından bəri 13 erməni əsgəri qeyri-döyüş şəraitində ölüb. Bunun nəticəsi olaraq qondarma Qarabağ rejiminin "müdafiə naziri” istefa verib. Eyni zamanda, baş nazir Paşinyan Münxendən qayıtdıqdan sonra hərbi rəhbərliyi toplayaraq baş vermiş ölüm hallarının təhlil edilməsi istəyib. Çünki qeyri-döyüş şəraitində ölən erməni əsgərlərinin yaxınları Paşinyan hökumətindən bu ölümlərin səbəblərinin araşdırılmasının tələb edib. Bəs əslində Ermənistanda qeyri-döyüş şəraitində əsgər ölümlərinin artmasını şərtləndirən hansı amillər var?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, qeyri-döyüş şəraitində əsgər ölümlərinin artması Ermənistan üçün ciddi problemdir: "Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan Münxendən qayıdan kimi hərbi rəhbərliyi toplayıb baş verənləri ciddi şəkildə təhlil etməyə başlayıb. Əlbəttə ki, əsgər ölümləri məsələsində Ermənistan hakimiyyətinin günahı çox böyükdür. Çünki intihar bir neçə halda baş verir. Bunlardan biri psixoloji durumun adekvat olmaması ilə bağlıdır. Bu da onu göstərir ki, hərbi xidmətə psixi vəziyyəti adekvat olmayan adamları çağırırlar. İkincisi, Ermənistan erməniləri öz torpaqlarında yox, Azərbaycan ərazilərində xidmət edir. Əlbəttə ki, erməni əsgərlərinin durumuna bu da təsir göstərir. Çünki onlar Kəlbəcərdə, Zəngilanda kimi müdafiə edirlər? Digər tərəfdən, əsgərlərə hər hansı yardımlar göstərilmir, onlar faktiki olaraq başlı-başına buraxılıblar. Yaranmış vəziyyətdə intihar etmək Ermənistan ordusunda adi hala çevrilib. Proses bu cür davam edərsə, Ermənistan ordusunda intiharların sayı bir az da artacaq”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Ermənistan ordusunda qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayının artmasının səbəbləri var: "Bu məsələnin kökündə Ermənistanın işğalçılıq siyasəti dayanır. Eyni zamanda, bu gün Ermənistan ordusunda özbaşınalıq, nizamnamədənkənar qaydalar, "dedovşina” prinsip etibarı ilə nizam-intizama xidmət etmir və nəticə etibarı insan itkisinə gətirib çıxarır. Bir sözlə, neqativ ordunun düşdüyü neqativ vəziyyətdir. Səbəblərinə gəlincə, işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hərbi hissələrdə Ermənistandan olan ermənilər barədə danışarkən qeyd etmək lazımdır ki, onlar uşaq yaşlarından Qarabağ haqqında eşidirlər, münasibətləri neqativdir və bilirlər ki, bu ərazilər işğal olunub. Bundan başqa, valideynlərdə qorxu var ki, doğulan hər bir oğlan böyüyəndə Qarabağda hərbi xidmət keçəcək. Bu qorxu sonradan gənclərə keçir. Bu mühitdə böyüyən gənclər Dağlıq Qarabağ ərazisində xidmət etmə məcburiyyəti ilə üz-üzə qalanda psixoloji-sosial travma alırlar. Onu qeyd edim ki, hələ sovet dövründən Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər biri-birilərini qəbul etməyiblər. Bu gün işğal altındakı hərbi hissələrdə komandir heyətini böyük əksəriyyətini Dağlıq Qarabağda yaşayan ermənilər təşkil edir. O baxımdan Ermənistandan işğal edilmiş ərazilərə xidmət etməyə gələn ermənilər burada ciddi problemlərlə qarşılaşırlar. Eyni zamanda, qış fəslidir və bilirik ki, Ermənistan ordusunun təminatı çox aşağı səviyyədədir, problemlər var. Bu haqda ermənilər sosial şəbəkələrdə, mediada mütəmadi olaraq yazırlar. Belə çətin şəraitdə onsuz da problemi olan erməni əsgərlərinin psixoloji durumu daha da ağırlaşır. Təbii ki, bu ağır və acınacaqlı vəziyyətə dözə bilməyən gənc erməni əsgərləri intihar edirlər”.
Ş.Ramaldanov vurğuladı ki, yaranmış vəziyyətdən irəli gələrək Ermənistan cəmiyyəti, müxalifət, o cümlədən əsgər anaları daim Dağlıq Qarabağ məsələsini gündəmə gətirir: "Sağlam qüvvələr Dağlıq Qarabağ probleminin həllini tələb edirlər. Çünki problem həllini tapmadıqca Ermənistan ordusundakı qeyri-döyüş itkiləri davam edəcəkdir. Onu da qeyd edim ki, Azərbaycan ordusunun hərbi qüdrəti sirr deyil və ermənilər də internet vasitəsilə ordumuzun gücü, arsenalı, sahib olduğu hərbi texnikalar haqqında məlumat ala bilir. Nəticə etibarı ilə, bütün bu məlumatlar ermənilərdə qorxu yaradır. Çünki Azərbaycanın siyasi rəhbərliyinin qətiyyətli mövqeyi, haqq səsini qaldırması və "gec-tez biz öz torpaqlarımızı hansı yolla olur-olsun, azad edəcəyik” fikrini səsləndirilməsi göstərir ki, artıq gərginlik pik həddinə çatıb. Yəni, onlar da bilirlər ki, Azərbaycan anti-terror əməliyyatı keçirərək ərazi bütövlüyünü təmin etmək və işğal altındakı rayonları azad olunması istiqamətində hazırlıq işləri görür. Ermənistan ordusu isə peşəkarlıq məsələsində çox geri qalır. Biz bunu Rusiyada, Qazaxıstanda keçirilən hərbi yarışmalar zamanı açıq şəkildə müşahidə etdik. Əlbəttə ki, peşəkarlıq az olanda qeyri-döyüş şəraitində itkilərin olması gözləniləndir. Ordu cəmiyyətin güzgüsüdür və Ermənistandakı siyasi, iqtisadi və digər sahələrdəki problemlər istər-istəməz orduda da özünü göstərir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər