• cümə, 19 Aprel, 14:24
  • Baku Bakı 25°C

Ermənistan növbəti bahalaşmaya hazırlaşır

02.05.15 04:38 1150
Ermənistan növbəti bahalaşmaya hazırlaşır
Qondarma soyqırımı şousundan sonra gündəlik həyatlarına qayıdan ermənilər yenidən problemlərin məngənəsinə düşüblər. Bahalıq, işsizlik və korrupsiya qorxusu onlara dünənlə deyil, bu gün və sabahla yaşamağın zəruriliyini anlatmağa başlayıb. İqtisadiyyatı tamamilə Rusiyadan asılı olan forpost ölkə Rusiyadakı maliyyə böhranının acılarını hiss etməkdədir.
Çətinlik özünü enerji məsələlərində də göstərməkdədir. Artıq yayılan xəbərlərə görə, Metsamor Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin uzadılması üçün işlərin reallaşdırmasına görə ölkədə elektrik enerjisinin qiymətləri yüksələcək. Bunu energetika və təbii sərvətlər nazirinin müavini Areq Qalstyan keçən ilin dekabrında Moskvada imzalanmış Ermənistan ilə Rusiya hökuməti arasında Atom Elektrik Stansiyasının istismar müddətlərinin uzadılması məsələsində əməkdaşlıq haqqında razılaşmanı ölkə parlamentinə təqdim edərkən söyləyib. O, həyəcan təbili çalaraq məlumat verib ki, işlər iki mərhələdə reallaşdırılacaq və o zaman proqramın bütövlükdə dəyərinin nə qədər olduğu aydın olacaq. Əgər hər şey sağ-salamat keçsə, Atom Elektrik Stansiyasına 2026-cı ilə qədər istismar üçün lisenziya veriləcək. Bu isə real görünmür. Onun açıq etiraf etdiyi kimi, həqiqətən də proqramın reallaşdırılması real deyil, çünki buna ölkənin iqtisadi və maliyyə imkanı yol vermir.
A.Qalstyan deyib ki, yeni enerji blokunun tikintisi üzrə işlərə hələ başlamayıblar: “Ermənistan bu işlərə məcbur edilib. Qüvvədə olan enerji blokunun istismar müddəti 2016-cı ilin sonunda başa çatır, sonra ölkənin energetika sistemində defisit problemi yaranacaq. İlkin hesablamalara əsasən, bunun üçün 270 milyon dollar tələb olunur. Bunun 30 milyon dollarını Rusiya qrant kimi verəcək. Kredit vasitələrinin cəlb edilməsi və onların sonrakı ödəməsi tarifləri artıracaq. Biz bu yükü qaldırmaq gücündə deyilik”. Nazir bildirib ki, ölkədə elektrik enerjisinin 1 kVt/saat üçün azı 2,5 dram bahalaşması qaçılmazdır.
Aydındır ki, digər sahələrdə olduğu kimi, elektrik enerjisi qiymətinin də artımı onsuz da bərbad gündə olan Yerevanın “qranlıq gecələrini” uzadacaq, əhalinin ölkədən qaçması prosesini daha da sürətləndirəcək. Bu isə indiki hakimiyyətin gələcək fəaliyyəti üçün dumanlı məqamlar yaradır.
“Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyanın dəstəsi əhaliyə növbəti dəfə zərbə vurur. Belə ki, bu il iyulun 1-dən etibarən elektrik enerjisinin qiymətlərini 6 dram bahalaşdırır. Bu barədə “Joxovurd” qəzeti yazıb. Bildirilir ki, “Ermənistan Elektrik Şəbəkələri” şirkəti istehlakçılar üçün elektrik enerjisi tariflərinin 6 dram artırılması üçün ictimai xidmətlərin nizamlanması üzrə Dövlət Komissiyasına müraciət etmək niyyətindədir. Şirkətin mətbuat katibi Natalya Sardjanyan deyib ki, bu məsələ hələlik müzakirə mərhələsindədir. Amma yaxın vaxtlarda şirkət qiymətlərin artırılması barədə müraciət edəcək. Belə ki, gizli mənbədən qəzetə məlum olub ki, şirkətin rəhbərliyi gələn həftə tariflərin artırılması haqqında müraciəti göndərəcək. Yəni indidən proqnozlaşdırmaq olar ki, elektrik enerjisinin qiyməti iyulun 1-dən bahalaşacaq. İlkin informasiyaya görə, elektrik enerjisinin gündüzlər 1 kVt/saatı üçün yeni tarif 48 dram, gecə isə 38 dram təşkil edəcək.
Ekektirk enerjisi ilə yanaşı, ölkədə qazla da bağlı vəziyyət ürəkaçan deyil. Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Ermənistana verilən qazın qiymətinin aşağı salınacağını bildirib. Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını nəzərə alaraq bu addımı atıb. Amma buna baxmayaraq, Ermənistanın daxili bazarında qazın tarifləri dəyişməz qalacaq. Bu barədə “Qazprom Armeniya” şirkətinin mətbuat katibi Şuşan Sardaryan bildirib. O, istehlakçılara verilən qazın qiymətinin aşağı salınmamasına don geyindirib və deyib ki, əhaliyə satılan qazın tariflərində dəyişiklik olmayacaq: “Biz dəfələrlə bəyan etmişik ki, şirkətimiz valyutaların dəyişən kursları səbəbindən ciddi zərərə düşüb. İndi qüvvədə olan tariflər əsasında 1 dollar 416 dram səviyyəsindədir. Mərkəzi Bankın bugünkü məzənnəsinə baxdıqda isə rəqəm əhəmiyyətli dərəcədə fərqlənir”.
Beləliklə, Ermənistan üçün 1000 kubmetr qazın qiyməti 165 dollar təşkil edəcək. Əvvəl isə 1000 kubmetr qaz 189 dollara satılırdı. Ermənistan hakimiyyətinin qiymətin aşağı düşməsini istehlakçılara da şamil etməməsi əhali arasında narazılıqla qarşılanıb. Ekspertlər isə bildiriblər ki, bu, Serj Sarkisyan hakimiyyətinin növbəti blefi, vətəndaşları aldatmağa yönəlmiş fəaliyyətinin nəticəsidir. Əgər Rusiya qazın qiymətini aşağı salırsa, avtomatik olaraq əhaliyə və istehlakçılara satılan qazın qiymətində azalma müşahidə olunmalı idi. Amma bu ölkədə hər şey əksinə baş verir.
Öz növbəsində, Yerevanda çıxan “İrates de facto” qəzeti “Ermənistanın hakim partiyasında qiyam yetişir” başlıqlı məqalə ilə çıxış edib. Yazıda bildirilir ki, yarıtmaz iqtisadi siyasət ölkədə narazılıq dalğasını gücləndirib. Məqalədə xüsusi vurğulanır ki, ölkədə ictimai, siyasi və iqtisadi vəziyyət, indiki şəraitdə həyata keçirilən yanlış idarəetmə hakimiyyətin sonunu yaxınlaşdırır. “İndi ölkədə iqtisadi vəziyyət daha da pisdir. Bunu dünyada baş verən böhranla əlaqələndirənlər yanılırlar. Kim Respublikaçılar Partiyasına şikayət edir, onları yalandan inandırırlar ki, bütün bunları anlayırlar və ölkənin ali rəhbərliyi yaxın vaxtlarda öz siyasətində dəyişikliklərə əl atacaq. Ancaq yaxın zamanlarda siyasi planda kadr dəyişikliyinin və iqtisadi islahatların reallaşdırılması mümkün görünmür”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər