• cümə, 29 Mart, 11:29
  • Baku Bakı 5°C

Ermənistan İranın dini təəssübkeşliyindən sui-istifadə edir

20.04.17 19:02 1120
Ermənistan İranın dini təəssübkeşliyindən sui-istifadə edir
Son dövrlər Ermənistan KİV-lərində Azərbaycanın işğal altında olan ərazilərindəki bəzi dini abidələrin özbaşına təmir olunması və tarixi Şuşa məscidinin ətrafında qanunsuz arxeoloji qazıntıların aparılması ilə bağlı informasiyalar yayımlanır.
Eyni zamanda, Şuşa şəhərində yerləşən və erməni vəhşiliyindən zərər çəkmiş dini abidələrdən biri olan "Gövhər Ağa” məscidinin təmir olunması üçün Ermənistan ilə İran İslam Respublikasının "Part Saman Jahan Co” şirkəti arasında razılaşmanın əldə edilməsi İran mətbuatında da müzakirə olunan mövzulardan biridir. Qeyd olunur ki, layihə "İran-Ermənistan Dostluq Assosiasiyası”nın dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki,Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə yanaşı, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natavanın evi, karvansaray kimi abidələr dağıdılıb, talan olunub. Ağdam məscidi vandalizm objektinə çevrilib. İşğal olunmuş digər ərazilərdə də, dini ibadətgahlar və məscidlər yerlə yeksan edilib. Ümumilikdə götürdükdə isə ermənilər tarixi Azərbaycan torpaqlarındakı 300-dən artıq məscdi yer üzündən siliblər. Mart ayının 21-də qondarma "DQR”–də keçirilən mətbuat konfransında çıxış edən separatşı rejimin "iqtisadiyyat nazirinin müavini” Sergey Şahverdiyan jurnalistlərə bildirmişdir ki, Şuşa şəhərindəki "Gövhər Ağa” məscidi təmir olunur və bu abidə Azərbaycan yox, İran mədəniyyətinə məxsusdur. Şahverdiyanın sözlərinə görə Qarabağa gələn turistlər "Gövhər Ağa” məscidinə böyük maraq göstərirlər və onlar "DQR”-də İslam dininə məxsus abidlərin qorunub saxlanıldığının hətta təmir edildiyinin şahidi olurlar.
Görünür, ermənilər ATƏT-in faktaraşdırıcı missiyasının Azərbaycanın işğal altında olan ərazilərinə iki dəfə səfər edərək, buradakı dini-mədəni abidələrin dagıdıldığını təsdiqləməsindən və Azərbaycanın bu məsələni beynəlxalq müstəvidə müzakirəyə çıxarmasından möhkəm təşvişə düşüblər.
Buna görə də, Ermənistan höküməti "Gövhər Ağa” məscidini təmir etməklə özünün beynəlxalq aləmdə korlanmış imicini təmizləməyə çalışır. Aydındır ki, Ermənistan tərəfindən məscidin təmirinin İran şirkətinə həvalə olunması, Azərbaycanın zəngin tarixi-mədəni irsinə məxsus abidələrini farslaşdırmaq və İranla Azərbaycan arasında nifaq yaratmaq məqsədlərini daşıyır. Ermənistan eyni zamanda Azərbaycana məxsus abidələrin tarixi-arxitektur üslubunu, mənşəyini dəyişmək, bununla da tarixi saxtalaşdırmaq kimi çirkin məqsədlərini İranın vasitəsilə reallaşdırmağa çalışır. Məscidin bərpasını öz üzərinə götürən İran şirkəti "Part Saman Jahan Co” isə İslam dövlətində fəaliyyət göstərməsinə baxmayaraq, görünür şirkət maraqlarını həm İslam dünyasının, həm İran İslam Respublikasının maraqlarından daha üstün tutur.
Maraqlıdır ki, İranın müvafiq qurumları adı keçən şirkətə xəbərdarlıq etməkdənsə, məsələni inkar etməklə məsğuldurlar. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İranın Bakıdakı səfiri C. Cahangirzadənin 5 aprel saat 13:00 da nazirliyə dəvət edilməsi və məsələ ilə bağlı yaranmış narazılığın onun diqqətinə çatdırılması faktı nədənsə İran mətbuatı tərəfindən təkzib olunur, bu dövlətin müvafiq orqanları isə susmağa üstünlük veirlər.
Yaxşı olardı ki, İran tərəfi İslam dininə məxsus abidələrə qarşı ən iyrənc hərəkətlər etməkdən çəkinməyən, müsəlmanlara qarşı soyqırım aktı həyata keçirən erməni işğalçılarının İran-Azərbaycan münasibətlərini korlamaq cəhdlərinin qarşısını almaq üçün ən azı Azərbaycan qədər səy göstərsin.
O ki qaldı Gövhər Ağa məscdinə, onsuz da Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etdikdən sonra oradakı məscidləri, ziyarətgahları və digər dini abidələri təmir və bərpa edərək, onları əsl sahiblərinin-Azərbaycan əhalisinin istifadəsinə verəcək.
AzNews.az
banner

Oxşar Xəbərlər