• cümə, 19 Aprel, 03:11
  • Baku Bakı 18°C

Ermənistan niyə nala-mıxa vurur?

16.05.17 11:30 863
Ermənistan niyə nala-mıxa vurur?
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu tərəfindən dəfələrlə görüşlər keçirilib. Soçi, eləcə də Paris görüşlərindən sonra Ermənistan danışıqlardan geri çəkilsə də, son olaraq Moskvanın təşəbbüsü ilə xarici işlər nazirləri görüşdülər. Lakin bu görüşün nəticəsiz yekunlaşacağı əvvəlcədən bəlli idi.Bu günlərdə Minsk qrupu həmsədrlərinin iyunda Ermənistana və Azərbaycana səfər edəcəkləri xəbərinə münasibət bildirən Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan deyib ki, bu səfərdən sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər. O qeyd edib ki, danışıqların alternativi yoxdur, onu davam etdirmək lazımdır. Maraqlıdır ki, Ermənistanın hər vəchlə danışıqlardan uzaq qalmağa çalışdığı bir vaxtda bu ölkənin XİN rəhbərinin "danışıqların alternativi yoxdur” fikrini səsləndirməsinin arxasında nə dayanır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib ki, Ermənistan ötən ilin aprel hadisələrindən sonra mövqeyini bir neçə dəfə dəyişib: "Gah danışıqlara qeyd-şərtsiz razı olduğunu, problemin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirdi, gah prezidentlər səviyyəsində danışıqlardan imtina etdi və Azərbaycanla heç bir danışığa getməyəcəyini qeyd etdi. İndi isə yenidən danışıqlara alternativ olmadığını deyir. Sadəcə olaraq, Ermənistan hakimiyyəti danışıqlardan imtina etdikdən sonra dünyanın sərt reaksiyasını və bu fonda Azərbaycanın diplomatik sahədəki uğurlarını gördü. Hiss etdi ki, danışıqlardan imtina etməsi ilk növbədə Ermənistanın özünə çox böyük zərbədir. Azərbaycan isə problemin hansı yolla həll etməsinin fərqinə varmır. Ölkəmiz həm danışıqlar, həm də hərbi yolla öz torpaqlarını işğaldan azad etmək əzmindədir və hər iki variant üzərində ciddi işlər aparılır. Ermənistanda isə vəziyyət kökündən dəyişilib. Özünü izoliyasiya səviyyəsinə çatdırması, iqtisadiyyatının zəifləməsinə, büdcənin kiçilməsinə və ümumilikdə hərbiyə ayrılan vəsaitin minimal səviyyəyə düşməsinə səbəb olub. Beynəlxalq aləmdə də Ermənistana hər hansı bir dəstəkdən söhbət gedə bilməz. Ənənəvi olaraq bu ölkəyə simpatiya bəsləyən dövlətlərdə də Ermənistanın hərəkətinə qarşı çox sərt reaksiyalar var”.

A.Mirzəzadənin sözlərinə görə, Ermənistanın danışıqlara qayıtması hiss edilir: "Amma bunun özü də bir aldadıcı gedişdir. Belə ki, Ermənistan əsas məsələ - torpaqları işğaldan azad etmək istəmir. Nalbandyanın bəyanatı sadəcə vaxt udmaq, diplomatik manevr etmək məqsədi güdür. Ancaq Azərbaycana danışıqlar naminə danışıqlar lazım deyil”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, əslində ermənilər bu danışıqların münaqişənin həllini sürətləndirmədiyini, status-kvonu uzatdığını bilirlər: "Bu sadəcə, imitasiyadır. Xarici işlər naziri Elmar Məmmədyarov da açıqlama verib ki, danışıqlar xatirinə danşıqlarda iştirak etməyəcəyik. Son Moskva görüşü nəticəsiz qaldı və düşünürəm ki, bu görüş əhəmiyyətsiz idi. Gələcək görüşlərdə bizim rəsmilər gərək iştirak etməsinlər. Çünki danışıqlar uzanır, işğalçıya təzyiq yoxdur. Həmsədrlər iyun aynda bölgəyə səfər planlaşdırırlar. Onların iki məqsədi var. Biri odur ki, tərəflər atəşkəsə riayət etsin. İkinci məqsədləri isə prezidentləri görüşdürməkdir. Amma nə atəşkəsə nail ola bilirlər, nə də prezidentlərin görüşü baş tutur. Atəşkəsə ona görə nail olunmur ki, danışıqlarda irəliləyiş yoxdur. Prezidentlərin görüşünün alınmamasının səbəbi isə həmsədrlərin, nazirlərin görüşlərində irəliləyiş əldə edilməməsindən irəli gəlir. Hansısa yeni təkliflər yoxdur ki, prezidentlər onu müzakirə etsin. Ona görə də Ermənistan rəsmiləri müxtəlif vaxtlarda belə açıqlamalar verirlər. Gah deyirlər danışıqlara qatılmayacaqlar, gah da qatılacaqlarını deyirlər. Əslində bunlar özbaşına qərar vermirlər, birbaşa Kremldən asılıdırlar. Ermənilər aprel savaşından sonra deyirdilər ki, danışıqlar mənasızdır. Amma elə ki, Rusiya rəsmiləri Ermənistan rəhbərini Moskvaya çağırdılar, o da sakitcə görüşlərdə iştirak elədi”.

E.Şahioğlu əlavə edib ki, Ermənistana ultimatum verməyin vaxtı gəlib çatıb: "Ermənilər artıq işğal altındakı Azərbaycan ərazilərində infrastruktur layihələrinə başlayıb. 20 ildir heç nə etmirdilər, amma indi bunu edirlər. Demək, kimsə ermənilərə təminat verib. Fikrimcə, bunun qarşısının alınmasının yeganə yolu ultimatum verilməsidir. Konkret müddət qoymalıyıq ki, bu müddətdə mərhələli həll planı əsasında Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmasaz, bunun nəticəsi ilə hesablaşmaq məcburiyyətində qalacaqsınız”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər