• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

Ermənistan ordusunda əsgər çatışmazlığı

24.10.17 09:45 2344
Ermənistan ordusunda əsgər çatışmazlığı
Cəbhə xəttində 2016-сı ilin aprel ayında baş verən hərbi toqquşma nəticəsində beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin "dondurulmuş münaqişə” olmadığının fərqinə vardı. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri anladılar ki, problem birdəfəlik həll olunmayana qədər regionda müharibənin yenidən başlanması an məsələsidir.
Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin real gücünü, peşəkarlığını, qabiliyyətini, vətənpərvərliyini bütün dünyaya bir daha göstərdi. Ordumuzun düşmən qüvvələri üzərində hərtərəfli üstünlüyə malik olduğu əməldə də təsdiq olundu. Azərbaycan ictimaiyyəti Silahlı Qüvvələrimizə dəstək olmaq məqsədilə hər an silaha sarılmağa, hərbçilərimizlə çiyin-çiyinə düşmənə qarşı vuruşmağa hazır olduqlarını bəyan etdilər. Lakin Silahlı Qüvvələrimizdə şəxsi heyət, kadr baxımdan çatışmazlıq özünü göstərmədiyi üçün hansısa mülki vətəndaşın tələm-tələsik ordu sıralarına cəlb edilməsinə ehtiyac qalmadı. İndinin özündə də buna ehtiyac duyulmur. Çünki, Azərbaycanın döyüş qabiliyyətinə malik, yüksək mənəvi-psixoloji durumu olan nizami ordusu var. Ordumuzda hərbi qulluqçu, əsgər, zabit, ümumiyyətlə kadr çatışmazlığı problemi yoxdur.
Ancaq düşmən Ermənistanda vəziyyət belə deyil. Öncə onu xatırladaq ki, Azərbaycandakı demoqrafik göstəricilərə görə, ölkə əhalisinin sayı 10 milyon nəfərə çatmaqdadır. Ermənistanda isə rəsmi rəqəmlərdə ölkə əhalisinin sayının 3 milyona yaxın olduğu bildirilir. Əgər Serj Sarkisyan rejiminin ölkəni ötən illər boyu fəlakətə sürükləməsini, insanların kütləvi şəkildə Ermənistanı tərk etməsini, yerli qeyri-hökumət təşkilatlarının bununla bağlı səsləndirdiyi rəqəmləri nəzərə alsaq, orada 1,5 – 2 milyon insan ancaq yaşayar. İşğal altında saxlanılan Azərbaycan ərazilərində, o cümlədən Dağlıq Qarabağda ermənilərin sayından ümumiyyətlə danışmağa dəyməz. Təbii ki, bütün bunlar Ermənistan ordusunda, eləcə də qondarma rejimin Azərbaycanla təmas xəttində yerləşən hərbi-hissələrində, səngərlərində şəxsi heyət çatışmazlığı ilə özünü büruzə verir. Aprel döyüşləri həm də bu həqiqətləri tam çılpaqlığı ilə üzə çıxardı. Azərbaycan ordusunun yalnız ön xətdə yerləşən hərbi birləşməsinin düşmən təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum qarşısında Ermənistan hərbçiləri davam gətirə bilmədi, geri çəkildi, strateji yüksəklikləri əldən verdi. Həmin vaxt Ermənistan siyasi rəhbərliyi Azərbaycan ordusu qarşısına yetərli sayda hərbçi çıxara bilmədiyi üçün keçmiş döyüşçüləri, veteranları, din xadimlərini, qoca-cavan demədən əli silah tutan hər kəsi səngərlərə səslədi. Sonradan bunu geniş ictimaiyyətin orduya dəstəyi kimi qələmə versələr də, Ermənistan ordusundakı şəxsi heyət çatışmazlığı göz önündə idi.
Bu günlərdə Ermənistan mediasında yer alan növbəti xəbər düşmən ordusundakı real mənzərəni bir daha nümayiş etdirir. Beləki, MDB ölkələri İnstitutunun Yerevan filialının direktoru Aleksandr Markarovun iştirakı ilə keçirilən tədbirdə Dağlıq Qarabağdakı qondarma rejimə tabe olan hərbi-hissədə xidmət keçən və aprel döyüşlərinin iştirakçısı olan 3 tələbəyə təqaüd təqdim olunub. Ermənistan vətəndaşı olan Erik Çerunyan, Koryon Simnoyan və Sosu Movsisyan aprel döyüşlərində iştirak etməklə bərabər, təhsildəki göstəricilərinə görə bu təqaüdə layiq görülüblər. Guya ki, erməni gənclərində vətənpərvərlik ruhunu artırmaq məqsədi daşıyan bu addımla Ermənistan siyasi rəhbərliyi növbəti dəfə özünü ifşa edib. Bir daha sübut edib ki, Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı var və mülki vətəndaşlar, hətta ali təhsil alan tələbələr də orduya cəlb edilir. Digər tərəfdən, Ermənistan vətəndaşı olan tələbələrdən separatçı rejimi müdafiə etmək üçün istifadə olunması Dağlıq Qarabağ probleminin əsas mahiyyətini yenidən gündəmə gətirir. Hər kəsə bəlli olur ki, Azərbaycan ərazilərini işğal edən də, bu gün Dağlıq Qarabağ "respublikası” və "ordusu” adı altında ölkəmizlə müharibə aparan da Ermənistandır.
Onu da əlavə etmək yerinə düşər ki, aprel döyüşlərindən sonra Ermənistan ordusu yeni döyüş əməliyyatlarının başlaması riskinə qarşı təmas xətti boyu mövqelərini möhkəmləndirməyə çalışır. Lakin bunun üçün kifayət qədər canlı qüvvə yoxdur və postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkün olur. Ermənistan vətəndaşları bir çox hallarda Qarabağda xidmət etməkdən bütün mümkün üsullarla yayınmağa çalışırlar. Ona görə də Aleksandr Markarov və başqaları müxtəlif şirnikləndirici vasitələrə əl ataraq, Ermənistan gənclərini Qarabağda xidmət keçməyə həvəsləndirirlər. Ancaq bəzi hallarda bu istiqamətdə yalnız şirnikləndirici, həvəsləndirici tədbirlərə deyil, məcburiyyətə də əl atılır. Misal üçün, Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvə çatışmazlığı Ermənistan Müdafiə Nazirliyini cari ilin sentyabr ayında yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib. Qanun layihəsinə əsasən, ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Mövcud qanunvericiliyə əsasən, dövlət hesabına pulsuz ali təhsil alanlar təhsil müddətini başa vurana qədər hərbi xidmətdən möhlət hüququ qazanırdı. Lakin Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə əsasən, təhsilini davam etdirmək üçün ancaq o tələbələr hərbi xidmətdən möhlət hüququ qazanacaqlar ki, onlar paralel olaraq nazirliklə müqavilə bağlasın və təhsil müddəti ərzində hərbi hazırlıq keçsin. Təhsili başa vurandan sonra isə nazirliyin təklif etdiyi yerdə və təklif etdiyi şərtlər əsasında hərbi xidmətə yollansın. Əslində bu, tələbələr üçün Qarabağda xidməti bəribaşdan seçmək deməkdir. Həmin tələbələr ali təhsili başa vurduqdan sonra Ermənistan ordusunda 3 il zabit kimi xidmət etməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər