• cümə, 29 Mart, 10:35
  • Baku Bakı 5°C

Ermənistan iqtisadi kollaps vəziyyətindədir

06.10.17 10:00 1604
Ermənistan iqtisadi kollaps vəziyyətindədir
Ermənistanın dövlət borcu ölkədə ən aktual mövzulardan biri olaraq qalır. Artıq ən yüksək səviyyələrdə ölkənin xarici təşkilatlara və dövlətlərə borcunun fəlakət həddinə çatdığı barədə həyəcan təbili çalınır. Hökumətin iclasından sonra maliyyə naziri Vardan Aramyan bildirib ki, gələn ilin sonlarına kimi ölkənin dövlət borcu 7 mlrd. dolları ötəcək. Gələn il üçün dövlət büdcəsini təqdim edən nazir burada xərclərin 1 trln. 464 dram, gəlirlərin isə 1 trln. 307 mlrd. dram nəzərdə tutulduğunu bildirib. Xərclər gəlirləri təqribən 157 mlrd. dram ötəcək və bu kəsiri ödəmək üçün hakimiyyət yenidən böyük həcmdə - 300 mln. dollar borc götürməli olacaq.
Nazir əlavə edib ki, dövlət borcu Ermənistanın ümumdaxili məhsulunun 70 faizindən çoxunu təşkil edəcək. Vardan Aramyan ümidvardır ki, bütün bunlara baxmayaraq ölkəni defolt gözləmir. Onun qənaətincə, ölkə borcun öhdəsindən gələcək. Lakin müxalif "Erməni Milli Konqresi” Partiyasının nümayəndəsi, iqtisadçı Vaaqn Xaçatryan bildirir ki, Ermənistan iqtisadiyyatı sürətlə artan dövlət borcunun öhdəsindən gəlmək iqtidarında deyil. İqtisadçının sözlərinə görə, tək bu il borcun faizlərini ödəmək üçün 300 mln. dollar gərəkdir. Növbəti il bu rəqəm 307, 2019-cu ildə 344, 2020-ci ildə isə 1 mlrd. dollara yaxın olacaq. A.Xaçatryan bildirib ki, Ermənistan hakimiyyəti 2020-ci ilə qədər yığılıb qalacaq borcu ödəmək iqtidarında olmayacaq. Bütün bunların fonunda isə ölkədə sosial-iqtisadi durum xeyli ağırlaşacaq.
Hərbi xunta isə bütün bunların fonunda hərbi xərcləri artıra-artıra gedir. Erməni saytları yazır ki, Ermənistanın müdafiə nazirliyi gələn il yeni silahlar alınmasına əlavə 46 milyon dollardan çox vəsait ayırmaq fikrindədir. Ölkənin müdafiə naziri Vigen Sarkisyan deyib ki, 2018-ci ilin büdcə layihəsində müdafiə xərcləri məhz bu məqsədlə təxminən 55 milyon dollar artırılıb. Amma nazir hansı ölkələrdən və hansı yeni silahlar alınacağına aydınlıq gətirməyib, təkcə onu deyib ki, silahları hərbi paradda nümayiş etdirmək istəyir. "Mümkün silah alınmasından danışmaq mənasızdır. Birincisi ona görə ki, bu bütün prosesi çətinləşdirir, ikincisi isə, öz perspektiv planını açıqlamaq rəqibə buna qarşı vasitə tapmaq imkanı verir”, - deyə Sarkisyan deyib. Ermənistan silah alınması ilə bağlı ən böyük müqaviləni sonuncu dəfə ötən ilin əvvəlində imzalayıb. Yerevanın strateji müttəfiqi olan Moskva ümumilikdə Rusiyadan götürülmüş 200 milyon dollarlıq kreditə Ermənistana bir sıra yeni növ silahlar satmağı vəd edib. Amma mənbə yazır ki, bunun üstündən təxminən iki il vaxt ötməsinə baxmayaraq, bu silahların verilməsi hələ ki, başa çatdırılmayıb. Sarkisyan Rusiyanın yaxın vaxtlarda bütün silahları verəcəyini vurğulayıb: "Müqavilələrdə nəzərdə tutulduğu kimi, 200 milyon dollarlıq silahların verilməsinin bu ilin sonunda yekunlaşdırılacağı gözlənilir”.
Öz növbəsində keçmiş baş nazir Qrant Baqratyanın sözlərinə görə, maliyyə nazirinin xarici borc barədə hesabatları mütəxəssislərin və digər qaynaqların, xüsusən də Mərkəzi Bankın qənaətlərindən fərqlənir. Q.Baqratyanhesab edir ki, Ermənistan 4-5 ildən sonra Yunanıstanın gününə düşəcək – müflislik həddində olacaq, çünki öz dövlət borcunu bağlaya bilmir, çünki borc əvvəlki illərdə dəfələrlə artıb, iqtisadiyyat isə yerində sayır. Müxalif "Ermənistan Milli Konqresi”Partiyasının iqtisadiyyat komissiyasının rəhbəriVaan Xaçatryanisə bildirib ki, ölkənin iqtisadi strukturu elədir ki, hətta dövlət borcunun 25-30%-lik səviyyəsi də təhdidli rəqəmdir, çünki son beş ildə investisiyaların fəlakətli tənəzzülü müşahidə edilir: "Dövlət borclarını bağlamaq üçün müvafiq iqtisadiyyatmız yoxdur”.
Ekspertlər təkcə dövlət borcunun sürətli artımından deyil, həm dəborcun iqtisadi artımı üstələdiyindən narahatdırlar ki, bu da təşvişli siqnaldır.İqtisadçı Vilen Xaçatryanın sözlərinə görə, dövlət borcu hər ay, demək olar, 40-50 milyon dollar çoxalır, ilin axırında 8 milyard dollara çatacaq. Ekspertlər inkişaf proqramının olmadığı, iqtisadiyyatda durğunluq, investisiyaların önəmli azalması kimi amillərin ümumi fonunda hesab edirlər ki, Ermənistanın dövlət borcu ölkənin iqtisadi durumunu təhlükə altında qoyur. Bəzi ekspertlər güman edirlər ki, Ermənistan ödəniş qabiliyyətsiz ola bilər, çünki kreditləri iqtisadiyyatın inkişafı məqsədilə deyil, yığılmış borcları ödəmək üçün götürür.
Azər
banner

Oxşar Xəbərlər